BolgeXeber.Com » Analitika » Dövlətin verdiyi “pulsuz” dərsliklər niyə və necə satılır?!-FOTOLAR

Dövlətin verdiyi “pulsuz” dərsliklər niyə və necə satılır?!-FOTOLAR

2-10-2015, 10:12
Oxunub: 7 388 Dövlətin verdiyi “pulsuz” dərsliklər niyə və necə satılır?!-FOTOLARMaraqlıdır, nəşriyyatın özü həqiqətən də pulsuz dərsliklərin satılmasından xəbərdardır?

-Bu dərslik neçəyədir?

-5 manat.

-Üstündə pulsuz yazılıb axı... Bu, necə olur?

-Olanda olur...

...Xüsusi izahata yəqin ki, ehtiyac yoxdur. Bu dialoq virtualaz.org saytının müxbiri ilə məktəb ləvazimatları və dərsliklər satılan mağazalardan birinin satıcısı arasında olub.

Bu mağazaların demək olar ki, hamısında dərsliklər, iş dəftərləri və digər dərs vəsaitləri açıq satışdadır. Hətta üstünə “Pulsuz” yazılanlar da.

Həmin mağazalarda müxtəlif nəşriyyatların (“Bakınəşr”, “Şərq-Qərb”, “Radius”, “Altun kitab”, “Təhsil”, “Aspoliqraf”, “Çaşıoğlu”, “Kövsər”, “Xəzər”, “Hədəf” və digərləri) məhsulu olan orta məktəb dərslikləri var.

Məlum olduğu kimi, bu dərsliklərdən bəzilərinin üzərində “Pulsuz” yazısı qeyd olunduğu halda onlar satışdadır.

Üzərində bu qeyd olan dərsliklər orta məktəblərə pulsuz paylanmaq üçün nəşr edilir. Nəşriyyatın özünün seçdiyi dərslik müəllifləri kitabı yazır, dərslik Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasında yoxlanılır, bundan sonra məktəblərə paylanır. Özü də şagirdlərə pulsuz verilməsi üçün. Amma...

Amma dediyimiz kimi, onlar mağazalara da yol tapır və satılır.

Ona görə də məntiqi sual yaranır: məktəblərdə şagirdlərə paylanmalı olan pulsuz dərsliklər satışdadırsa, bəs şagirdlər hansı kitablardan istifadə edir? Şagirdlərə dərslik kifayət edirmi?

Bu suala çoxları, o cümlədən valideynlər də cavab tapa bilmir.

Qızı orta məktəbin 6-cı sinfində təhsil alan Xuraman İsmayılova deyir ki, qızına verilən kitabların bir qismi işlənmiş olduğundan onlardan istifadə mümkün deyil: “Məsələn, “Riyaziyyat” kitabında üstündə həll edilmiş misallar var. Uşaq ondan necə istifadə etsin? Məktəb də hər uşağa cəmi bir kitab verir, ona görə də məcbur oluruq ki, məktəbdən pulsuz almalı olduğumuz kitaba pul xərcləyək”.

Oğlu 4-cü sinifdə təhsil alan Jalə Ağazadə isə deyir ki, məktəb dərslikləri təzə olsa belə özü istifadəyə yararsız kimi qiymətləndirilir və müəllimlər çoxlu sayda əlavə test və iş dəftəri almağı tələb edir: “Müəllimlər deyir ki, dərsliklər çox zəifdir əlavə testlər, sinifdən xaric oxu kitabları və iş dəftərləri alınmalıdır. Təkcə iş dəftəri üçün 35 manat vermişəm, 30 manat isə əlavə test üçün yığılıb. 4-cü sinifdə oxuyan uşaq üçün ümumilikdə test və iş dəftərlərinə 100 manat xərcləmişəm”.

Buna baxmayaraq yenə də şagirdlərə pulsuz verilməli olan dərsliklərin satışda gözə dəyməsi bir çox suallar doğurur. Onlar kitab mağazalarına necə gedib çıxır? Bu işi kim həyata keçirir? Onların satış qiyməti necə müəyyənləşir. Nəhayət, bu halların qarşısı necə alınır?

Belə kitabların satıldığı mağazalardan birinin satıcısı deyir ki, bunu məktəb rəhbərlikləri təşkil edir: “Məktəb kitabxanaları gətirib satırlar, biz də alıb satırıq”.

