BolgeXeber.Com » Analitika » Bir əldə üç qarpız tutmaq reallığı...

Bir əldə üç qarpız tutmaq reallığı...

3-10-2015, 14:39
Oxunub: 978 Bir əldə üç qarpız tutmaq reallığı...Və ya ənənəyə son qoyulması gerçəkləşəcəkmi?

Bəzən məni qınayırlar ki, bəs Misir Mərdanov artıq üç ildir ki, Nazir postunu tərk edib, sən isə hələ də onu qınamaqda davam edirsən.Türk arkadaşlarımız demiş oturdum, düşündüm, taşındım belə qərara gəldim ki, heç olmasa bir dəfə də olsa Misir Mərdanovla bağlı nə isə bir xoş söz deyim. Axı, necə olsa, bu şəxs təhsilimizə nə az, nə çox, 15 il rəhbərlik edib.

”...Uzun müddət ali məktəbdə çalışan şəxs kimi düşünürəm ki, kafedra müdiri və dekan vəzifəsi ali məktəbdə ən məsul vəzifələrdəndir. İndiki vəziyyətdə fakültə dekanı və kafedra müdiri fakültədə və kafedrada işlərin təşkili, tədris planı və proqramlarının, cədvəllərin tərtibi, müəllimlərin işə qəbulu, semestr və dövlət imtahanlarının təşkili və onlara nəzarətin həyata keçirilməsi, bütövlükdə təhsilin keyfiyyətinin idarə olunması məsələlərinə cavabdeh olan şəxslərdir və onlar yalnız 0,5 ştat hesabı ilə müvafiq kafedralarda müəllim kimi calışa bilərlər. Fikrimcə, universitetlərdən kənarda fəaliyyət göstərən millət vəkillərinin, nazirlərin və digər vəzıfə sahiblərinin kafedra müdiri kimi fəaliyyət göstərməsi də, əslində, ali məktəbın inkişafına mane olmaqdan başqa bir şey deyildir. Hesab edirəm ki, belə hallar təxirəsalınmadan aradan qaldırilmalı, həmin vəzıfələr gənc və perspektivli kadrlara həvalə olunmalıdır”

Bu qızıdan qiymətli ideyanı irəli sürərkən, deyəsən Misir müəllim özünün də BDU- da ali riyaziyyat kafedrasının müdiri olduğunu “unutmuşdu”. Hər halda, ürəyə yağ kimi yayılan fikirlərə söz ola bilməz. Nə bilmək olar, bəlkə də Misir müəllim “qızıma deyirəm gəlinim eşitsin” mövqeyindən universitetlərdə dekan, kafedra müdiri vəzıfələrini tutan digər onlarla nazir müavinini, komitə sədrini, rektoru, Milli Məclis üzvlərinı, admınıstrasiya rəhbərlərini, dövlətdə və hökumətdə məsul vəzıfə tutan dıgər rəhbər məmurları nəzərdə tutubmuş?

Sözümün canı ondadır ki, deyəsən Misir müəllimin arzusumu deyək, tövsiyəsimi deyək fikirlərimi deyək çin olmaq üzrədir. Yəni, Milli Məclisə seçkilər ərəfəsində belə qərara alınıb ki, (əgər, fikir dəyişməsə) partiya tərəfindən namizədliyi irəli sürülmüş rektorlar deputat seçilsələr, vəzifədən gedəcəklər. Hələ ki, rektorluğu deputat mandatına dəyişənlər də var, rektorluğa üstünlük verənlər də, bundan formal imtina edənlər də, müstəqil şəkildə namizədliyini irəli sürənlər də, seçim qarşısında qalanlar da. Maraqlı cəhət nədir? Zənnimcə rektorların seçimlə bağlı məsələyə münasibəti:

“Mən 10 ildir millət vəkiliyəm. Əgər partiya yenidən namizədliyimi irəli sürməyi məsləhət bilsə, seçkidə iştirak edəcəyəm” ; “Mən dövlətin verdiyi qanuna müvafiq olaraq hərəkət edəcəyəm. Bəziləri deyir ki, rektor deputat ola bilməz. Mən qanuna riayət edən insanam. Olmaz deyirlərsə, olmayacağam“; “Partiya mənə nə desə, ona da əməl edəcəm-biz əsgərik”;”Mən heç vaxt o işimlə bu işimi fərqləndirməmışəm. Dövlət qarşısında hər bir vətəndaşın borcu kimi hər ikisini öz borcum hesab etmışəm, hər ikisini planlı həyata keçirmışəm.“ və s. və i.a. Xüsusilə sonuncu mövqe mənə sankı, Kitabi-Dədə Qorqud eposundakı Bamsı Beyrəyin Alp Aruza verdiyi cavabı xatirlatdı: “And olsun o ulu ocağa ki, mən heç vaxt Qazana düşmən olmaram. Qazanın evini evim, ocağını ocağım bilmişəm, ağlayanda ağlamışam, güləndə gülmüşəm, mən Qazandan dönmərəm.“ Yarı zarafat, yarı gerçək olsa da bəzi rektorlarımızın bu kimi seçki qabağı səsləndirdikləri fikirləri eşidəndə qürur hissi keçirməkdən az qala adamın gözləri yaşarsın.

