BolgeXeber.Com » Analitika » Belə film tərcüməsi kimə lazımdır?

Belə film tərcüməsi kimə lazımdır?

24-03-2016, 09:37
Oxunub: 5 982 Belə film tərcüməsi kimə lazımdır?"Osmanlıcadan türkə tərcümə nə deməkdir?"

Bakı kinoteatrlarında son vaxtlar çox maraqlı bir vəziyyət yaranıb. Belə ki, filmlərin istehsalçı ölkəsindən, orijinal dilindən asılı olmayaraq, hamısı subtitrlərlə (alt yazı ilə) Azərbaycan türkcəsinə tərcümə edilir. Heç bir şey nəzərə alınmadan, düşünülmədən həyata keçirilən bu maraqlı fikir həm təbəssüm yaradır, həm də düşünməyə vadar edir.

Bəli, bunu anlamaq olar ki, rus, ingilis, yaxud başqa bir xarici dildə olan filmlərin tərcüməsi mütləqdir, çünki izləyicilərin buna ehtiyacı ola bilər. Amma kinoteatrlarımızda nəinki anlaşılmaz dillər, həm də Türkiyə türkcəsində lentə alınmış filmlər də ana dilimizə tərcümə edilərək nümayiş etdirilir.

Bu gün Bakıxanov qəsəbəsində yerləşən bir kino zalında çox maraqlı bir hadisəylə qarşılaşdım. Belə ki, Türkiyə istehsalı olan bir filmin tərcüməsi olduqca maraqlı şəkildə həyata keçirilmişdi.

Filmin bir səhnəsində göstərilən mağazada "gözlük" sözü yazılmışdı, subtitrdəki tərcümə isə bunu başa düşməkdə çətinlik çəkən Azərbaycan izləyicisinə anladırdı ki, mağazada "açki" satılır. Hansı ifadənin daha çox öz dilimizdə olmasını müzakirə etmək belə yersizdir. Çünki cavab hamımıza bəllidir.
Belə film tərcüməsi kimə lazımdır?


Absurd tərcümə bununla başa çatırmı? Xeyr. Başqa bir səhnədə iki nəfər söhbət edərkən Türkiyə türkcəsində olan "alay" sözü işlədilir. Burada hərbi məna qətiyyən yoxdur, sadəcə olaraq, iki şəxsin dialoqudur. Mətnləri "öz dilimizə" çevirməklə məşğul olan tərcüməçi isə subtitrdə bunu "polk" olaraq tamaşaçıya çatdırır. İndi burada düşünülməli olan iki şey var - "polk" sözü həqiqətən yerində işlədilib? Və yerində işlədilsə belə, hansı söz bizimdir - "alay", yoxsa "polk"?

Gəlin, problemin səbəbini hansısa qaranlıq dərinliklərdə deyil, üzdə görünən amillərdə axtaraq. Bu cür tərcümələr niyə nümayiş etdirilir? Axı filmlər yayımlanmadan öncə hər bir halda bu işə məsul şəxslərin nəzarətindən keçməlidir. Çünki bütün Bakıda ən azı 5-6 min nəfər seansları izləyir və bu qədər insana yoxlanmamış tərcümə ilə film nümayiş etdirmək məsuliyyətsizlikdir. Eyni zamanda, hazırda Azərbaycanda Türkiyə türkcəsindən tərcümə işini peşəkar səviyyədə bacaran adamların da sayı, yəqin ki, yetərincədir.

Ümumiyyətlə, yanlış tərcümə məsələsindən əlavə, mətnləri Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevirməyin özü də müzakirəyə açıq bir mövzudur. Çünki çox vaxt ekranın bir bölümünü işğal etməkdən və baş qarışdırmaqdan başqa faydası olmur. Məsələn, "seni seviyorum" ifadəsini "səni sevirəm"ə tərcümə etmək nə qədər əhəmiyyətlidir? İzləyicilərin neçə faizi bu yazını oxumadan sözləri başa düşmək qabiliyyətində deyil? Hər halda, Azərbaycan dilini bilən istənilən şəxs Türkiyə türkcəsini hərfi olaraq olmasa belə, məna cəhətdən anlamaq iqtidarındadır. Xüsusilə, Türkiyə istehsalı olan filmlərlə maraqlanan və onları izləyən bir azərbaycanlıya, inanmıram ki, tərcümə ümumiyyətlə lazımdır. Böyük şair Mirzə Ələkbər Sabirin də dediyi kimi, "Osmanlıcadan türkə tərcümə nə deməkdir?"
virtualaz.org