BolgeXeber.Com » Analitika » Ölkədə sosial şəbəkələr sertifikatlaşdırılacaq

Ölkədə sosial şəbəkələr sertifikatlaşdırılacaq

29-08-2015, 10:23
Oxunub: 3 064 Ölkədə sosial şəbəkələr sertifikatlaşdırılacaqAzərbaycan facebook məsələsində Rusiyanın yolunu gedəcək

Xəbər verdiyimiz kimi, facebook rusiyalı internet istifadəçilərinin şəxsi məlumatlarını Rusiya serverlərində yerləşdirməkdən imtina edib. 1 sentyabrda qüvvəyə minəcək qanuna görə, Rusiya ərazisində fəaliyyət göstərən internet şirkətlər məlumatlarını yerli serverlərə köçürməlidir. Rusiyanın KİV-ə nəzarət orqanı "Roskomnadzor"un sədri Aleksandr Jarovun facebookun nümayəndəsi Tomas Mirup Kristensenlə görüşündə facebook rəhbərliyi qəti şəkildə bildirib ki, rusların tələblərinə əməl edilməyəcək.

Facebook sərmisi bildirib ki, bu onlara sərf etmir. Bundan əlavə, şirkət profillərin divarında yazılanları şəxsi məlumat hesab etmədiyini deyib. Sosial şəbəkə 1 sentyabr tarixinədək Rusiya qanunlarına əməl etməzsə, "Roskomnadzor" onun fəaliyyətini bütün ölkə ərazisində qadağan edə bilər.

Facebookun Skandinaviya, Mərkəzi və Şərqi Avropa, eləcə də Rusiyada ictimai siyasət üzrə direktoru Tomas Mirup bəyan edib ki, “Şəxsi məlumatlar haqqında” yenilənmiş qanunu icra etmək niyyətində deyillər. Amma facebook bu rejimdə işi iqtisadi cəhətdən səmərəli hesab etmir və bundan başqa, istifadəçilərin akkauntlarındakı məlumatı şəxsi məlumat hesab etmir. Eləcə də məlumatlar serverlərdə saxlanıldığına görə, Rusiya istifadəçilərinin məlumatlarının ayrılmasının mümkünsüzlüyündən danışılıb.

Bütün hallarda eyni təhlükəni Azərbaycan da yaşaya bilər. Belə ki, “böyük qardaş”ın sərhədləri daxilində özünü göstərən bəzi senzuralar, qadağalar və yeni qanunlar bir müddət keçəndən sonra Azərbaycanda da özünü göstərir.

Və bu xəbər də özünü gözlətməyib. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet messencerlər (Viber, WhatsApp, Skype və başqaları) və sosial şəbəkələrin fəaliyyətini serifikatlaşdıracaq. Bu barədə isə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. O bildirib ki, artıq şirkətlərlə danışıqlar başlayıb və onların əksəriyyəti ölkənin tənzimləyici orqanının bu addımını müsbət qarşılayıb: “Məlumdur ki, bu gün Azərbaycanda sosial şəbəkələr və internet messencerlərdən aktiv şəkildə istifadə olunur. Bundan başqa, onlardan bir neçəsi internet şəbəkəsi üzərindən xidmət göstərir. Hesab edirik ki, Azərbaycanda kütləvi, fərdi informasiyaların yığımı və saxlanılması ilə məşğul olan şirkətlər Azərbaycan qanunlarına əsasən fərdi məlumatların saxlanılması üzrə sertifikat almalıdır. Bu sertifikat nazirlik tərəfindən verilir”.

Ə.Abbasov qeyd edib ki, hazırda nazirlik “Viber”, WhatsApp, Skype şirkətləri və sosial şəbəkələrlə danışıqlara başlayıb: “Bu təcrübə yalnız Azərbaycanda deyil, bir sıra Avropa ölkələrində də tətbiq edilir. Hər ölkə öz qanunlarına uyğun olaraq onların fəaliyyətini sertifikatlaşdırır. Sözsüz, bu bir qədər ağır işdir. Çünki bunu bəzən hansısa məhdudiyyətlərlə qarışıq salırlar. Lakin bizdə heç bir məhdudiyyət yoxdur və olmayacaq. Bu şəbəkələr Azərbaycan, onun əhalisi haqda böyük informasiyaya malikdir. Odur ki, nazirlik də tənzimləyici orqan kimi Azərbaycan vətəndaşlarının onlayn hüquqlarını qorumalıdır”.
Nazir bildirib ki, “Viber”, WhatsApp, Skype şirkətləri və sosial şəbəkələrlə aparılan danışıqlar müsbət nəticə verib: “Onlar artıq Azərbaycanın qanunlarını öyrənməyə başlayıb. Düşünürəm ki, onların fəaliyyətini sertifikatlaşdıracağıq”.

Sevinc TELMANQIZI