BolgeXeber.Com » Analitika » “Seven Hills” batdı – Bəs əhalinin pulu?

“Seven Hills” batdı – Bəs əhalinin pulu?

26-08-2015, 10:26
Oxunub: 3 555 “Seven Hills” batdı – Bəs əhalinin pulu?“Seven Hills Residences” şirkəti paytaxtda inşası nəzərdə tutulan yaşayış kompleksinin tikintisini dayandırıb.


Bolgexeber.com anspress-ə istinadən xəbər verir ki, kompleksdən mənzil almaq üçün şirkətə əvvəlcədən ilkin ödəniş edən vətəndaşlar indi öz pullarını geri qaytara bilmədiklərini deyirlər. Tikinti şirkəti ilə Azərbaycan Beynəlxalq Bankı arasında 2014-cü ildə razılaşdırılmış layihəyə əsasən, ilkin ödənişi həyata keçirmiş vətəndaşların mənzil almasından ötrü vəsaitin qalan hissəsi Azərbaycan Beynəlxalq Bankı tərəfindən kredit şəklində tikinti şirkətinə ödənilib.

Vətəndaşlar bildirirlər ki, mənzil üçün ilkin olaraq 10 faiz və ya daha çox məbləğ ödəyiblər. Məsələn, onlardan biri 58 min manat pul ödədiyini deyir. Onlar tikintiyə hələ başlanmadığını söyləsələr də, şirkətdən tikintiyə start verildiyini, lakin inşaat işlərinin bir müddətdən sonra dayandırıldığını bildiriblər. Bu yubanma Beynəlxalq Bankda sağlamlaşdırılma tədbirləri və rəhbərliyin dəyişdirilməsi ilə bağlı gedən məlum proseslərlə izah edilib.

Tikinti şirkətindən verilən məlumata görə, məlum səbəblərdən tikintinin həyata keçirilməsində müəyyən ləngimələr yaranıb. Buna baxmayaraq ərazidə inşaat işlərinə hazırlıq tam başa çatdırılıb: "İndi layihənin maliyyələşdirilməsindən ötrü bankla danışıqlar davam etdirilir. Layihədə ləngimə olsa da, müştərilər tərəfindən ödənilmiş vəsaitlərlə bağlı hər hansı problemdən söhbət belə gedə bilməz. Layihənin icrası ilə bağlı yeni qrafik barədə yekun məlumat sentyabrın ortasına qədər veriləcək”,- şirkətdən belə deyilib.

Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli sayta açıqlamasında bu problemin həlli məqsədilə hazırda ABB-də müəyyən müzakirələrin aparıldığını qeyd edib. Yaranmış problemin vətəndaşların maraqlarına uyğun həll olunması məqsədilə bir sıra variantların nəzərdən keçirildiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, fiziki şəxslərlə bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən, bu problem, indiki mərhələdə, daha çox, mənzillərin alınması üçün kredit verilmiş şəxslərlə tikinti şirkəti arasında həll edilməli olan məsələ sayılsa da, Azərbaycan Beynəlxalq Bankı da problemin vətəndaşların maraq və mənafelərinə uyğun şəkildə aradan qaldırılması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirməyə çalışacaq.