BolgeXeber.Com » Analitika » "Xaricdə təhsil" mafiyası iş başında - Pulu belə qazanırlar...

"Xaricdə təhsil" mafiyası iş başında - Pulu belə qazanırlar...

17-08-2015, 11:16
Oxunub: 3 899 Uzun illərdir bu sahədə fəaliyyət göstərən Fərid Süleymanov isə deyir ki, abituriyentlər mütləq müraciət etdikləri şirkətlərdən onların adına gəlmiş rəsmi məktubu tələb etməlidirlər

Hər gün həm virtual, həm də real həyatda xaricdə təhsillə bağlı müxtəlif elanlara rast gəlirik. Hətta şirkətlər tələbələrə, necə deyərlər, şirnikləndirici təkliflər də irəli sürürlər. Təəssüflər olsun ki, belə şirkətlərin əksəriyyəti abituriyentlərə yalnız qazanc gözü ilə baxır.
Məsələn, müsahibə vermək istəməyən şirkət nümayəndələri deyir ki, onlar hər bir tələbənin qəbulu üçün azı 500 manat xidmət haqqı alır. Tələbənin 4 il sonrakı aqibəti isə onları qətiyyən maraqlandırmır. Abituriyentlərin daha az ödəniş etmək üçün seçdikləri universitetlərin əksəriyyətinin diplomu isə Azərbaycanda tanınmır. Həmin şirkətlər də təki pul olsun deyə, təhsil üzərində əməlli başlı bazar açır.
Uzun illərdir bu sahədə fəaliyyət göstərən Fərid Süleymanov isə deyir ki, abituriyentlər mütləq müraciət etdikləri şirkətlərdən onların adına gəlmiş rəsmi məktubu tələb etməlidirlər: "Ukrayna Təhsil Nazirliyinin dəvət məktubunu göstəririk. Dəvət məktubu xüsusi blankda olur. Hər bir tələbəyə bunu təqdim edirik. Bu dəvət məktubu bir növ hər bir tələbə üçün zəmanətdir. Belə ki, Ukraynada fəaliyyət göstərən ali təhsil məktəbi Ukrayna Təhsil Nazirliyi tərəfindən tanınırsa, deməli bu bizdə də təsdiq olunacaq".
Məhz bu dəvətnamənin üzərində olan xüsusi kod tələbənin seçdiyi universitetin təsdiqlənmiş ali təhsil müəssisəsi olduğunu sübut edir.
Azərbaycanda fəaliyyət göstərən belə şirkətlər daha çox Ukrayna universitetlərilə işbirliyi edir. Azərbaycanın Ukraynadakı diasporundan bu faktla bağlı maraqlı məqamlar açıqlandı. "2014-cü ildə 7 minə yaxın azərbaycanlı tələbə Ukrayna ali təhsil ocaqlarında təhsil alıb. Əfsuslar olsun ki, onların orada hətta oxumadan təhsil almaları mümkündür. Çünki Ukrayna ali təhsil ocaqlarında korrupsiya höküm sürür. Bu səbəbdən də savadsız tələbərin böyük əksəriyəti Ukraynaya üz tuturlar", - deyə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov bildirib.
Ukrayna ilə yanaşı, qonşu Rusiya, Gürcüstan və Dağıstan universitetlərinə də saxta sənəd qəbul edilir.
Elə Azərbaycanın Təhsil Nazirliyindən də bildirirlər ki, daha çox bu ölkədə təhsil alıb diplom və ixtisas təsdiqləməsi üçün onlara müraciət edən tələbələrin sənədlərində problemlər ortaya çıxır. "Hazırda Azərbaycanda kənarda ali təhsil müəssisələrində əyani ali təhsil almış məzunlar var ki, ixtisas təsdiqi üçün diplomlarını bizə təqdim edirlər. Yoxlama zamanı məlum olur ki, bunlar orada çox aza müddət olublar və iki il təhsil alıblar. Bizdə isə bakalavr səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Əsasən də 4 ildir", - deyə Təhsil Nazirliyinin nümayəndəsi Rasim Verdiyev qeyd edib.
Təhsil Nazirliyi xaricdə təhsil alan daha sonra Azərbaycana qayıdaraq diplom və ixtisas təsdiqləməsi etdirənlər üçün yeni qaydaları işə salacaq. Artıq bu istiqamətdə müxtəlif təkliflər gözdən keçirilir. Ola bilsin ki, xaricdə təhsil alıb gələn tələbə yenidən imtahana qatılsın və tələb olunan minimal balı yığsın.
Xeyli vaxtdır əksər Avropa ölkələri bu sistemdən yararlanır və vətəndaşın təhsilinin hansı səviyyədə olduğunu bu cür müəyyən edir.
Adının çəkilməsini istəməyən ekspert isə “Unikal”a deyib ki, xaricdə təhsil fırıldağından külli miqdarda pullar qazanılır. Bu neqativ haldan xəbərdar olan aidiyyatı qurumların hərəkətsizliyi isə maraq doğurur. Görünür, hansısa məmurlara həmin qazancdan pay düşməmiş deyil.