BolgeXeber.Com » Analitika » Cəmiyyətin sağalmaz yarası – yaltaqlıq...

Cəmiyyətin sağalmaz yarası – yaltaqlıq...

27-06-2015, 10:12
Oxunub: 3 598 Cəmiyyətin sağalmaz yarası – yaltaqlıq...Psixoloq: “Bu, irsən keçən bir xəstəlikdir və arxasında da qorxu dayanır”

Bu gün istər dövlət işlərində, istər özəl sektorlarda, istərsə də siyasət alanında, bir sözlə, istənilən sahədə yaltaq insanlara rast gəlmək mümkündür. Son vaxtlar yaltaqlığın gənclər arasında da geniş vüsət alması bunu sanki bir yoluxucu xəstəlik adlandırmağımıza əsas verir.

Ümumiyyətlə, yaltaqlığın olmasının ən əsas səbəblərindən biri məhz mənfəət əldə etmək duyğusudur. Yaltaq adamın əsas xüsusiyyəti əslində zəngin olmadığı halda zəngin kimi yaşaması, imkanları olmadığı halda bahalı paltarlar geyməsi, lüks evlərdə ömür sürməsi və ailəsi maddi cəhətdən çətin vəziyyətdə olduğu halda özünün zəngin mühitdə yaşamasıdır.
Yaltaqlar bu imkanlara özlərinə hədəf seçdikləri şəxslərin dalınca gəzməklə sahib olmaq istəyirlər. Özlərinə dost seçdikləri bu insanın pulundan, çevrəsindən, evindən, avtomobilindən və sahib olduğu hər cür imkandan faydalanaraq yaşayırlar. Bunun qarşılığında isə yaltaqlandığı insanın hər işini görmək, onu tərifləmək, nəfsini razı salmaq, özünə olan etibarını möhkəmlətmək kimi vəzifələri olur.

Maraqlıdır, cəmiyyətimizin sağalmaz yarasına çevrilən bu yaltaqlığın qarşısını necə almaq olar, yoxsa söhbət əbədi problemdən gedir?

Psixoloq Dəyanət Rzayev yaltaqlığın bir xəstəlik olduğunu və irsən keçdiyini dedi: “Bəzən facebook sosial şəbəkəsində də görürük ki, hansısa bir şəxs dəyərsiz, heç bir əhəmiyyət daşımayan insana yaltaqlanmağa başlayır. Quranda yazılıb ki, heç kimi tərifləməyin, çünki Allahdan başqa heç kim tərifə layiq deyil. Əgər Quranda Allah-Təala bunu deyibsə, biz kimik ki, buna riayət etməyək?! Yaltaqlığın arxasında qorxu dayanır. Bu həyatda qorxudan pis heç nə yoxdur. Bəzən də görürük ki, insanlar mənasız yerə başlayırlar yaltaqlanmağa və tərifləməyə. Yaltaqlıq daha çox şərq insanına, müsəlman ölkələrinə xas olan bir şeydir. Biz tənqidə təhqir kimi yanaşırıq. İnsan bilə-bilə ki, yaltaqlandığı adam ona heç nə etməyəcək, amma yenə də məhz daxilində olan qorxuya görə yaltaqlanır. Yaltaqlıq bizim insanlarda alkoqolizm, narkomaniya kimi zərərli bir vərdişə çevrilib”.

Psixoloq yaltaqlığın daha çox savadsız insanlara xas olduğunu bildirdi: “Bunun da arxasında primitiv qorxu, primitiv düşüncə dayanır. Savadsız insanlar özlərinə belə hesabat verə bilmirlər ki, mən bunu niyə etdim. Hansısa savadlı insan da kimisə tərifləyib yaltaqlanırsa, bilin ki, onunda arxasında mütləq nəsə durur və həmin şəxsdən umacağı nələrsə var. Bəzən televiziyada da görürük ki, verilişə hansısa rayondan, kənddən zəng edib aparıcını və ya müğənnini tərifləməyə, ona yaltaqlanmağa başlayırlar. Mən hərdən müşahidə edib görürəm ki, bizdə hər şey yaltaqlığın üzərində qurulub. Bəzən simic olan hansısa biznesmenə belə elə yaltaqlanırlar ki, adam məəttəl qalır.

Bu insandan sənə bir xeyir gəlməyəcəyini bilə-bilə niyə boş yerə yaltaqlanırsan?

Yaltaqlanmaq həm də boş-boş danışmaqdır. Yaltaqlıq rəsmi də olmasa mən onu bir xəstəlik adlandırardım. Yaltaq insanları heç vaxt heç kim sevməyib. Qədimdə padşahların, kralların da yanında həmişə yaltaqlar olub. Amma padşahlar onlardan yalnız özlərinə xarizma yaratmaq üçün istifadə ediblər. Amma onları heç vaxt adam yerinə qoymayıblar. Ona görə də deyirəm ki, yaltaqlıq bir xəstəlik, ”infeksiya"dır. Bu “infeksiya” da atadan övlada, nəvəyə və s. keçir. Buna görə də çalışmaq lazımdır ki, yaltaqlıqdan uzaq olaq".

Günel MANAFLI