BolgeXeber.Com » Analitika » “Məqsəd mobil danışıqları nəzarətə götürməkdir”

“Məqsəd mobil danışıqları nəzarətə götürməkdir”

27-08-2015, 10:56
Oxunub: 3 612 “Məqsəd mobil danışıqları nəzarətə götürməkdir”“Mülkiyyət mənimdir, istəyərəm özüm işlədərəm, istəmərəm sataram, istəyərəm də icarəyə verərəm, kimə nə dəxli?”

Azərbaycanda bundan sonra qardaş bacının, ər arvadın, qayınata gəlinin, oğlan sevdiyi xanımın adına telefon nömrəsi ala bilməyəcək. Mobil nömrə mütləq onu işlədənin adına olmalıdır. Nömrə almaq istəyənsə, mütləq fotoşəklini və şəxsiyyətini təsdiq edən sənədin surətini müqaviləyə əlavə etməlidir. Bundan başqa, abunəçinin öz nömrəsini başqasına daimi istifadəyə və ya icarəyə verməsinə qadağa qoyulur.

Qərar avqustun 22-dən qüvvəyə minib.

“MÜLKİYYƏT MƏNİMDİR, İSTƏYƏRƏM İŞLƏDƏRƏM, İSTƏMƏRƏM...”

Bu xəbərlə bağlı Ziya Gasimov adlı istifadəçi AzadlıqRadiosunun facebook səhifəsində fikirlərini bölüşüb: “Mülkiyyət mənimdir, istəyərəm özüm işlədərəm, istəmərəm sataram, istəyərəm də icarəyə verərəm, kimə nə dəxli?”

Rövşən Nəsirli isə yazır: “Ukraynada nömrə alıram. Pulu verdim. Nömrəni taxdılar telefona. Durub baxıram. Qız da mənə baxdı gülümsədi. Dedim, “bəs sənəd-filan istəmirsiz?” Dedi “nə sənəd?” Bilsəydi azərbaycanlıyam, deyərdi “bura sənin üçün Azərbaycan deyil”. Zatən telefonu registrasiya edirsən. Sonra gedib sahibini də qeydiyyata alırsan”.

BAKI KÜÇƏLƏRİNDƏ EŞİDİLƏN CAVABLAR

Bakı küçələrində rəyini aldığımız vətəndaşlarınsa bu məsələyə münasibəti fərqlidir. Yeni qaydaları normal qarşılayan, alqışlayan da var, əksini düşünən də.

Məsələn, Zamirə Məhərrəmova deyir ki, əslində, bu qayda işləsə, çox yaxşı olardı: “Ən azından telefon xuliqanlığı azalardı. O qədər belə xuliqanlar var, polisə şikayət edirsən, məlum olur ki, telefon başqasının adınadır. O da kimə satıb, kimə bağışlayıb, Allah bilir”.

Səlim Abbasov: “Başqasının adına olan nömrə bəzən başa bəla açır. Məsələn, biri cinayət törədir, baxırsan ki, başqasının adına olan telefondan istifadə edib. Cinayətkar qalır qıraqda, polis nömrə sahibinin yaxasından yapışır”.

İşiylə bağlı tez-tez xarici səfərlərdə olan Kamil Mirzəyev başqa ölkələrdə belə nümunə ilə rastlaşmadığını söyləyir: “Nə Avropada, nə də keçmiş sovet respublikalarında. Məsələn, Gürcüstanda, nömrəni sənəd filan təqdim etmədən aldım, işlətdim. Nə gərək var bu qaydalara? Bəlkə mən sevdiyim xanıma mobil telefon, üstündə də nömrə bağışlamaq istədim. Mən bunu şəxsi həyata müdaxilə sayıram”.

Nəzakət adlı gənc xanım isə fərqli düşünür: “ Bu o deməkdir ki, mobil rabitə üzərində nəzarət maksimum gücləndirilir. Bu da hamının izlənilməsinə şərait yaradacaq. Məncə, bu ən azı qeyri-etikdir”.

Hüquqşünas Ələsgər Məmmədlidə AzadlıqRadiosuna açıqlamasında məhz bu məqama diqqət çəkir. O, deyir ki, yeni qaydaların məqsədi insanların mobil danışıqlarını nəzarət altına almaqdır.

“SƏNƏDİN SURƏTİ, FOTOŞƏKİL DƏ SİSTEMDƏ VARSA...”

“İndi bu cinayətkarlığa qarşı mübarizə metodu kimi təqdim olunacaq. Amma əsl məqsəd mobil nömrə sahibini nəzarət altına almaqdır. Bilirsizmi bu həm də nə deməkdir? Vətəndaş istər-istəməz nəzarət altında olduğunu biləndə daha diqqətli, ehtiyatlı olacaq.

