BolgeXeber.Com » Analitika » Daşkəsənin dəmir filizi: Milyardlarla dollar risk altındadır

Daşkəsənin dəmir filizi: Milyardlarla dollar risk altındadır

29-06-2015, 13:13
Oxunub: 3 381 Daşkəsənin dəmir filizi: Milyardlarla dollar risk altındadır“Qara metallurgiyanın qara günləri” silsiləsindən...

Azərbaycanda sənayenin digər sahələrindən fərqli olaraq heç cür dirçəlmək bilməyən və ən qalmaqallı sahəsi hesab olunan qara metallurgiya sənayesinin problemləri çoxşaxəlidir. Ötən buraxılışlarımızdabu sahənin problemlərindən bəhs edən araşdırmaları və müsahibələri dərc etmişdik.

Qeyd etmək lazımdır ki, Azərbaycanda qeyri-neft sənayesinin inkişafı strategiyası çərçivəsində metallurgiya sənayesinin kompleks inkişafı üçün də səylər göstərilir. Ötən il bu məqsədlə səhmləri dövlətin mülkiyyətində olan “Azərbaycan Polad İstehsalı Kompleksi” ASC (ASPC) yaradıldı. Məqsəd Azərbaycanda illik istehsal gücü 1-1.2 milyon ton olan, tam istehsal dövrəsinə malik metallurgiya kompleksinin formalaşdırılmasıdır.

Və bu kompleksin yaradılmasında əsas rol Daşkəsənin dəmir filizi yataqlarının üzərinə düşür. Axı Azərbaycanda metallurgiya təkcə tullantı xammalına əsaslanmalı deyil və ancaq sanballı filiz ehtiyatlarına malik ölkələr rəqabətədavamlı metallurgiyanın yaradılması haqda danışa bilərlər. Bu amili nəzərə alaraq dövlət mülkiyyətində olan Daşkəsən filiz yataqları yeni yaradılan kompleksə verildi. (Bir vaxtlar isə Daşkəsən yataqlarına “BakuSteelCompany” güclü maraq göstərirdi, lakin yataqları bu şirkətə vermədilər)

Bəs 1956-ı ildən kəşf olunan və SSRİ-nin dağılmasından sonra yaranan bir neçə illik fasiləni nəzərə almasaq uzun müddətdir istismar olunan Daşkəsən filiz yataqlarının nə qədər ehtiyatı var? Bu ehtiyatlara arxalanıb yeni metallurgiya kompleksinin yaradılmasına milyardlarla dollar investisiya yatırmağa dəyərmi?

ASPC-in yaradılması üçün əsas götürülmüş məlumatlara görə Daşkəsən yataqlar qrupunda sübut olunmuş ehtiyatların həcmi 270 milyon tondur. Bu filizin tərkibi orta hesabla 40 faiz dəmirdir, yəni yataqlarda 100 milyon ton təmiz dəmir var. Deməli bu ehtiyatlar Azərbaycanda yaradılacaq metallurgiya kompleksini 80-100 il ərzində xammalla təmin edə bilərdi. Hər halda optimist hesablamalarda belə deyilir.



Lakin Yaponiyanın “MarubeniProtechsCorporation” şirkətinin araşdırması tamam fərqli vəziyyəti və rəqəmləri ortaya çıxarıb. Şirkətin hesabatına əsasən Daşkəsən filiz yataqlarında ehtiyatların həcmi SSRİ Metallurgiya Sənayesi Nazirliyinin 1955-ci və 1976-cı ildə işləyib hazırladığı protokollara əsaslanır. Protokollarda sovet geoloqlarının Daşkəsən yataqlarında apardığı kəşfiyyat işlərinin nəticələri əks olunmuşdu.

Daha sonra Azərbaycanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi bu yataqlarda araşdırma aparıb, həmin araşdırmaların nəticəsinə dair 2014-cü ilin aprelində hökumətə hesabat təqdim edilib. Son geoloji kəşfiyyat işlərinin nəticələrinə əsasən Daşkəsən yataqlarında ehtiyatların həcmi 270 milyon ton olaraq təsdiqlənib. Yəni ASPC yaradılarkən bu geoloji kəşfiyyatın nəticələri əsas götürülüb. Lakin bir mühüm detal var: Daşkəsən yataqlarında ehtiyatların ancaq 31 milyon tonu açıq üsulla –indi olduğu kimi hasil edilə bilər. Qalan 239 milyon tonunu isə yeraltı üsullarla-şaxtalar qazmaqla çıxarmaq mümkündür.

