BolgeXeber.Com » Analitika » Yaşayış minimumu – 136 manatla neçə gün yaşamaq olar?

Yaşayış minimumu – 136 manatla neçə gün yaşamaq olar?

17-10-2015, 11:40
Oxunub: 3 246 Yaşayış minimumu – 136 manatla neçə gün yaşamaq olar?Ekspertlər yaşayış minimumunun artırılmasının yetərli olmadığını bildirirlər, “azı iki dəfə artırılmalıdır”...

Ölkədə 2016-cı il üçün yaşayış minimumu 136 manat məbləğində proqnozlaşdırılıb. Bu barədə məsələ Milli Məclisin plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində öz əksini tapıb. Qeyd olunub ki, 2016-cı il dövlət büdcəsi zərfində ölkəmizdə 2016-cı il üçün yaşayış minimumunun 136 manat olacağı proqnozlaşdırılıb. Sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 145 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün isə 118 manat məbləğində gözlənilir.

Ekspertlər isə bildirirlər ki, Azərbaycanda minimum əmək haqqı, minimum təqaüd, yaşayış minimumu, sosial müavinətlər köhnə, çağdaş olmayan, yeni tələbatlara cavab verməyən indikatorlarla hesablanır. “Müasir dünyada bütün bu kateqoriyalara, o cümlədən minimum əmək haqqına internetdən istifadə, mədəni əyləncə, kitab və digər xərclər də nəzərə alınmaqla hesablanır. Bizdə isə bütün hesablamalar rəsmi rəqəmlərin xoş olması üçün edilir, reallıq nəzərə alınmır.
Məsələn, minimum əmək haqqı müxtəlif kateqoriyalarda 110 manat ətrafında dəyişir, amma Avropa Birliyinin ən kasıb ölkəsi olan Bolqarıstanda bu 200 avro civarındadır, yəni bizdən 2 dəfə çoxdur. Həm də onu nəzərə almaq lazımdır ki, Bolqarıstanda qiymətlər də bizdən 2 dəfəyə yaxın ucuzdur”,- ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a danışarkən bildirib. Onun sözlərinə görə, bizdə çağdaş, normal indikatorlar tətdiq edilərək hesablamalar aparılsa, minimum əmək haqqı, yaşayış minimumu, sosial müavinatlar azı 2 dəfə artırılmalıdır.

Qeyd edək ki, ölkədə yaşayış minimumu və ehtiyac meyarı daha çox ünvanlı sosial yardım prosesində istifadə olunur. Əhaliyə veriləcək ünvanlı sosial yardımı müəyyənləşdirmək üçün ehtiyac müəyyən olunur. Adambaşına düşən ehtiyac minimumu əsasında onların əldə etdikləri gəlirlər tutuşdurulur və bunun əsasında ünvanlı sosial yardımın məbləği müəyyən edilir. Ekspertlər vurğulayırlar ki, əslində ölkədə yaşayış minimumunun hesablanma indikatorları dəyişməlidir. “Axırıncı verilən məlumatlardan aydın olurdu ki, bizdə yaşayış minimumunun hesablanması kriteriyaları keçən əsrin 90-cı illərində müəyyən olunub. Məsələn, gündəlik çörək, yağ, ət, meyvə, tərəvəz rasionu o zamanın tələblərinə uyğun müəyyənləşir. Yaxud da geyimdə belə bir kriteriyalar var ki, bir ayaqqabının 3 il, üst paltarlarının 5 il geyinilməsi nəzərdə tutulur. Bu isə qeyri-real yanaşmadır. Hamı bilir ki, insan bir ayaqqabını 3 il geyinə bilməz. Ən azından aşınmaya məruz qalır və problemlərə səbəb olur. Ona görə də 21-ci əsrin, 2015-ci ilin tələblərinə cavab verən yeni kriteriyalar müəyyən edilməlidir”,- deyə Natiq Cəfərli “Bizimyol”a bildirib. Onun sözlərinə görə, artıq çağdaş dünyada, Avropa Birliyi ölkələrində, hətta qonşu Türkiyədə yaşayış minimumuna yeni hesablama mexanizmləri daxil edilib: “Dünyada hətta internetdən istifadəyə, bir ay ərzində mədəni tədbirlərə qatılmağa, kitab almağa qədər yeni indikatorlar da əlavə olunur və yaşayış minimumu bu qaydalara görə hesablanır. Azərbaycanda da ilk növbədə atılacaq addım məhz bu kriteriyaların dəyişdirilməsidir. Həm ərzaq, həm geyim, həm yaşam tərzi, həm də aylıq başqa xərclərlə bağlı yeni kriteriyalar salınmalıdır ki, normal yaşayış səviyyəsində minimumu hesablamaq mümkün olsun”.

