BolgeXeber.Com » Analitika » Şərqlə qərb arasında qalan təhsilimiz

Şərqlə qərb arasında qalan təhsilimiz

16-11-2015, 11:31
Oxunub: 3 300 Şərqlə qərb arasında qalan təhsilimiz “Çəkmə şotkasını məməlilər sinfinə aid etməklə onda süd vəzisi əmələ gəlmır” (Karl Marks)

Dəyərli fikirləri ilə elm və təhsilimizə verə biləcəyi layiqli töhfəsini daima əsirgəməyən hörmətli professorumuz Şahlar Əsgərovun “Bu cür idarəçiliklə təhsil sistemini inkişaf etdirmək olmaz“ başlıqlı son müsahibələrinin birində maraqlı bir məqama diqqət çəkilib. Azərbaycanda elm və təhsil ikiqat keçid dövrünü yaşayır. Təəsüf ki, hamı bu keçidlərin birindən - sovet təhsil sistemindən yeni təhsil sisteminə keçiddən danışır. Amma başqa bir keçid də var ki, bu da Şərq təhsil sistemindən, Qərb təhsil sisteminə keçiddir. Təhsildəki bu müxtəliflik prinsipləri müasir təhsilimizə də sirayət edib. Yəni, tarixən şərq təhsil sistemi daha çox fərdiyətçilik üslubuna, qərb sistemi isə kollektivçılik prinsiplərinə meylli olub. Elm və təhsil adamlarımızın vahid metodikadan kənar fəaliyyəti təhsilimizin durumunda da öz izini qoyub və qoymaqdadır. Ümumiyyətlə metodika nədir, onun təhsildə yeri və rolu nədən ibarətdir?

Metodika anlayışı (yunanca methodike) metodologiya ilə eyniyyət təşkil edib, müxtəlif izahlı lüğətlərdə nisbətən fərqli şəkildə şərh olunsa da mahiyyət etibarı ilə fəaliyyətin həyata keçirilməsinin müəyyənləşdirilmış bir üsuludur. Başqa kontekstdə, metodika qabaqcadan nəzərdə tutulmuş nəticələrə nail olmağa yönəldilmış praktiki fəaliyyət üsullarının məcmusudur. Bu üsul pedaqogikanın bir hissəsi olub, təlimin ayrı-ayrı fənlər üzrə tədrisi qaydalarını ehtiava edir. Metodika texnologiya anlayışına yaxın olub, bir qayda olaraq, hazır “resept”, bir növ hər hansı bir məqsədyönlü fəaliyyətin həyata keçırilməsi üçün alqoritm, prosedur rolunu oynayır. Metodika üsul və vəzıfələrinin konkretliyinə görə metoddan fərqlənir.

Tədris metodiksı təlim və tərbiyə ilə bağlı fəaliyyət prosesinin, pedaqoji fəaliyyət texnikasının konkret üsul və vasitələrinin toplusu olmaqla, təlimin ümumtəhsil, inkişafetdirici, tərbiyəedicı, praktiki məqsədlərini və təlimin məzmunu, prinsipləri, vasitələri, formaları və metodları kimi komponentləri özündə birləşdirir. Metodika illər boyunca formalaşan səmərəli nətıcələrin əldə edilməsi vasitəsinə çevrilən və nəsildən-nəsilə ötürülən ənənədir. Disterverq yazrdı ki, pis müəllim həqiqəti təqdim edir, yaxşı isə onu tapmağı öyrədir. Qabaqcıl metodikaya yiyələnməyən müəllilim isə yaxşı müəllim ola bilməz. Metodika zaman keçdıkcə təkmilləşməyə, yeniləşəşməyə məruz qala bilər, ancaq bir tədris üsulu kimi mahiyətini və rolunu itirə bilməz.
Təhsilin keyfiyyətinin yüksəldilməsində və müəlimlərin hazırlığı və peşəkarlıq səviyyəsinin artırılmasında böyük əhəmiyyət daşıyan metodika və metodiki xidmətin bəzı məqamlarına toxunmaqda məqsədim ondan ibarətdir ki, uzun müddət diqqətsizlik və biganəlik göstərilməsi ucbatından təhsilin bu son dərəcə mühüm və vacib sahəsi kölgədə qalıb, tədricən unudulmaq həddinə çatdırılıb. Halbuki bir vaxtlar müəllimlərin davamlı olaraq, peşəkarlıq səviyyəsinin inkişafı, fənlərin tədrisi sahəsində yeniliklərlə tanış olması, tədris metodikasının təkmilləşdirilməsi, onların ixtisasartırma ehtiyaclarının müəyyənləşdirilməsi, ümumi təhsil sistemində metodik xidmətın təşkili əsasən təhsil şöbələrinin nəzdində olan metodkabinetlər tərəfindən həyata keçirilərdi. Düzdür hələ ki, bu kabinetlərin fəaliyyətinə xitam verilməyib, bununla belə süstlük və fəaliyytsizlik davam etməkdədir.