Digər mühüm detal: müstəqil Azərbaycanın geoloqları yataqlarda ehtiyatların həcmini qiymətləndirərkən sovet geoloqlarının metodologiyasına əsaslanıblar. “MarubeniProtechsCorporation” isə hesab edir ki, 40-50 il qabaq istifadə edilən həmin metodlar kifayət qədər etibarlı deyil və köhnəlib. Digər tərəfdən ehtiyatların həcmini qiymətləndirərkən yeraltı hasilatı nəzərə almayıblar. Hansı ki, 1993-cü ildə Daşkəsən filiz kombinatı işini dayandırana qədər şaxta üsulu ilə hasil edilən filizdə dəmirin səviyyəsi 40 faizdən 25 faizə qədər enmişdi.



Yapon konsaltinq şirkəti başqa mühüm detala diqqəti cəlb edir ki, ehtiyatların həcmi və hasil olunacaq filizdə dəmirin səviyyəsi müstəqil araşdırma ilə sübuta yetirilməyib. “MarubeniProtechsCorporation” ASPC-ə məsləhət görür ki, müstəqil konsaltinq firması ilə müqavilə bağlayıb həm ehtiyatların həcmini, həm hasil olunacaq filizdə dəmirin səviyyəsini yenidən yoxlasın.

Yuxarıda qeyd olunduğu kimi yataqda ehtiyatların 90 faizə yaxını ancaq şaxta üsulu ilə hasil edilə bilər. Bu isə o deməkdir ki, indikindən fərqli olaraq açıq üsulla hasilat tükənəndən sonra (31 milyon ton ehtiyatın təxminən 8-10 ilə tükənəciyiniproqnozlaşdırmaq olar) şaxta üsulu ilə hasilata başlamaq lazım gələcək. Bu isə daha çox investisiya, hasil olunan filizin daha baha başa gəlməsi deməkdir.

Ancaq problem təkcə hasilatın daha çox pul tələb etməsində deyil. Mütəxəssislər bir məqamı da xüsusi qeyd edir ki, karyer üsulu ilə hasilat zamanı filiz konsentratlarının harada daha çox cəmləşdiyini bilməyə ehtiyac yoxdur. Lakin şaxta üsulu ilə hasilatı layihələşdirərkən ehtiyatların necə cəmləşdiyini bilmək çox vacibdir. Əks halda qazıntı işlərində pulları boş yerə sərf edərdilər. Deməli, Daşkəsən yataqlarında uzunmüddətli hasilatı proqnozlaşdırarkən indikindən daha ətraflı və daha dəqiq informasiyalar əldə edilməlidir.Başqa sözlə, Daşkəsən yataqlarında 270 milyon tonluq ehtiyat barədə proqnozları əsas götürərək metallurgiya kompleksinin yaradılmasına milyardlarla dollar investisiya yatırmaq uzunmüddətli planda riskli addımdır.



Bu risklər nədən ibarətdir? “MarubeniProtechsCorporation” qeyd edir ki, müstəqil araşdırmalar nəticəsində yeni metallurgiya zavodunu uzun müddət təchiz edə biləcək həcmdə xammal ehtiyatları aşkarlanmaya bilər. Digər risk isə bundan ibarətdir ki, şaxtaların detallı şəkildə layihələndirilməsi və tikintisi üçün zəruri olan araşdırma işlərini vaxtında başa çatdırmağa kifayət qədər təcrübəsi, imkanı olan əlçatan podratçılar azlıq təşkil edir, yaxud yoxdur.

Hazırda “Daşkəsən Filizsaflaşdırma” ASC işləməkdə olan karyeri genişləndirir və hasilatı artıraraq Gəncədə yerləşəcək poladəritmə zavodunu zəruri konsentratla təmin etməyi qarşıya məqsəd qoyub. Bu məqsədlə hasilatın ilin sonunda 750 min tona çatdırılması nəzərdə tutulur. Əslində isə karyer əməliyyatları minimaldır, çünki gələcəkdə filizin əksər hissəsi yeraltı şaxtalardan hasil olunmalıdır. Yeraltı şaxtaların işlənilməsinə dair indiki planlar isə kifayət qədər məhduddur. Şaxtaların layihələndirilməsi üçün müasir, etibarlı qazma məlumatlarına və nümunələrin toplanmasına əsaslanan kompüterləşdirilmiş modellər lazımdır.

Əgər ehtiyatların həcmi barədə indiki rəqəmlər sübut olunsa o zaman ASPC əmin ola bilər ki, onun 50 illik xammal ehtiyatı var. (Yəni hər halda 100 illik deyil). Hazırda isə ehtiyatların 50 il bəs edəcəyini əminliklə deməyə əsas verən məlumatlar yetərli deyil.

Bir qayda olaraq filiz hasilatında yeraltı əməliyyatlar daha mürəkkəbdir və karyerlərin tikintisi ilə müqayisədə daha çaşdırıcıdır, daha çox səylər və bilik tələb edən işdir. Lakin Daşkəsən yataqlarında heç bir yeraltı analiz aparlmayıb. Şaxtaların planlaşdırılması və layihələndirilməsi isə illərlə vaxt tələb edən mühəndis layihələrinə çevrilə bilər. Çünki bunun üçün yeni geoloji modellər və qiymətləndirmələr tələb olunur.

