BolgeXeber.Com » Analitika » AZAL-ın havadan aldığı HAVALANDIRAN QİYMƏTLƏRİ

AZAL-ın havadan aldığı HAVALANDIRAN QİYMƏTLƏRİ

14-07-2015, 20:50
Oxunub: 3 287 AZAL-ın havadan aldığı HAVALANDIRAN QİYMƏTLƏRİ"AZAL prezidentin göstərişlərinə müvafiq olaraq dərhal qiymətləri aşağı salmalıdır"

Hafta.az-ın xəbər verdiyi kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Ölkə başçısı dünənki müşavirədə bir sıra bəyanatlar verib. Ölkə başçısının irad bildirdiyi qurumlar arasında Azərbaycan hava yollarının tək sahibi olan dövlət konserni – AZAL da var. Prezident İlham Əliyev AZAL-ı qiymətlərin süni artımında günahlandırdı. Üstəlik bu qurumun dövlətdən əlavə subsidiyalar aldığını da nəzərə çatdırdı. Vətəndaşlarla yanaşı ölkəyə gələn turistlərin də yaralı yeri olan uçuş qiymətlərinin baha olması iqtisadiyyatımız üçün bir sıra problemlər yaratmaqdadır.

Millət vəkili Əli Məsimli açıqlamasında vurğuladı ki, AZAL prezidentin göstərişlərinə müvafiq olaraq dərhal qiymətləri aşağı salmalıdır:

“Prezident bildirdi ki, AZAL dövlətdən xeyli subsidiya alır. Üstəlik yanacaq özümüzdə istehsal olunur və yanacağın qiyməti də aşağıdır. Belə şəraitdə AZAL qiymətləri süni surətdə artırır. Bu da ölkəmizdə turizmin inkişafına mane olur. Ona görə də ədalətli qiymətlər müəyyən olunmalıdır. AZAL bu deyilənlər istiqamətində tezliklə addımlar atmalıdır”.

İqtisadçı ekspert Samir Əliyev isə Hafta.az-a açıqlamasında qiymət artımları AZAL-ın monopolist hegemonluğunun nəticəsində formalaşdırdığını bildirib. Samir Əliyev vurğulayıb ki, AZAL-ın tətbiq etdiyi uçuş qiymətləri başqa aviakampaniyaların qiymətləri ilə kəskin fərqlənir:

“Müqayisə aparanda görürük ki, bu nisbət 40–50 faizə, hətta elələri var ki, 2-3 dəfəyə qədər artır. Burada ən pis hal odur ki, aeroport AZAL-a məxsus olduğundan onlar başqa ucuz xidmət göstərən aviaşirkətləri sıxışdırıb çıxarıblar. AZAL da bu monopolist imkandan sui-istifadə etməyə çalışır”.

İqtisadçı ekspertin sözlərinə görə, hava nəqliyyatında qiymət bahalılığı bir çox sahələrə də mənfi təsir göstərir:

“Biz turizmi inkişaf etdirmək istəyirik. Avroviziya və Avropa oyunları kimi beynəlxalq tədbirlər keçirdik. Hər kəsə turizm imkanlarımızın olduğunu göstərdik. Turistləri cəlb etmək üçün infrastrukturla yanaşı, viza və uçuş məsələləri də önəmli məsələdir. Əgər AZAL bu cür qiymətlərlə davam edərsə, biz turizmin inkişafından danışa bilmərik. Məsələn, Türkiyə Rusiya vətəndaşları üçün uçuş biletlərinin qiymətini aşağı endirib. Çünki qardaş ölkəyə gələnlərin böyük əksəriyyəti rusiyalılardır. İndi bizim vətəndaşlar AZAL-ın xidmətlərindən yararlanmaq imkanına malik deyillər. Onlar Türkiyəyə getmək üçün Gürcüstandan aviaşirkətlərindən istifadə edirlər”.

Bəs görəsən AZAL süni surətdə qaldırdığı bu qiymətləri elə havadanmı alır? Bu qiymət bahalılığını doğuran səbəblər nədir? İqtisadçı ekspertin bildirdiyinə görə, bu cür şirkətlə qiymət artımını maya dəyərinin baha başa gəlməsi və xərclərin çox olması ilə izah edirlər:

“AZAL dövlət konsernidir. Dövlət şirkətlərinin isə qiymətləri nəyə əsasən müəyyənləşdirməsi ictimaiyyətə açıq deyil. Əsasən bu maya dəyərinin baha başa gəlməsi və xərclərin çox olması ilə izah edilir. Bu ictimaiyyətə açıqlansa hər kəs qiymətlətlərin nə dərəcədə real olmasını görə bilər. Hiss olunur ki AZAL xərclərinj idarəetməsini düzgün aparmır. Görünür ki, lazımsız xərclərə çox gedir. Buna görə də qiymətlər bu qədər bahalaşıb. Onu da deyək ki, AZAL-ın xidmət baxımdan digər aviakompaniyalardan elə bir üstünlüyü yoxdur. Qiymətlər də çox yüksəkdir. AZAL gəlir əldə etmək üçün qiymətləri qaldırmamalıdır. Xərcləri optimallaşdırmalıdır. Daxildə isə islahatlara getməlidir. Lazımsız işçiləri çıxarmalıdır. Əgər indiki kimi davam etsə bir müddətdən sonra AZAL-ın imkanlarından istifadə edənlərin sayı xeyli azalacaq”.

Sonda isə AZAL-ın 10 iyul üçün Bakı–Antalya reysinə təklif etdiyi qiymətləri digər aviakompaniyaların qiymətləri ilə müqayisə edək.

Bir tərəfli uçuşlara olan qiymətlər:

Bakı - Antalya: 819 ABŞ Dolları (AZAL)

Tiflis - Antalya: 166 ABŞ Dolları (Turkish Airlines)

10 iyul gediş, 17 iyul dönüş:

Bakı - Antalya - Bakı: 1619 ABŞ Dolları (AZAL)

Tiflis - Antalya - Tiflis: 282 ABŞ Dolları (Turkish Airlines)

Nəticə göz qabağındadır. Birtərəfli uçuşlarda 650 manatdan çox, gediş–gəliş uçuş biletlərində isə fərq 1300 manata yaxındır. Bütün bunlar isə ekspertlərin bildirdiyi kimi iqtisadiyyatımıza, ölkəyə gələn turistlərə, öz vətəndaşlarımızın xarici aviaşirkətlərə üz tutmasına səbəb olur.
Bolgexeber.com