Bildirilir ki, rəsmi rəqəmlərə görə, Avropa Birliyinin ən kasıb ölkəsi Bolqarıstandır. Hətta bu ölkədə belə yaşayış minimumu 180 avro civarındadır. Yəni bizim indiki məzənnə ilə götürsək, 200 manatdan yuxarıdır. Bu ölkədə qiymətlər də Azərbaycanda olan qiymətlərdən iki dəfə aşağıdır: həm geyimdə, həm ərzaqda, həm də kommunal xərclərdə. İnsanların gəlirləri aşağı olduğu üçün bu, qiymətlərə də təsir göstərir. Ekspertlər qeyd edirlər ki, Azərbaycana ilk növbədə bu yanaşma gətirilməli, insanların yeni yaşayış minimumlarının hesablanma qaydaları müəyyənləşməlidir. Bundan sonra onun həcmi və həddi elan olunmalıdır. Yəni bu, Nazirlər Kabinetinin, yaxud da hansısa 5-6 məmurun yığışıb birlikdə qərar verəcəyi bir rəqəm olmamalıdır. Bəlli hesablama mexanizmi olan kriteriyalar olmalıdır ki, mütəxəssislər, hətta adi vətəndaş belə aylıq minimumu özləri hesablaya bilsinlər. Həmçinin, hesablama zamanı inflyasiya səviyyəsinə görə indeksləşmə də aparılmalıdır.

“Hesablama kriteriyalarına inflyasiyanın təsirlərini də daxil etmək lazımdır ki, ölkədəki gizli və açıq proseslər nəzərə alınmalıdır. Yəni rəsmi rəqəmlərin təxminən 3 faiz civarında inflyasiya olduğu deyilsə də, real vəziyyət rəsmi rəqəmlərdən 2-3 dəfə artıqdır. Əsasən ərzaq inflyasiyası nəzərə alınmalıdır. Çünki bu, digər mal və xidmət növlərindən daha artıq olur. Yoxsulluq həddində yaşayan insanların əsas xərclərini məhz ərzaq xərcləri təşkil edir. Ona görə də məhz ərzaq məhsullarına görə indeksləşmə aparılması doğru olardı. Bütün bu kompleks tədbirlər həyata keçirildikdən sonra müvafiq bir rəqəm ortalığa çıxmalıdır. Amma təəssüf ki, bizdə əvvəlcə rəqəmi elan edirlər, ondan sonra bu rəqəmə bir ay yaşamağın mümkün olub-olmadığını hesablamağa və ya fikir yürütməyə çalışırlar. Bu isə kökündən səhv yanaşmadır”,- N.Cəfərli vurğulayıb.

Qeyd edək ki, gələn il üçün nəzərdə tutulan məbləğ əvvəlki il üçün nəzərdə tutulan 131 manatlıq səviyyədən 3,8 faiz yüksəkdir. 2015-ci il büdcəsində də yaşayış minimumu əvvəlki ilə baxanda 4,8 faiz artırılmışdı.

“Yaşayış minimumu haqqında” qanuna əsasən, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni vətəndaşın yaşaması üçün lazım olan ərzaqların, geyimlərin və digər məişət avadanlıqlarının, həmçinin kommunal xidmətlərin toplam qiymətindən ibarətdir. Ölkədə bir çox sosial müavinətlər bu göstərici əsasında müəyyən edilir.

Ekspert Azər Mehdiyev isə gələn il üçün nəzərdə tutulan yaşayış minimumu artımını yetərli saymadığını bildirib: “Yaşayış minimumu ən vacib istehlak mallarına uyğun tutulur və ərzaq bu məsələdə əsas paya malikdir. Devalvasiyadan sonra ölkədə ərzaq məhsullarının qiyməti 35-40 faiz artıb. Buna görə də yaşayış minimumu da bu səviyyədə artmalı idi". O, həmçinin qeyd edib ki, Azərbaycanda yaşayış minimumu səviyyəsi müəyyən edilərkən heç bir ciddi araşdırma aparılmır: “Nə vaxtsa bir rəqəm müəyyən ediblər. Hər il rəsmi inflyasiya göstəricisinə uyğun onu artırırlar. Rəsmi inflyasiya göstəricisi çox vaxt ərzaqın real bahalaşmasından qat-qat az olur”.musavat.com