BolgeXeber.Com » Analitika » Səs-küylü intihar haqda yeni məlumatlar

Səs-küylü intihar haqda yeni məlumatlar

24-06-2015, 12:50
Oxunub: 1 162 Səs-küylü intihar haqda yeni məlumatlarXəbər verdiyimiz kimi, iyunun 20-də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı Məzahir Cəfərov intihar edib

Onun asılmış vəziyyətdə olan meyitini Nəsimi rayonu, Həsən Əliyev ünvanında aşkarlayıblar.

İstintaqçılar ilkin olaraq M.Cəfərovun özünü asması ehtimalını irəli sürüblər. Hazırda iş üzrə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

Yaxınları 1964-cü il təvəllüdlü Məzahir Cəfərovun intiharına ağır xəstəlikdən irəli gələn psixoloji durumun səbəb olduğunu göstəriblər.

BOLGEXEBER.COM “Yeni Müsavat”a istinadən xəbər verir ki, mərhumun adının qalmaqallı cinayət işində keçməsi, onun iş üzrə əsas fiqurantlardan olması digər ehtimalların, söz-söhbətlərin də yaranmasına səbəb olub. Mərhumun külli miqdarda borca görə özünü öldürməsi də dolaşan xəbərlər sırasındadır. Oxuculara onun adı “Sahil D” kompleksi işindən tanışdır. “Bizim Yol” qəzetinə müraciət edən iş adamı İlham Qasımov ortağı Sahib İbrahimovu Bakı Əyləncə Mərkəzində birlikdə inşa etdirdikləri 4 binadan ibarət kompleksin tikintisinə sərmayə qoymadığı halda mənzilləri təkrar sataraq pulunu mənimsəməkdə təqsirləndirirdi. Bildirirdi ki, S. İbrahimov onun xəbəri olmadan müəssisənin kassasından 8 milyon 250 min manat pul götürüb, bununla yanaşı, 200 mənzili təkrar fərqli adamlara satıb. S.İbrahimov isə ortağının ittihamlarını rədd edir, mübahisəli kompleksə 16 milyon 625 min dollar sərmayə yatırdığını, ona çatacaq əmlak payının məhkəmə vasitəsilə bərpa edildiyini bildirirdi. “Sahil D” MTK-nın direktoru vəzifəsində çalışan M.Cəfərov şərikli biznesdə maliyyə işlərinə nəzarət edirdi.

S.İbrahimov və İ.Qasımovun ortaqlığının sonu olaraq bir mənzilin bir neçə nəfərə satılmasında imzası olan M.Cəfərov saxlanılıb, Kürdəxanıdakı istintaq təcridxanasına göndərilmişdi. S.İbrahimov məhkəməni ortağına uduzandan sonra Rövşən Əliyev küçəsindəki hər biri 24 mərtəbəli 4 binadan ibarət “Sahil D” kompleksi İ.Qasımovun nəzarətinə keçdi. İ.Qasımov məhkəməni qazanıb mübahisəli kompleksi türk iş adamlarına dövr etməklə yaxasını tamamilə bu işdən qurtardı. Məlumatlara görə, “STS” şirkətinin direktoru vəzifəsini icra edən M.Cəfərovun satdığı mənzillərin pulunu S.İbrahimova verdiyi barədə imzalı, möhürlü sənədləri olub. İlkin istintaqda M.Cəfərovun pulları mənimsədiyi sübut olunmayıb. Hər halda, o, müvəqqəti olaraq sərbəst buraxılıb.

Bu dəfə S.İbrahimovun qaynı “Sahil D Kompany” MMC-nin təsisçisi Taleh Abdullayev saxlanıldı. Vətəndaşlara çatacaq 71 mənzilin S.İbrahimovun, 15-ə yaxın mənzil isə T.Abdullayevin üzərində olduğu bildirilirdi. Yəni evlərin satılmasında T.Abdullayevin də imzası olub. İ. Qasımov M.Cəfərovun günahsız olduğunu bildirir, “İbrahimovların özlərini qorumaq üçün onun həbsində maraqlı olduqları”nı söyləyirdi. Özü M.Cəfərova vəkil tutub, müdafiə işlərini üzərinə götürməklə onun azadlığa çıxmasına nail də oldu. S.İbrahimov isə M.Cəfərovu heç vaxt sözdə müdafiə etməyib, əksinə, “kimliyindən asılı olmayaraq hər kəs etdiyinə görə cəzasını almalıdır”, deyə məsələni belə şərh edirdi.

Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, “STS” və “Sahil D Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı zamanı M.Cəfərovun qeyd edilən şirkətlərin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etdiyi bəlli olub.