Nə baş verir? Biz iki qitənin qovşağında olan bir ölkə kimi qərb və şərq sivilizasiyasının arasında qalmışıq. Qərbə inteqrasiya etməklə bərabər şərq psixologiyasından da imtina edə bilmirik. Təhsilimizdə fərdiyyətçilik meylləri getdikcə güclənir.Dərsliklər kollektiv əməyin bəhrəsi kimi deyil, ayrı-ayrı qeyri peşəkarlar tərəfindən yazılır, hər özəl məktəb tədris planı və proqramlarında ıstədiyi dəyişıkliyi aparır, universitetlərimız korporativ maraqlarından çıxış edib, özlərinə sərf edən qaydalar tətbiq edir, uşaqlarımızın lazımı biliklərə yiyələnməsində daha çox fərdi müəllimlərə-repetitorlara bel bağlayırıq və s. Bu hal metodiki xidmətə münasibətdə özünü daha qabarıq göstərir.Metodistlərin xidmətindən yararlanmağa ehtiyac duymuruq, tez-tez fərdi standartların tətbiqindən danışırıq. Unuduruq ki, bir vaxtlar sivilizasiyanın beşıyi olan şərqdə elm və təhsilin getdikcə tənəzzülə uğramasının bir və ən başlıca səbəbı də məhz ifrat fərdiçiliyə qapanmaq olub.

Bəyənmədiyimiz Sovet dönəmində metodiki işin səmərəli təşkili üçün təhsil müəssisələri ilə sıx əlaqələr qurulardı, məktəb direktorları, müəllimlər, şagirdlər və valideynlərlə yaradılan canlı və səmimi münasibətlər mühüm rol oynayardı.Müəllimin fəaliyyətini istiqamətləndirən metodistlərə qayğı və sayğı göstərilərdi. Ayri-ayri fənlərin tədrisinə dair kitablar çap olunardı. Metodik tövsiyələr və kollektiv işləmələr hazırlanıb, yerlərə göndərilərdi. Müəllimlərimiz “Azərbaycan məktəbi” jurnalına və onun ayr-ayrı fənlər üzrə dərc olunan on bir əlavəsinə məmuniyyətlə abunə yazılardılar. Məktəblərdə “açıq qapı günü” və açıq dərslərin təşkili genış ənənə halını almışdı. Bir çox müəllimlərin və məktəblərin qabaqcıl təcrübəsi mütamadi olaraq hərtərəfli öyrənildikdən sonra Nazirliyin kollegiya iclasında müzakirə olunub, bütün Respublika üzrə yayılması tövsiyə olunardı.