İndi əksəriyyət internetə mobil telefonla daxil olur. Mobil nömrəylə 3G provayderə girən kimi İP adres görünür. Şəxsiyyəti təsdiqləyən sənədin surəti, fotoşəkil də sistemdə varsa, bu nömrə sahibinin təqibinə tam imkan verir. Beləliklə, vətəndaşın hərəkət trayektoriyası, internetdə gəzişmələri, yazışmaları, mobil danışıqları asanlıqla izlənəcək”, - söyləyir hüquqşünas.

Ələsgər Məmmədlinin sözlərinə görə, normal ölkələrdə məhkəmə qərarı olmadan telefon danışıqlarını, yazışmaları izləmək qadağandır. Ancaq Azərbaycanda telekommunikasiya haqqında qanunda bu məsələ açıq qalır. “Praktika və qanun Azərbaycanda vətəndaşı asanlıqla təqibinə imkan yaradır”.

Avropa ölkələri qalsın qırağa, Azərbaycanla eyni köynəkdən çıxan Ukraynada, Gürcüstanda belə qaydalar yoxdur. Azərbaycan niyə bu addımı atır? Ələsgər Məmmədli deyir ki, vətəndaşın azadlıqları məhdud olmayan ölkələrdə buna ehtiyac yoxdur: “Vətəndaş internet üzərindən yayılan fikrə görə məsuliyyət daşımırsa, onun mobil nömrəsinin adına qeydə alınmasına da lüzum qalmır”.

“DİN-İN, MTN-İN İŞİ ASANLAŞIR”

“qazanc.az” elan saytıdır. Burda mobil nömrələrin satışıyla bağlı elanlar yerləşdirilib. Saytın rəhbəri Babək Cəfərov AzadlıqRadiosuna deyir ki, yeni qaydaların onların bazarına necə təsir edəcəyini söyləməkdə çətinlik çəkir: “Biz sadəcə elanları yerləşdiririk, müştərilər öz aralarında razılaşırlar, sayt sadəcə vasitəçidir. Ancaq bundan sonrası haqda nəsə deyə bilmərəm”.

“Nomreal.az” saytının əməkdaşı Məhəmməd Musayev isə yeni qaydaların onların işinə çətinlik yaratmayacağını, sadəcə, hüquq-mühafizə orqanlarının işini asanlaşdıracağını düşünür: “Biri nömrə alır, o da əldən-ələ keçir. Bəzən görürsən, nömrə sahibi vəfat edib, nömrə də başqasındadır. Onu işlədəni tapmaq çətin olur. Yaxşı qərardır. Bu bir qədər hökumətin, daha doğrusu, DİN-in, MTN-in işini asanlaşdıracaq. Düzdür, lazım olanda dövlət qurumu istədiyi telefon danışığının səsini əldə edə bilir. Bu, onun üçün elə də çətin deyil. Bu qaydalardan sonrasa işləri daha yüngül olacaq. Vətəndaş üçün də problem yaratmamalıdır. Məsələn, öz təcrübəmdən deyim, dostluq edirsən, birinə nömrə alıb bağışlayırsan, sonra həmin adam sənin nömrənin çıxarışını edir, bütün zənglərindən, mesajlarından xəbərdar olur. Amma nömrə işlədənin öz adına olanda vəziyyət dəyişir. Daha qardaş bacının, ər arvadın adına nömrə ala bilməyəcək, bu da dava-dalaşların qabağını alacaq”.

XİDMƏTDƏ İNQİLABİ DƏYİŞİKLİK?

Telekommunikasiya sahəsində ekspert Osman Gündüz hökumətin bu qaydalarını dəstəkləyir. Onun qənaətincə, bu addımın müsbət tərəfi də var, çatışmayan tərəfi də.

“Yeni qaydalar elektron hökuməti mobil telefona gətirir. İndi Azərbaycanda elektron hökumət veb şəklindədir, mobil telefon şəklində xidmət mümkün deyil. Məsələn, vətəndaş hansısa xidmət üçün müraciət edir və ona cavab başqasında olan telefon nömrəsinə göndərilir, ya da əksinə, vətəndaşın telefonu başqasının adınadır. Bu qarışıqlıq nizamlanmalıdır. Yeni qaydalar işləsə xidmət sahəsində inqilabi dəyişikliyə səbəb olacaq”.

İndi də gələk, Osman Gündüzün dediyi çatışzamlıqlara. Onun qənaətincə, bu məlumat bazasından necə istifadə ediləcəyi çox önəmlidir. “Məlumat bazası kimdə olacaq, üçüncü tərəfə veriləcəkmi, lap elə hökumətdə başqa qurum bundan hansı şərtlər altında yararlanacaq? Bu suallara cavab tapılmaldır. Bu məsələdə şəffaflıq təmin edilməlidir”.

Yeni qaydalara görə, ərizəçiyə aid məlumatlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi üzərindən operatorlar və MHM-in məlumat bazasına daxil edilir. Sonra isə 24 saat ərzində telefon nömrəsi aktivləşdirilir. Bundan başqa müştərinin sim kartı və ya telefonu oğurlansa, dərhal Daxili işlər Nazilriyinin yerli qurumlarına xəbər verməlidir.
Bolgexeber.com