Vəzıfə ilə yanaşı deputatlıq fəaliyyəti göstərilməsinin qanunvericiliyə zidd olub-olmaması, rektorun deputat seçilə bilib-bilməməsi, partiyanın namizədliyi irəli sürməsini məsləhət görüb görməməsi, bir əldə iki qarpız tutmağın mümkün olub-olmaması, yaradanın hər birimizə öz yerini müəyyənləşdirməsi barədə əski dini deyimə məhəl qoyub-qoymamağımız da bir yana, bəs məntiqə nə deyəsən. Qəbul imtahanları testlərinə sualların azqala yarısını məntiqdən salırıq. Özümüz isə məntiqi nəticə çıxarmaqda çətinlik çəkirik və ya özümüzü o yerə qoymuruq. Yəni, millət vəkilliyindən savayi, daha bir, hətta iki və daha çox yerlərdə çalışmağın praktiki cəhətdən mümkünsüzlüyünü anlamaq bu qədərmi çətindir. Hələ, əlavə kommersiya fəaliyyəti də qalsın bir yana.

Məntiqdən söz düşmüşkən, BDU nun rektoru Abel Məhərrəmovun açıqlamasından bu mənada obyektiv mövqeyin işartılarını əxz etmək olardı, axırıncı cümlə olmasaydı: ”Bu, doğru qaydadır, özü də çox doğru qaydadır. Belə bir təcrübə dünyada da mövcuddur. Adam bir vəzifə daşımalıdır, Biz də bu qayda ilə tamamilə razıyıq. Mən rektor olaraq öz vəzifəmi icra edəcəm, bu il keçiriləcək parlament seçkilərində YAP-ın deputatlığa namizədi olmayacam. Partiyadan mənə belə məsləhət olundu və mən də razılaşdım.“ Çox təəssüf ki, bu məntiq gözlənildiyi kimi məhz rektora deil, partiyaya məxsusdur.

İstəsək də, istəməsək də bir həqiqətlə hesablaşmalıyıq ki, bu gün ali təhsil ocaqlarında baş verən neqativliklərin bir və həm də ən başlıca səbəbi, rektorların bir neçə vəzıfə daşıması ilə əlaqədar, əsas vəzifələrinin icrasına vaxt tapa bilməmələri, lazımi diqqət yetirə bilmək imkanlarının olmaması ilə əlaqədardır. Həm millət vəkili, həm kafedra müdiri, həm... olan rektordan 15-20 min tələbəsi, mindən artıq müəllimi, onlarla fakultəsi, kafedrası, mərkəzlərı, muzeyləri, daha nələri olan universitetə rəhbərlik və nəzarət funksiyasını həyata keçırə biləcəyinı gözləmək özü belə heç bir məntiqə sıxmır.

Haşiyə: 80-ci ilin sonlarında, gəncliyimin oğlan çağında elmi fəaliyyətdən adminstrativ işə keçmişdim, daha doğrusu keçırilmişdim.Bakı şəhərinin təhsil şöbələrindən birinə rəhbərlik etmək mənə etimad olunmuşdu. Ağır və üzücü elmı araşdımalardan qurtulmaq sevincim uzun çəkmədi. Halbuki, elmi işim də hazır idi, avtoreferatım da çıxmışdı, opponentlərim də müəyyənləşmişdi. Müxtəlif tədbirlər, rəsmi görüşlər, qəbullar, yuxarı təşkilatlar tərəfindən çağırışlar, ərizə və sikayətlər daha nələr, nələr... Bütün bunları iş rejıminə sıxışdıra bilmirdim. Sadəcə olaraq mənəvi və fiziki imkanlarım buna yol vermirdi. Məcburiyyətdən evə gecə yarısı getməli olurdum, Şənbə, bazar və bayram günlərində ışə çıxıb, ərizə və şıkayətləri nəzərdən keçirib onlara cavab hazırlayırdım.O, zamanlar ərizə və şikayətlərin icrası vəziyyətinə ciddi yanaşılırdı, gecikdirmə hallarına qarşı ən sərt ölçü götürülürdü. İşimlə bağlı vaxt tapa bilməməyim imkansızlığı məni Moskva şəhərinə gedib hazır elmi-tədqiqat işimi müdafiə etmək arzusundan məhrum etdi.

Indi, “maşallah olsun”, bir çox məmurlarımız eyni zamanda bir neçə vəzifə də tuturlar, elmi fəaliyyətlə məçğul olub, doktorluq titulları da alırlar, deputalığa namizədliklərini verib millət vəkili statusunu da qazanırlar, kommersiya və biznes fəaliyyətinə də baş vururlar, adam kimi istirahət etməyə də vaxt tapırlar. Misir müəllimin sözü olmasın, bu vəzıfələrdən birini gənc və perspektivl kadrlara həvalə etmək barədə düşünən yoxdur. Rektorlar seçım qarşısında qaldığı ərəfədə artıq prorektorlar deputat olmaq iddiasına düşüblər.Belə çıxır ki, “komu blin, komu klin”
Deyəsən, bir az tələsdim, demə, bu rus məsəlinin azərbaycan variantı da varmış: “Kiminə kökə, kiminə zopa”

Vəziyyəti çox da dramatik məcraya yönəlmək fikrindən uzağam. Bununla belə tarix və təcrübəyə istinad etmək də problemin həllində müəyyən impuls rolunu oynaya bilər. İkinci dünya müharibəsinin sonlarında Hitlerə qarşı gizli sui-qəsd hazırlamağı nəzərdə tutan “Valkiriya” planının təşəbbüsçülərindən və təşkilatçılarından olan polkovnik Ştaufenberq tarixə yazılacaq bir fikir irəli sürmüşdü: “Ya, Almaniyaya xidmət etməliyik, ya da Fürerə. Hər ikisinə yox” Müqayisəmin nə dərəcədə uğrlu alınıb-alınmadığını bilmirəm, onu bilirəm ki, ya millət vəkili olub, seçıcılərimizin qayğları ilə maraqlanmalı, ya da rektor olub, təhsilimizin problemləri ilə məşğul olub, millətə hansısa bir fayda verməliyik.


Nadir İsrafilov, təhsil eksperti
Bolgexeber.com