Təhsil dövlətin prioritet sayılan sahəsidir. Bu mənada təhsil idarə olunmalıdr. Məhz, buna görə də “Təhsil haqqında Qanun”da və təhsilə dair digər normativ-hüquqi sənədlərdə təhsildə idarəetmənin planlaşdırma, təşkıietmə, rəhbərlik və nəzarət funksiyaları ilə yanaşı əlaqələndirmə və tənzimləmə funksiyaları da müəyyənləşdirilib. Bu funksiyalar isə öz-özlüyünə həyata keçirilə bilməz. Əgər hər hansı bir müəllim və ya müəllim qrupu dərs prosesinə öz metodu ilə, öz adekvat standartları ilə müstəqil yanaşacaqdısa belə bir xidmətn saxlanılmasına, təhsilin dövlət standartlarının hazırlanmasına, əsasnamələrə, nizamnamələrə, təlimatlara, qaydalara, nə ehtiyac var idi. Başqa sözlə desək pedaqoji fəaliyyətlə “özfəaliyyət” bir araya sıxmır.

Düzdür, ədalət naminə demək lazımdır ki, son illər müəllim hazırlığı, müəllim əməyinə qiymət verilməsi sahəsində müəyyən addımlar atılıb və bu sahədə işlər yəqin ki davam etdiriləcək. Diaqnostik qiymətləndirmə yolu ilə əmək haqqının artırılması, müəllimlərin müvafiq kurslara, təlimlərə cəlb olunması, məktəblərin maddi - texniki təchizatının yaxşılaşdırılması, fənn kabinetlərinin zənginləşdirilməsi, dəyirmi masalar, müzakirələr, müsabiqələr buna misal ola bilər.”Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasın”da müəllim hazırlığı sahəsində internatura modelinin tətbiqi nəzərdə tutulub. Bununla belə müəllimin ən böyük problemi öz müəllimlik nüfuzunu və səriştəsini qoruyub saxlamaq üçün qabaqcıl və səmərəli metodikalara yiyələnmək və bu məqsədə çatmaqda metodik dəstəyə böyük ehtiyacının olmasdır.
Hesab etmirəm ki, müasir hesab etdiyimiz məsələn,“Onlayn müəllim hazırlığı” kursları və digər bu kimi vasitələr müəllimlərimizin canlı metodikalara yiyələnməsı tələbatını ödəyə bilsin.loru dildə desək 5-3 yüksək hazırlığa malik müəllimin bu kimi vastələrə baş vuraraq özünə nə isə əxz etməsi heç də o anlama gəlmir ki, respublikanın 130 mindən artıq müəllimi üçün belə vasitələr istərsə də dəyirmi masalar və ya treninqlər əl çatandır və birdən kimsə bu kimi vasitələrə meyl göstərəcək. Elə götürək bu günlərdə tanınmış təhsil mütəxəssisi Etibar Əliyevin 300 tirajla nəşr olunan “Müəllimlərin peşəkar kompetensiyalarının artırılmasına dəstək. Mövcud təcrübələr, tövsiyələr“ kitabını. Kütləvı ədəbiyyata istinad etməklə, gərgin zəhmət hesabına ərsəyə gələn , qabaqcıl metodologiya və texnologiyaları əks etdirən bu kitabdan hansı müəllimin xəbəri oldu? Yenə də, təqdimat mərasimində iştirak edən 5-3 maraqlı şəxsin.

Ilkin ixtisasımın tarixçi olmasına rəğmən Karl Marksdan bir iqtibas gətirmək istərdim: “ Çəkmə şotkasını məməlilər sinfinə aid etməklə onda süd vəzisi əmələ gəlmir.“ Müasirləşmək, yeniləşmək heç də o anlama gəlmir ki, uzun illərdən bəri qazanılmış təcrübədən, toplanmış potensialdan imtina edilsin, və ya qərbə üz döndərib şərqə arxa çevrilsin, yaxud əksinə. Hər iki sistemin məqbulunu təqdir, məchulundan imtina etməliyik. Əməkdar artistlərimizi tanıyırıq, əməkdar müəllimlərimizi yox. Belə davam etsə, yəqin ki, “metodist müəllim” adı da ununudalaraq arxiv materialına çevriləcək. Zənnimcə, bu barədə düşünməyimizə dəyər.

Nadir İsrafilov, təhsil eksperti
Bolgexeber.com