Adının çəkilməsindən ehtiyatlanan kitab satıcısı deyir ki, pulsuz dərsliklərin satışından həm məktəb rəhbərliyi, həm də nəşriyyat xəbərdardır: “Məktəb kitabxanalarının rəhbərləri direktorlarla əlbir olur bu dərslikləri birlikdə satırlar. Kitab mağazaları isə “pulsuz” kitablardan digərlərinə baxanda daha çox qazanırlar. Belə ki, üstündə müəyyən məbləğ qeyd olunan dərsliklərə satıcılar istədiyi qədər qiymət əlavə edə bilmir. Məsələn, kitabın üzərində 5 manat yazılıbsa, nəşriyyat onu mağazaya 3 manat 50 qəpiyə - topdansatış qiymətinə verir. Mağaza burada yalnız 1 manat 50 qəpik qazanc əldə edə bilir. Pulsuz dərsliklərin isə baza qiyməti maksimum 2 manat 50 qəpik olur və mağaza onu 5 manata sataraq digərləri ilə müqayisədə daha yaxşı gəlir əldə edir”.

Baş çəkdiyimiz məktəb ləvazimatları mağazalarında üzərində “pulsuz” sözü qeyd olunduğu halda satışda olduğunun şahidi olduğumuz kitablar “Şərq-Qərb” nəşriyyatının məhsulu idi.

Maraqlıdır, nəşriyyatın özü həqiqətən də pulsuz dərsliklərin satılmasından xəbərdardır?

Sualımıza cavab almaq üçün adıçəkilən nəşriyyatla əlaqə saxladıq.

Nəşriyyatın əməkdaşı Səadət Həsənova virtualaz.org saytına açıqlamasında bildirdi ki, onların bu barədə heç bir məlumatı yoxdur: “Bu dərsliklər çap olunur, daha sonra Təhsil Nazirliyinə verilir. Onların məktəblərə paylanması işini nazirlik özü həyata keçirir. Bizim nəşr etdiyimiz pulsuz dərsliklərin satışda olması barədə isə heç bir məlumatımız yoxdur”.

Orta məktəb dərslikləri Təhsil Nazirliyinin keçirdiyi tenderdə qalib gələn nəşriyyatlar tərəfindən çap edilir. Belə ki, mövcud qanunvericiliyə uyğun olaraq dərsliklər yalnız tender yolu ilə hazırlanır və çap edilir.

Nəşriyyatlar nazirlik tərəfindən seçilmir. Müstəqil şəkildə tenderdə iştirak edən və qalib gələn nəşriyyatlar dərslikləri çap edir. Bütün ümumtəhsil məktəb dərslikləri Dərslikləri Qiymətləndirmə Şurasında ekspertizadan keçirildikdən sonra nazirlik tərəfindən təsdiqlənir.

Nazirliyin rəsmi məlumatına görə, 2014-2015-ci tədris ilinə ümumtəhsil məktəblərinin I, II, III, V, VII, IX, X və XI sinifləri üçün 271 adda və 7 milyon 819 min 480 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap olunub və tədris ilinin əvvəlinə kimi ümumtəhsil müəssisələrinə çatdırılıb. Bunun üçün ayrılan vəsaitlə bağlı isə heç bir məlumat yoxdur.

Bəs nazirlik məktəblərdə pulsuz paylanmalı olan kitabların satışından, məktəb kitabxanalarının dərslikləri satışa çıxarması iddiasından necə, xəbərdardırmı?

Təhsil Nazirliyindən virtualaz.org saytının sorğusunda cavabında bildirilib ki, əgər belə hal varsa, buna görə məsuliyyəti məktəb rəhbərliyi daşıyır: “Hökumətin müvafiq qərarına uyğun olaraq ümumtəhsil məktəblərinin şagirdləri dərsliklərlə pulsuz təmin olunurlar. Hər bir dərsliyin istifadə müddəti 4 ildir. Tender yolu ilə hazırlanıb çap olunan dərsliklər müvafiq bölgü üzrə rayon (şəhər) təhsil şöbələrinə təhvil verilir. Həmin şöbələr öz növbəsində aldığı dərsliklərin məktəblər üzrə paylanılmasını təmin edir. Müvafiq maliyyə sənədi ilə təhvil alınan dərsliklər məktəbin əmlakı (inventarı) kimi qeydiyyata alınır və fondlaşdırılır.