Deməli indiki yerüstü hasilatdan qarışıq hasilata (yerüstü və yeraltı) keçmək iş praktikasında, istehsala yanaşmada və idarəetmə sistemində fundamental dəyişikliklər tələb edəcək. Rsik var ki, yeraltı hasilat Daşkəsən yataqlarının ancaq kiçik hissəsində tətbiq olunacaq. Digər tərəfdən yeraltı hasilatdan alınan filizin tərkibindəki dəmir konsentrasiyası və onun keyfiyyəti problemi ola bilər. Çünki ehtiyatların tərkibindəki zərərli elementlərə dair məlumatlar yetərli deyil. Ancaq belə görünür ki, İqtisadi İnkişaf Nazirliyinin ekspertləri Daşkəsən yataqlarına əsaslanıb yeni metallurgiya kompleksinin yaradılmasına dair layihə hazırlayanda bütün bu riskləri nəzərə almayıblar.

Risklər təkcə ehtiyatların həcmi və yeraltı hasilatla bağlı deyil. Hesablamalara görə Daşkəsəndə filiz hasilatına, filizsaflaşdırma kombinatının yenidən qurulmasına və digər işlərə 1.8 milyard dollar investsiya tələb olunur. İldə 1 milyon ton istehsal gücünə malik metallurgiya zavodunun tikintisi isə 2.7 milyard dollar lazımdır. Yəni söhbət kifayət qədər ciddi investisiyadan gedir.



“MarubeniProtechsCorporation” şirkətinin Azərbaycanda bazar araşdırmaları nəticəsində hazırladığı yekun hesabatda isə ölkəyə hər il 500 min ton uzun polad məhsulları (armatur, şveller və s.) və 300 min ton digər polad məhsulları idxal edilir. Belə görünür ki, ASPC-inyaradılmasını iqtisadi baxımdan əsaslandırarkən bu amili nəzərə alıblar. O zaman hesab edək ki, yeni yaradılacaq kompleks hazırda mövcud olan, illik armatur istehsalı gücü 1 milyon ton təşkil edən “BakuSteelCompany” ilə kəskin rəqabət şəraitində daxili bazarın tələbatını ödəyə bilər. Lakin kompleksin iqtisadi baxımdan rentabelli olması üçün istehsal edilən məhsulun azı yarısı ixrac edilməlidir.

Sual yaranır: hara? Doğrudanmı Azərbaycanın yeni Polad İstehsalı Kompleksi qiymət baxımından rəqabətədavamlı məhsul istehsal edə biləcək və Rusiya, İran, Qazaxıstan, Çin kimi metallurgiya nəhənglərinin bazarına girə biləcək?

Rusiyanın konsaltinq şirkətlərinin apardığı bazar araşdırmalarına görə hazırda bu ölkədə 1 ton armaturun topdansatış qiyməti heç 420 dollar da deyil. “MarubeniProtechsCorporation” isə hesablayıb ki, ASPC-in istehsal edəcəyi armaturun 1 tonunun maya dəyəri 434 dollar təşkil edəcək. Deməli, Azərbaycan armaturunun Rusiyaya satılmasınabəribaşdan ümid bağlamağa dəyməz.

Qazaxıstanda isə 1 ton polad armaturun topdansatış qiyməti təxminən 450 dollar səviyyəsindədir. Ukraynada isə bundan daha da ucuzdur. Gömrük rüsumlarını və digər xərcləri nəzərə almaqla Azərbaycan armaturu qonşu ölkələrin bazarına ancaq o vaxt daxil ola bilər ki, onun maya dəyəri proqnozlaşdırılandan xeyli aşağı, məsələn, 300 dollar olsun. Bu isə Daşkəsən yatağında filiz hasilatının maya dəyərinin yaxın gələcəkdə artacağını nəzərə almaqla qeyri-real görünür.

O zaman ASPC-in yaradılması üçün yatırılacaq milyardlarla dollar investisiyanı nəyin hesabına geri qaytarmaq və kompleksin rentabelli fəaliyyətini təmin etmək nəzərdə tutulur? Ancaq daxili bazarın hesabına? Axı daxili bazar məhdudur və neft gəlirlərinin azalması ilə tikinti bumu da səngiyəcək...

Regionda nəhəng , uzun müddətdir bazarda özlərinə yer etmiş metallurguya komplekslərinə malik ölkələrin olduğunu nəzərə alaraq Azərbaycanda ixrac potensialına hesablanmış kompleksin yaradılmasına başlamaq ciddi texniki-iqtisadi əsaslandırmalar və bazar araşdırmaları tələb edən işdir.