BolgeXeber.Com » Analitika » Səudiyyə Ərəbistanı Həcdən nə qədər pul qazanır?

Səudiyyə Ərəbistanı Həcdən nə qədər pul qazanır?

1-10-2015, 20:46
Oxunub: 7 649 Səudiyyə Ərəbistanı Həcdən nə qədər pul qazanır?Hər il Həcc ziyarətinə 2 milyondan çox zəvvar gəlirBu il müsəlmanların ən böyük dini ayini olan Həcc ziyarəti daha çox Məkkədə yaşanan faciələrlə yadda qaldı

Sentyabrın 11-də Məscidil-Haramda inşaat kranının aşması nəticəsində 107 nəfər həlak oldu, sentyabrın 25-də isə Minada yaşanan izdiham nəticəsində ölənlərin sayı 769 nəfəri keçdi, mindən çox insan yaralandı.

Amma bu Həcc ziyarəti tarixində ilk faciə deyil. Dünyanın ən böyük dini turizmi olan Həcc ziyarəti zamanı hər dəfə müxtəlif faciələr yaşanır; tuneldə basırıq yaranması, çadırların yanması və sair.

Hər il Həcc ziyarətinə 2 milyondan çox zəvvar gəlir. Məlumat üçün deyək ki, bu rəqəm 2013-cü ildə 3.1 milyon nəfər idi. Son iki ildə zəvvarların sayının azalması bir qədər də Məkkədəki tikinti-quruculuq işləri ilə əlaqədardır. Kəbə evinin ətrafı genişləndirilir, Məscidil-Haram böyüdülür. 2025-ci ilə qədər Həcc ziyarətinə hər il 17 milyon zəvvar qəbul edilməsi düşünülür.

Kimlər üçünsə bu rəqəm ifrat görünə bilər. Reallıq isə budur ki, bəzi ölkələrdə həccə getmək istəyənlər o qədər çoxdur ki, ayrılan kvota bəs eləmir. Səudiyyə Ərəbistanı kvotanı hər bir ölkədəki müsəlmanların 0.1 faizi miqdarında müəyyən edir. Buna görə də bəzi ölkələrdə islamın bu vacib əməlini yerinə yetirmək istəyənlər illərlə növbə gözləməli olurlar. Məsələn, İndoneziyada Həcc ziyarətinə getmək istəyənlər bəzən 17 ilə qədər gözləməli olurlar.

Həcc ziyarətinə zəvvar sayında kəskin artım 1970-ci illərdən başlayaraq daha sürtələnib. Səudiyyə Ərəbistanının verdiyi rəsmi məlumatlara görə 1920-ci illərdə 50-60 min arası zəvvar olurdusa 2012-ci ildə bu rəqəm 1.7 milyona yüksəlib. Əgər bunun əsas səbəblərindən biri 1970-ci illərdən başlayaraq neftin qiymətindəki sıçrayışı idisə digər tərəfdən keçmiş Sovet ölkələrində olan müsəlman ölkələrinin müstəqillik qazanması da rol oynadı. Həcc ziyarətinə gedənlərin sayının artmasında ən önəmli amil isə hava nəqliyyatının inkişafı olub.

SSRİ-dən Həcc ziyarətinə gedənlərin sayı 1944-1989-cu illərdə 1500 nəfəri keçmir. Onlar əsasən ruhani idarələrin rəhbərləri arasından seçilirdi. Buna görə də bəziləri bir neçə dəfə Həccə gedirdi. Bu işə əsasən Orta Asiya və Qazaxıstanın Ali Ruhani İdarəsi (SADUM) rəhbərlik edirdi.

Elə SSRİ-dən Həccə göndərilən ilk zəvvarlar da Orta Asiyadan seçilib. Onlar 6 nəfər idilər. Həcc ziyarətindən sonra zəvvarlar ərəb ölkələrinə səfər edərək orada SSRİ haqqında təbliğat apardılar, onların ziyarətə göndərilməsinin səbəbi Böyük Vətən Müharibəsi haqqında ərəb ölkələrində müsbət yaratmaq idi.

1944-cü ildən sonra hər il olmasa da mütəmadi olaraq Həcc ziyarətinə zəvvarlar göndərilməyə başlanıldı. Bir zəvvarın ziyarətə getməsi xərci 10 min rubl təşkil etdiyi üçün bu məbləğin əsas hissəsini ruhani idarələr ödəyirdi.

Ümumiyyətlə o dövrdə zəvvarları SSRİ Nazirlər Kabineti Dini məsələlər üzrə Sovetliyi, təhlükəsizlik orqanları və başqa təşkilatlar seçirdilər. Zəvvarlar bir qayda olaraq xarici görkəmcə yaraşıqlı, intellektual olmalı, Şərq dillərini bilməli idilər. Maraqlıdır ki, bu illər ərzində Həccə gedən zəvvarlar arasında bir nəfər də geriyə qayıtmayan yox idi. Halbuki xaricə qastrollara gedən artistlər arasında belə hallar tez-tez olurdu.

Zəvvarlar ziyarətdən sonra adətən ərəb ölkələrinə səfər edərək SSRİ-ni təbliğ edirlər. Onların müsahibələrinin, fotolarının yerli mətbuatlarda yayılması təşkil olunurdu.

Belə görünür ki, SSRİ Həcc ziyarətinə müsəlmanların öz dini inanclarını yerinə yetirmələri üçün deyil, siyasətini həyata keçirmək və İslam ölkələri ilə əlaqə qurmaq üçün istifadə edirdi. Buna əlbəttə qarşı tərəf də sevinirdi. Misal üçün 1990-cı ildə SSRİ-dən Həccə 1500 nəfərə qədər zəvvar gedib. Bu 45 il ərzində Həccə getmiş zəvvarlardan çox idi. Buna sevinən Səudiyyə kralı Fəhd İbn Əbdüləziz onların qalmaq və qidalanmaq xərclərini öz üzərinə götürür. SSRİ-də Quran çatışmadığını nəzərə alıb qayıdanda onlara 1 milyon nüsxə Quran hədiyyə edir.

Lakin SADUM kitabları satışa çıxarır. Bundan xəbər tutanlar etiraz edirlər. Qalmaqal böyüyür, nəticədə Daşkənddə toplanan imamlar şurası 38 yaşlı müftini vəzifəsindən azad edirlər.

İldən ilə Həcc ziyarətinə gedən zəvvarların sayının artmasında Səudiyyə Ərəbistanı maraqlıdırmı? Əlbəttə. Çünki Səudiyyə ərəbistanın hər il Həcc ziyarətində milyardlarla dollar gəlir əldə edir. 2012-ci ildə Səudiyyə Ərəbistanı Həcc və Ümrə ziyarətlərindən 16.5 milyard gəlir əldə edib. Bu isə 2011-ci ildə gəlirdən 10 faiz artıqdır. 2014-cü ildə Həcc ziyarətlərindən gələn gəlir 8.5 milyard dollar təşkil edib.

Təxminlərə görə il ərzində Səudiyyə Ərəbistanına ziyarətə 7 milyon zəvvar gəlir və onların hər biri orta hesabla 10 min dollar xərcləyir. (kulis)