Beləliklə, özgənin əmlakını ələ keçirmək məqsədilə “Sahil-D Company” MMC tərəfindən paytaxtın Xətai rayonunda inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı satılmış və tam ödənişi aparılmış mənzilləri saxta sənədlər əsasında yenidən ayrı-ayrı şəxslərə satmaqla cəmi 4 milyon 458 min manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib. Bu barədə şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Vətəndaşlara vurulmuş maddi ziyanın 1 milyon 242 min manatının istintaq dövründə ödətdirilməsi təmin edilib. Nəhayət, mart ayında cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

M.Cəfərov azadlığa çıxandan sonra onunla telefon əlaqəsi saxlayan “Bizim Yol” qəzeti əməkdaşına müsahibə verəcəyini demişdi. Yəni mətbuata deyəcək sözü vardı. Amma suallara telefonla cavab vermək istəməmişdi. Bütün faktlar onun əleyhinə idi, 2 maddə ilə təqsirli bilinirdi. Amma o maddələr üzərindən götürülsə də, başqa birinin üzərinə qoyulmadı. T.Abdullayev də hazırda azadlıqdadır. Bu işdə heç kim həbsdə qalmadı. Yəni pullarını ödədilər, azadlıqda qaldılar.

M.Cəfərovun ölüm faktı üzrə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İntiharında mərhumun yaxınları keçirdiyi ağır xəstəlikdən irəli gələn psixoloji durumu səbəb kimi göstərir.

İş adamı, “Real LTD” şirkətinin sahibi İ.Qasımov da qəzetə müsahibə verib. Deyib ki, onun M.Cəfərovun onunla heç bir ortaqlığı olmayıb, o, sadəcə, şirkətdə direktor olub.

İ.Qasımov M.Cəfərovun xəstəliyinin gizli saxlandığını da açıqlayıb: “Məzahirin başında xərçəng vardı, bu məsələni atası, bacısı, bir də qaynı Nazim müəllim bilirmiş, başqa heç kimə deməyib. Onun əvvəllər də baş ağrısı vardı. Yadınızdadır, siz görüşmək istəyəndə dedi ki, xəstədir. Həm də bu, onlarda irsidir. Onun bir bacısı 20 yaşında, gəlinləri də 24 yaşında özlərini asıblar. Yəni bu məsələ irsi olub, başında da xərçəng olduğunu biləndə kiməsə əziyyət vermək istəməyib. Ola bilər ki, mənzil məsələləri üzündən psixoloji durumunda problemlər yaranıbmış, amma o işlərdən qurtardığını dəqiq bilirəm”.

“Problemlərin xəstəliyinə təsiri necə, sizcə, ola bilərdimi” - sualına İ.Qasımovun cavabı belə olub: “Heç bir əlaqəsi yoxdur. Hər kəsə çatacaq vəsait ödənmiş, bütün işlər həll olunmuşdu. Hər şey artıq qurtarmışdı, qətiyyən həbs olunma ehtimalı yox idi”.

İ.Qasımov bir daha M.Cəfərovun xəstəlik səbəbindən özünü öldürdüyünü qeyd edib: “Hamısı artıq bilir ki, onun başında xərçəng olub və bu səbəbdən intihara əl atıb. Həm də dediyim kimi, ailədə özünü asan üçüncü adam olub”. İ.Qasımov deyib ki, M.Cəfərov həbsdən çıxandan sonra daim onunla bir yerdə olub, şirkətdə direktor işləməyə davam edib. O, şirkətdəki yeyintilərlə bağlı zərərçəkənlərə vurulan ziyanın iş məhkəməyə gedəndən sonra onun əvəzindən Sahib İbrahimovun ödədiyini açıqlayıb. Deyib ki, pulları Sahib İbrahimovun şirkəti ödəyib.

“Mətbuatda ilk olaraq belə rəy yarandı ki, bu məsələyə görə intihar edib, ortada külli miqdarda ödənməyən borclar vardı, hüquqi məsuliyyətindən başqa bir də ödəmələr onun üzərində qalmışdı. Həm də söhbət milyonlardan gedirdi” sualına İ.Qasımovun cavabı belə olub: “Bizneslə bu işin heç bir əlaqəsi yoxdur. İş buna qədər bitmişdi. Hər kəsin evi ödənmişdi, ödənəcək vəsait qalmamışdı”.

Göründüyü kimi, M.Cəfərovun adı əsas fiqurant kimi keçdiyi işdə mərkəzi şəxs kimi Sahib İbrahimovun adı hallanır. “Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı S.İbrahimovla əlaqə saxlayıb. O, baş vermiş hadisədən sonra bir daha həmin söhbətlərə qayıtmaq istəmədiyini deyib.