Dərsliklərdən istifadə “Dərsliklərin nəşri, çapı və paylanılması Qaydaları”na əsasən tənzimlənir. Dərslik fondunun qorunub saxlanılması və istifadəsinə görə təhsil müəssisənin rəhbəri məsuliyyət daşıyır. Fonda daxil olan hər bir dərslik qeydə alınır, ştamp vurulur və nömrələnir”.

Pulsuz dərsliklərin satışına gəlincə isə nazirlik sorğumuza cavabında kitab satışına nazirliyin nəzarət etmədiyini bildirməklə kifayətləndi.Dövlətin verdiyi “pulsuz” dərsliklər niyə və necə satılır?!-FOTOLAR

Aldığımız cavablardan belə məlum olur ki, hər kəs məsuliyyəti öz üzərindən atır. Halbuki satışda nazirliyin ayırdığı maliyyə hesabına çap olunan “pulsuz” dərsliklər var. Nazirliyin sorğumuza cavabına əsasən isə demək olar ki, kitabxanaların dərslikləri satışa çıxarması mümkün deyil. Bəs məsuliyyəti kim daşıyır?

Təhsil eksperti Etibar Əliyev virtualaz.org saytına açıqlamasında bildirdi ki, bu, iki yolla baş tuta bilər - ya dərsliklər şagirdlərə əskik paylanır, ya da tirajdan artıq çap olunur: “Dərsliklərin orta məktəblərə çatdırılmasını Təhsil Nazirliyi həyata keçirir. Hər dərslik üzrə isə tiraj müəyyən olunur. Həmin tiraj əsasında kitablar çap edilir. Bir çox dərsliklərdə isə tiraj yanlış göstərilir. Məsələn, 100 min tirajla çap olunmuş dərsliyin üzərində tiraj 20-30 min qeyd edilir. Tiraj məsələsində müəyyən saxtakarlıqlar dərhal hiss olunur. Əgər dərsliklər şagirdlərin sayına əsasən çap olunursa, satışda olan pulsuz dərslikləri ancaq belə izah etmək olar ki, ya şagirdlərin hamısına dərslik çatdırılmır, ya da bazara çıxarmaq üçün əlavə dərsliklər çap olunur. Bu da çox ciddi miqdarda maliyyə vəsaitinin xərclənməsinə səbəb olur. Məncə, dərsliklər şagirdlərə paylanandan sonra nazirlik monitorinq keçirməlidir. Mənə bəzi rayonlardan da məlumat gəlir ki, şagirdlərə dərslik çatmır”.

E.Əliyev köhnə təcrübəni də xatırlatdı: “Keçmiş təhsil naziri Misir Mərdanov demişdi ki, elə valideyn var, istəyir uşağının iki kitabı olsun. Bu da o deməkdir ki, nəşriyyatlar əlavə dərsliklər çap edir və böyük maliyyə əldə etmək məqsədilə satışa buraxılır. Bunun konturlarını keçmiş nazir özü açmışdı. Bu məsələyə həm məktəb direktorları, həm kitabxana rəhbərləri, həm də nazirlik özü ciddi yanaşmalıdır”.

Məlumat üçün bildirək ki, Bakıda fəaliyyət göstərən türk liseylərində Azərbaycan yox, Türkiyə Təhsil Nazirliyinin hazırladığı dərsliklər paylanır. Bu dərsliklərin üzərində isə “ücretsiz”, yəni “pulsuz” qeydi ilə yanaşı onun satışının qanunazidd olması barədə xəbərdarlıq da yer alır.

Bizdə çap olunan dərsliklərdə isə bu məzmunda xəbərdarlıq yoxdur. Amma yəqin ki, hətta olsaydı da xeyri olmayacaqdı...
Dövlətin verdiyi “pulsuz” dərsliklər niyə və necə satılır?!-FOTOLAR
Dövlətin verdiyi “pulsuz” dərsliklər niyə və necə satılır?!-FOTOLAR
Dövlətin verdiyi “pulsuz” dərsliklər niyə və necə satılır?!-FOTOLAR
Dövlətin verdiyi “pulsuz” dərsliklər niyə və necə satılır?!-FOTOLAR
Dövlətin verdiyi “pulsuz” dərsliklər niyə və necə satılır?!-FOTOLAR
Dövlətin verdiyi “pulsuz” dərsliklər niyə və necə satılır?!-FOTOLAR
Dövlətin verdiyi “pulsuz” dərsliklər niyə və necə satılır?!-FOTOLAR
Dövlətin verdiyi “pulsuz” dərsliklər niyə və necə satılır?!-FOTOLAR