BolgeXeber.Com » Analitika » Sosial şəbəkədəki testlər təhlükəlidir...

Sosial şəbəkədəki testlər təhlükəlidir...

6-10-2015, 09:11
Oxunub: 3 560 Sosial şəbəkədəki testlər təhlükəlidir...Neçə il yaşayacağını öyrənmək istəyən.... sağlığında nələr itirə bilər?

Facebookda hər gün qarşımıza çıxan testlər var: “Sizi bu dünyada ən çox sevən insan kimdir”dən tutmuş, “Hansı ölkədə doğulmalıydınız”, “Neçənci ildə öləcəksiniz”ə qədər. Bir-birindən ilginc, əyləncəli testlər və bir o qədər də ilginc nəticələr. Məlumdur ki, insanlar onsuz da boz olan həyatlarına rəng qatmaq üçün bu testləri həll edir, ordan çıxan nəticələrlə əylənir, onu paylaşıb dostlarıyla müzakirə aparır, gülür, yenə də əylənir. Amma...

Bu əyləncəli anların sonrası da var. Belə ki, ekspertlər hesab edir ki, bu cür testlər internet istifadəçiləri üçün ciddi təhlükə mənbəyi ola bilər. Birinci ondan başlayaq ki, bu cür testlərin yerləşdirildiyi saytlar onların yaradıcısı üçün ciddi reklam mənbəyidir. Çünki burda yer alan reklamlar ciddi məbləğdə vəsait gətirir. Ona görə də bu testlər olduqca sadə və hətta primitiv şəkildə hazırlanıb. Məqsəd daha çox insanın marağını cəlb etmək, bununla da məqsədə çatmaqdır.

Rusiyanın “Qazete.ru” saytının araşdırmasına görə, kibercinayətkarları məhz istifadəçilərin sayının çoxluğu cəlb edə bilər. Bunun yolu isə olduqca sadədir: test tərtib et və istənilən istifadəçinin facebook ünvanına giriş əldə et. Kibercinayətkarlar üçün internet istifadəçilərinin şəxsi və maliyyə məlumatlarını əldə etmənin yolu burdan keçir. Və bu cür testlər də diqqətsiz şəxslər üçün nəzərdə tutulub. Sorğu həyata keçirilən zaman istifadəçinin facebook profilindən bütün baza məlumatlarına giriş əldə edilir - bura ad-soyad, şəkillər və dostların kimliyi aiddir. Bunlar o qədər də ciddi təhlükə mənbəyi ola bilməz.

Amma bununla paralel, sayıqlığı itirmək olmaz. Bəzi testlərin çözülməsi zamanı birbaşa facebook profilinə giriş istənilir. “Razıyam” düyməsini basan istifadəçi bu halda bütün şəxsi məlumatlarını hədiyyə kimi hakerlərə vermiş olur. Bu isə ən yaxşı halda spamların yayılması üçün internet ünvanınızdan istifadə olunacağı anlamına gəlir.

Hətta bəzi testlərin həll olunması zamanı istifadəçidən şəxsi məlumatları, bura parol və bank kartının detalları daxildir, soruşulur. Ona görə də hər testi uşaq sadəlövhlüyü ilə həll etməyə çalışmadan öncə orda nə soruşulduğuna da nəzər salmaq lazımdır. Bununla yanaşı, bu sayaq testləri keçməyə həvəsli olan şəxslərin öz kompüterində antivirus proqramları olmalıdır. Bununla da kompüterinizə zərərli kodların daxil olmasının qarşısını ala biləcəksiz.

Bu sayaq testləri həll edənləri başqa təhlükələr də gözləyir. İstifadəçi telefon nömrəsini dəyişmək, bank hesabını bloklamaq və dələduzluq qurbanı olması barədə ərizə yazmaq zorunda qala bilər. Ümumiyyətlə isə çoxlu sualları olan testlərin nəticəsi daha etibarlı olur. Qeyriləri isə daha çox gündəlik qoroskopu xatırladır. Amma insanları da daha çox sualları olmayan, dərhal nəticə verən testlər cəlb edir.

Heç də hər şeyə etibar etməyə dəymir. İlk baxışda zərərsiz görünən testlər əyləncə təsiri bağışlasa da, burada bəzi incə detallar da var. Məsələn, əgər siz suallara cavab vermədən İQ-nizi (intellektual səviyyənizi) öyrənmək istəyirsinizsə, əmin olun ki, bu testlər tələdir. Çünki suallara cavab vermədən sizə “dahi” olduğunuzu deyən dahilər sizdən, sizin profilinizdən necə var istifadə edəcəklər. Testi həll etmədən öncə onun detalları ilə dərindən tanış olmaq lazımdır. Yəni bir istifadəçi olaraq səndən nə tələb olunur və sonucda sənə hansı informasiya veriləcək. Yuxarıda da qeyd etdiyimiz kimi, bəzi testlər özündə virus saxlayır ki, bu da həm şəxsin internet ünvanı, həm də kompüteri üçün ciddi təhlükədir. Onlardan bəziləri spam informasiyalar yayırlar.

Arayış üçün deyək ki, haqqında danışdığımız testlər iki kanal vasitəsilə yayımlanır. Bunlardan biri “Captan Quizz”, digəri isə “Nametest.com”dur. "Captan Quizz" testləri arasında ən məşhuru təbii ki, “Gerçək ruh əkizin kimdir?” olanıdır. Bundan əlavə, “Neçə uşağınız olmalıdır?”, “Saçınız hansı rəngdə olmalıdır?”, “Hansı element sizə uyğundur?” kimi testləri də unutmayaq. Maraqlıdır ki, "Captan Quizz" proqramı bu testdən keçmək üçün internet istifadəçisindən bəzi icazələr istəyir. İcazə verirsinizsə, proqram istifadəçinin hər kəsə açıq profilinə, dostluq siyahına, zaman tunelində paylaşdıqlarına, ad gününə və şəkillərinə giriş əldə edəcək.

"Nametest.com"da isə ən məşhur testlər “əslində neçə yaşınız var?”, “Neçə gizli fanatınız var?”, “Əslində kimsən?”, “50 il sonra necə görünəcəksən”-dir. Bu testlərin hər birindən keçəndə sizdən profil və email ünvanınız istənilir. Nametest.com "Captan Quizz"ə nisbətən daha az icazə istəyir. Amma nəzərə alaq ki, burda istifadəçidən e-mail ünvanı istənilir. E-mail ünvanının istənilməsi isə heç də xoş hadisə deyil. Çünki siz ondan hansı məqsədlər üçün istifadə ediləcəyini təxmin edə bilməzsiniz.
/musavat.com