BolgeXeber.Com » Analitika » Bezdirici SMS-lərə necə “dur” deyək?

Bezdirici SMS-lərə necə “dur” deyək?

22-10-2015, 10:16
Oxunub: 4 506 Bezdirici SMS-lərə necə “dur” deyək?“Müştəri telefonuna belə mesajların gəlməsini istəmirsə, bizə zəng etməsi kifayətdir”: Eyyub Hüseynov: “Dövlət orqanları onlara cərimə kəsə, qadağalar qoya bilər...”

“Müxtəlif balıqlardan hazırlanmış ləziz yeməklərimizin dadına baxmaq üçün sizi Halikarnas Balıkcısı restoranına dəvət edirik”, “Optimaldan məişət texnikasını nağd al, yaşının yarısı qədər endirim faizi qazan”; “M.A.C. brendindən limitli sayda Haute Dags kolleksiyası artıq satışda! Sizi mağazalarımızda gözləyirik”; “Artıq bir nəfər 2000 manatın sahibidir, sən də 2 yaz göndər və növbəti həftə 2 min manat qazan” və sairə kimi SMS-lər yəqin ki, hər kəsə tanışdır. Bu tipli reklam SMS-lər gecə gündüz demədən telefonlarımıza gəlir.

Hətta bir çox hallarda yetkinlik yaşına çatmayanların məniviyyatına ziyan vura biləcək məzmunlu SMS-lər də göndərilir. Bir ailədə bir neçə nəfərin mobil telefonu olduğunu, eyni zamanda bir nəfərin bir neçə operatorun xidmətindən istifadə etdiyini nəzərə alsaq, o zaman operatorların insanları aldatmaqla gün ərzində nə qədər pul qazandığını təsəvvür etmək çətin deyil. Abunəçilər ardı-arası kəsilməyən bu SMS-lərdən canını necə qurtaracağının yollarını axtarır. Məntiqlə, mobil telefon fərdi xarakter daşıyırsa, özəldirsə, kiminsə parfüm mağazasından və ya ayaqqabı dükanından məlumat ona niyə daxil olmalıdır?

Söhbət məhz məlumatların icazəli-icazəsiz olmasından gedir. Bu problem haqda geniş müzakirələr getsə də, hələlik müsbət dəyişiklik yoxdur. Əksinə, gün keçdikcə belə SMS-lərin sayı artır.

Azərbaycanda yaşanan problemlər dünyanın bir sıra ölkələrində də mövcuddur. Amma bizdən fərqli olaraq digər ölkələr bu problemin həlli üçün hüquqi müstəvidə praktik tədbirlər görməyə başlayıblar. Məsələn, Rusiyada mobil telefon abunəçisinə razılaşdırılmamış reklam SMS-i göndərmək mümkün deyil. Bundan ötrü operator abunəçi ilə ayrıca müqavilə bağlamalıdır. Abunəçinin razılığı olmadan onun nömrəsinə reklam tipli SMS-lər göndərərsə, Antiinhisar Xidməti operatorla bağlı ölçü götürəcək.

Xatırladaq ki, ötən il Türkiyədə də bu cür bezdirici sms-lərin qarşısının alınması istiqamətində ciddi tədbirlər görüldü. Belə ki, Türkiyədə qüvvəyə minən “Elektron ticarətinin tənzimlənməsi haqqında” Qanuna görə icazəsiz reklam mesajı, elektron poçt göndərən firmalar cəzalandırılacaq. Şəxsi məlumatları, rabitə xidmətlərinin məxfiliyini və e-ticarət əməliyyatlarında istehlakçı hüququnu qorumağı hədəfləyən qanuna görə, mesajlar üçün mütləq istehlakçının razılığı lazımdır. Əgər qaydalara əməl edilməsə, hər bir mesaja görə 1000 lirədən 5 min lirəyə qədər cərimə cəzası tətbiq olunacaq. Mesajlar davam edərsə, cəza tədbirləri daha da sərtləşdiriləcək. Yeni qanuna görə, istehlakçılar istədikləri zaman bu mesajları almağa son verə biləcəklər. Belə ki, “Mesaj almaq istəmirəm” yazaraq SMS göndərəcəklər.


