BolgeXeber.Com » Analitika » Şadlıq evinin təbliğini davranış mədəniyyətindən üstün tutan televiziyalar

Şadlıq evinin təbliğini davranış mədəniyyətindən üstün tutan televiziyalar

15-08-2015, 11:45
Oxunub: 3 599 Şadlıq evinin təbliğini davranış mədəniyyətindən üstün tutan televiziyalarTeleviziyaların sosial reklam qorxusu

Televiziyaların sosial reklam qorxusu...

Yaxud, şadlıq evini təbliğ etmək olar, davranış mədəniyyətini yox?

"Övladımın türk kanallarına baxmasına daha çox üstünlük verirəm. Ən çox da reklamlara. Bilirsiniz niyə? Reklamlarda yer alan çarxlar çox maarifləndirici olur. İstər xəstəliklərlə, istər məişətlə, istərsə də yaşlılara münasibətlə bağlı. Müşahidələrim göstərir ki, övladım bu reklamlardan çox yararlanır. Hətta bəzən evdən çıxarkən oğlum bir neçə dəfə məndən qazı, işığı söndürüb-söndürmədiyimi soruşub. Onun belə diqqətli olmasına çox sevinmişəm. Bunu haradan öyrəndiyini soruşduqda isə türk kanallarının birində yayımlanan reklamda bunu gördüyünü deyib mənə".

BOLGEXEBER.COM xəbər verir ki, bu sözləri "Bizim Yol"a 35 yaşlı Bakı sakini, valideyn Leyla Əliyeva deyib. O, iki övlad anasıdır. Həmsöhbətimiz bu gün uşaq tərbiyəsində maariflənmənin daim gərəkdiyini deyir: "İşlərim həddindən artıq çox olur. Ancaq buna baxmayaraq bəzi məsələlərə, xüsusi ilə də uşaqlarla bağlı məsələlərə diqqət ayırmağa çalışıram. Bir müddət öncə balaca oğlumla metrodan çıxarkən mənə divarlarda yer almış lövhədə nə yazıldığını soruşdu. Düzü, əvvəllər diqqət etməmişdim. Baxdım ki, piyada keçidi ilə bağlı məlumatlandırmadır. Çox sevindim. Övladıma da lövhədə yazılan məlumatı izah etdim. Ancaq onu deyim ki, təkcə yazı xarakterli lövhələr bəs etmir. Sosial çarxlara ehtiyac var. Xüsusilə də insanlar videolarda gördüklərini unutmurlar. Özümdən bilirəm bunu. Televiziyada reklam fasilələrində hər hansı firmanın məhsullarının reklamı ilə birgə maarifləndirici reklamların da yer almasını istərdim. Valideyn ehtiyatsızlığından gündə bir hadisə yaşanır. Valideyni qınamıram. Gündəlik işlər o qədər olur ki... ancaq maarifləndirici çarxlar olsa, ən azından hər kəsin yaddaşında qısaca da olsa, qalar".

Azərbaycanda müxtəlif mövzularda maarifləndirici istiqamətdə sosial çarxlara böyük ehtiyac var. Psixoloqlar hesab edirlər ki, sosial çarxlarda tanınmış simaların çəkilməsi insanlarda daha inandırıcı effekt yaradır. Bəzi tədqiqatçıların fikrincə, reklam dünyanın ən güclü sənət sahəsidir. Amerika psixoloqları belə hesab edirlər ki, 8 yaşınadək olan uşaqlar reklamları obyektiv tənqid etmək bacarığına malik deyillər və ona görə də orada bütün göstərilənlər onlara inandırıcı və həqiqət kimi gəlir. Azərbaycanda sosial çarxlar, qanunvericiliyə əsasən, kanalların yeganə gəlir mənbəyi olan reklam blokunun içində təqdim olunur. Ona görə də efirə gedən belə pulsuz çarxların yayımlanması kanalların maddi marağında deyil.

"Təklif etmişdim ki, Maliyyə Nazirliyi müvafiq qurumlara, məsələn, təhsil, səhiyyə nazirlikləri, eləcə də ailə və qadın məsələləri ilə məşğul olan komitələrə vəsait ayrılsın. Bunun müqabilində onlar sosial xarakterli roliklər hazırlasınlar ki, bu roliklər özəl telekanallarda nümayiş etdirilsin. Əlbəttə ki, telekanalların gücü çatmır ki, bu rolikləri hazırlasın. Məsələn, Türkiyə və Rusiyada sosial səpkidə roliklər vaxtaşırı nümayiş etdirilir. Nəticədə bu roliklərin çox böyük müsbət təsiri olur", - deyə millət vəkili Elmira Axundova anspress-ə açıqlamasında bildirib.

Reklamçılar İttifaqının vitse-prezidenti Səyalı Səfərova isə qeyd edib ki, telekanalın büdcəsində vəsait çatmırsa və verilən reklamlara onun ehtiyacı varsa, telekanal necə öz cibindən pul verə bilər: "Televiziya özü-özünü maliyyələşdirdiyinə görə, onun büdcəsinə pul gəlmədiyinə görə, dövlət tərəfindən verilən hər hansı bir sosial reklam dövlət tərəfindən verilirsə, dövlət tərəfindən maliyyələşməlidir".

"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova "Bizim Yol"a açıqlamasında bildirdi ki, əslində sosial çarxlar təkcə Türkiyədə deyil, dünyanın bir çox ölkələrində əhalinin müxtəlif sosial problemlərlə bağlı məlumatlanması, o cümlədən yararlanması üçün istifadə olunan geniş vasitədir: "Azərbaycanda bu hal niyə geniş vüsət almayıb deyə hər dəfə bu sualın cavabını axtarırıq. Çünki əksər televiziyalar özəldir. İctimai TV qismən ödənişli bu sosial reklam çarxlarına yer verə bilir. Lakin əhəmiyyətli məqamda veriləcək sosial reklam çarxlarının ödənişi baha başa gələ bilir. Ölkədə sosial çarxlar əsasən biznes strukturları və QHT-lər tərəfindən hazırlanır. Biznes çarxları, təbii ki, istənilən verilişin fasiləsində və ya verilişdən sonra nümayiş etdirilə bilir. Lakin QHT-nin imkanları olmadığı üçün buna elə də yer ayırmırlar".

M.Zeynalovanın sözlərinə görə, məsələnin mahiyyəti odur ki, televiziyalar sosial çarxlara yer vermək arzusunda deyillər: "Belə qənaət yaranır ki, TV rəhbərləri insanların daha məlumatsız olmasına elə bil ki, maraqlıdırlar. Biznes sahəsində kifayət qədər eybəcər və tərkibində seksual elementlər olan sosial roliklər ödənişli olduğu halda heç bir qadağa qoyulmadan verilə bilər. Yadınıza salın, südün reklamı ilə bağlı... Əgər əhali buna qarşı çıxmasa idi, bəlkə, hələ də həmin rolik televiziya kanallarında gedəcəkdi. Bütün məsələlərin çox sadə cavabı var. Televiziya rəhbərləri istəsələr, bu sosial roliklər üçün pulsuz imkanlar yaradıla bilər və əhali bundan yararlana bilər".

Rejissor Elcan Məmmədov da "Bizim Yol" əməkdaşı ilə söhbətində bildirdi ki, büdcə baxımından bu sosial çarxlara xərclənəcək pulları çox hesab etmir, amma baxır kim çəkir: "Məsələn, tanınmış xarici şirkət çəkirsə, onlar heç vaxt az büdcəyə razı olmazlar. Niyə? Çünki əksər ölkələrdə bizim tutalım sifarişçilərə çox görünə bilən büdcə mövzusu təbəssüm doğurur. Ancaq heç bu da vacib deyil. Təki istək olsun. Yəni sosial çarxların nə qədər dəyərli və vacib bir mədəniyyət, əxlaq elementi olması, onun təsiri televiziya tərəfindən qəbul edilsin. Türkiyə, məncə, bu istiqamətdə, bəlkə də, Avropanı da qabaqlayır".

E.Məmmədovun sözlərinə görə, QHT-lər bu sahədə fəal idilər. Son illər rejissor özü də bu layihələrin iştirakçısı olub: "Ancaq büdcə azlığı tam istədiyimi çəkməkdə çətinliklər yaradıb. Bununla belə mən belə layihələrin uğuruna inanıram. On dəfələrlə kolbasanın, sementin və başqa məhsulların bəsit reklamına pul xərcləyincə, həmin şirkətlər elə sosial mövzularda müraciət etsələr, daha çox rəğbət qazanarlar. Dünya bu yolla gedir. Məsələn, məşhur qısa film var sosial yönümlü. Adı "LG Momentos"dur. Bütün xərcini LG şirkəti özü çəkib. Özü də film boyu reklamı gedir dramaturgiya baxımından. Gələcəkdə, əlbəttə, geniş vüsət alacaq".

Azərbaycanda bütün reklam yayımçıları ümumi reklam vaxtının, nəşrlərdəki reklam yerlərinin, reklam qurğularının ən azı 8 faizini sosial reklamlar üçün ayırmağa məcbur ediləcək. Bunu isə "Reklam haqqında" qanun layihəsinin ikinci oxunuşunda Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib. Qeyd edək ki, mövcud qanunvericilikdə bu rəqəm 5 faiz müəyyən edilmişdi. O əlavə edib ki, təqdim olunan layihədə sosial reklam anlayışına, onun hazırlanması və yayınmlanması qaydalarına aydınlıq gətirilib.
Bolgexeber.com