Yenə qanun layihəsinə görə, e-ticarət əməliyyatları zamanı ödəmə aparılmasından əvvəl məhsulla və qiymətlə bağlı bütün məlumatlar alıcıya açıq şəkildə bildirilməlidir.

Bəs bizdə niyə bu cəza tədbirləri həyata keçirilmir? Ümumiyyətlə, SMS-lər göndərən şirkətlər abunəçinin razılığını alırlarmı və ya onları necə dayandırmaq olar?

Suallarımıza cavab tapmaq üçün hər gün bezdirici SMS-lər göndərən bir neçə mağaza və restoranla əlaqə saxladıq. İlk olaraq demək olar ki, hər gün endirim kompaniyaları haqda müxtəlif SMS-lər göndərən, məişət texnikası avadanlıqları satışı ilə məşğul olan “Optimal” mağazası ilə əlaqə saxladıq. Mağazadan bildirdilər ki, alış-veriş edən hər kəsin nömrəsi qeydiyyata alınır və mağazadakı endirimlər, yeniliklər haqda məlumat xarakterli SMS-lər göndərilir. Avadanlıq alarkən alıcıya ona hər gün SMS göndəriləcəyi haqda xəbərdarlıq edilib-edilməyəcəyi məsələsinə gəlincə isə mağazadan nömrəni qeydə alarkən alıcıya yeniliklər haqda xəbər SMS-lər göndərəcəklərini bildirdiklərini dedilər. Bu SMS-lərdən bezənlərin onu necə dayandıracağına gəlincə, abunəçilər, sadəcə olaraq, mağazaya zəng etməklə öz nömrələrinin “qara siyahıya” salınmasına və beləcə, SMS-dən qurtulmağa nail ola bilərlər.
Tez-tez SMS göndərən obyektlərdən biri də “Sultans” restoranıdır. Restoranla əlaqə saxlayıb eyni sualı onun təmsilçisinə verdik. Cavab belə oldu: “SMS göndərdiyimiz şəxslər bizim daimi müştərilərimizdir və onların bizdə siyahısı var. Biz onların razılığı olmadan SMS göndərmirik. Onların özləri deyir ki, nəsə dəyişiklik olanda bizə məlumat verin. Biz SMS-ləri yalnız həftənin 5-6-cı günləri göndəririk. Əgər müştər bu SMS-lərin telefonuna gəlməsini istəmirsə, bizə zəng etmələri kifayətdir ki, biz həmin müştəriyə SMS göndərməyək”.

Buradan belə bir nəticə hasil olur ki, əgər bir abunəçinin telefonuna gün ərzində 6-7 SMS gəlirsə, deməli, o bütün iş-gücünü atıb telefonun başında oturmalı və SMS göndərən mağaza və restorana zəng edərək SMS göndərməyi dayandırmağı tələb etməlidir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu kimi SMS-lərin istehlakçı hüququnu pozduğunu dedi: “Təsadüfi deyil ki, bu ilin mart ayının 14-də bütün mobil operatorların, o cümlədən Rabitə Nazirliyinin məmuru və İqtisadiyyat Nazirliyinin məmurlarının yanında bu cür hallara son qoyulmasının vacibliyini vurğuladım. İstehlakçılar bu SMS-lərdən narahat və narazıdır. Ancaq təəssüflər olsun ki, burada abunəçiləri SMS-lərlə SMS-maniyaya salıb pul alma məsələsi də var. Rabitə Nazirliyi bu işlərə məhdudiyyət qoymalı və İqtisadiyyat Nazirliyi də bunun qarşısını almalıdır. Azərbaycan məhkəmələri hazırda istehlakçıların hüquqlarını qorumaq kimi incə məsələlərə baxmır. Lakin dövlət orqanları cərimə tətbiq edə, qadağalar qoya bilər”.