BolgeXeber.Com » Analitika » Yaz gəldi, “Xoş gəldin, depressiya!”

Yaz gəldi, “Xoş gəldin, depressiya!”

4-04-2016, 09:52
Oxunub: 4 320 Yaz gəldi, “Xoş gəldin, depressiya!”Yaz və payız depressiyası - fəsillər qədər fərqli...

Yaz fəslinin məşhur “qəhrəman”ına necə tutuluruq, ondan necə xilas olmaq mümkündür?
Bu günlərdə ətrafınızda narazı, depressiv əhvalda insanlar çoxdurmu? Bu, klassikadır. Yaz depressiyasının əlamətləri isə bilinəndir. Depressiya geniş yayılmış və artmaqda davam edən xəstəlikdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, 2020-ci ildə depressiya insanların əmək qabiliyyətini itirməsinə səbəb kimi ürək-damar xəstəliklərindən sonra ikinci yeri tutacaq. Ən acınacaqlı məqam isə odur ki, insanlar bu xəstəliyə ən fəal yaş dövrlərində - 25-50 yaşlarında tutulurlar və onlarda suisidə meyllilik, iş qabiliyyətinin aşağı düşməsi, əlillik və s. kimi fəsadlar özünü göstərir. Depressiya bu gün sosial problemə çevrilib.

Rəsmi statistik məlumatlara görə, dünya əhalisinin 110 milyon nəfərdən çoxu depressiyadan əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə isə, real rəqəm bundan 3 dəfə çoxdur. Hesablamalar göstərir ki, ümumi profilli klinikalara müraciət edənlərin 40 faizə qədəri depressiyalı xəstələrdir. Onların isə cəmi 10-15 faizinə düzgün diaqnoz qoyulur. Depressiyadan əziyyət çəkən insanların, demək olar, yarısı isə həkimə müraciət etmir. Məhz bu səbəbdən fəsadlaşmış, xroniki hala keçmiş, somatik formalarda üzə çıxan depressiyalar artır.

Yaz və payız depressiyası - fəsillər qədər fərqli...

Mövsümi depressiyalar arasında payız və yaz depressiyaları xüsusi yer tutur. Mütəxəssislər deyir ki, payız və yaz depressiyasının fərqi ondadır ki, payız zamanı insanda daha çox yorulma, zövq almamaq, istəksizlik halları müşahidə olunsa da, yaz depressiyası zamanı əsəbilik, tez qıcıqlanma, aqressivlik, işə getməkdən imtina kimi əlamətlər qeyd olunur. Amma bunlara mövsüm depressiyası demək üçün ən azı 2 il eyni hallar bir insanda təkrarlanmalıdır ki, bu diaqnoz təsdiqlənsin. Və digər vacib məqamlardan biri də yaz depressiyası əlamətləri 2 həftədən çox davam edirsə, müalicə almaq lazımdır. Çünki bəzi hallarda qalıcı ola bilər.
Mütəxəssislər eyni zamanda qeyd edir ki, depressiyaya səbəb kimi günəş şüalarının təsirindən orqanizmdə yaranan melatonin hormunu miqdarında olan dəyişiklikdir ki, bu hormon insanın əhval-ruhiyyəsini tənzimləyir. Digər hormon isə “xöşbəxtlik hormonu” adlandırılıan serotonin maddəsidir ki, mövsüm depressiyalarında bu hormonun rolu mövcuddur.

Davamlı halsızlıq və yuxudan xilas ola bilməmə...

Bahar mövsümü insanların psixoloji vəziyyətinə də təsir edir. Yazın gəlişi ilə yaranan hava dəyişikliyi nəticəsində bəzi insanları özlərini davamlı halsız hiss edir və yuxudan xilas ola bilmirlər. Yaz və payızda sıx rast gəlinən halsızlıq maddələr mübadiləsi ilə bağlıdır. Bu mövsümdə havada olan müsbət və mənfi yüklü ionlarla bağlı bəzi dəyişikliklər ortaya çıxır ki, bu vəziyyət bəzi insanlarda ruhi sıxıntılar və halsızlıq yaradır.

Belə vəziyyətlə qarşılaşmamaq üçün yaşadığınız yerin hava almasını təmin etmək, nizamlı yuxu saatlarını müəyyənləşdirmək, gündə 7-8 saat yatmağa çalışmaq, həftədə ən azı 2 gün açıq havada yerimək və ilıq duş qəbul etmək tövsiyə edilir. Gündə 2-3 litr su qəbul etmək yaz yorğunluğundan qorunmaq və immunitet sistemini gücləndirmək üçün vacibdir.
Yaz depressiyası adətən digər depressiyalara bənzər əlamətlər daşıyan bir xəstəlikdir, insanların kifayət qədər Günəş işığı almaması beyində bəzi kimyəvi maddələrin paylanmasını pozur. Əgər bu mövsümdə hansısa insan özünü yorğun, halsız, yuxusuz və bədbəxt hiss edirsə, bu artıq yaz depressiyasının əlamətidir. Yaz depressiyası baharda başlayan və hər il eyni vaxtlarda müşahidə edilən bir depressiya vəziyyətidir. Əlamətlərinə gəldikdə isə daim qayğı, yuxu pozuqluğu, əsəbilik, çəki itirmək, iştahsızlığın və ya əksinə artması kimi amillər yer alır. Bahar depressiyası yaşayan insanlar məktəbə və yaxud da işə getmək problemi yaşaya bilərlər. Bəzi əlamətlər iki həftədən çox davam etdiyi zaman mütəxəssisə müraciət etmək məsləhətdir. Çünki depressiya müalicə olunmadığı halda təkrarlama şansı arta bilər. Eyni zamanda həmin sıxıntıların başqa bir psixoloji xəstəliyin əlaməti olub-olmadığını da öyrənmək önəmlidir. Xüsusilə də ailədə psixoloji problemi olan başqa qohumlar varsa, daha diqqətli olmaq lazımdır.

Maskalanmış depressiya da var

Depressiya insanı həyatdan zövq almaqdan məhrum edən psixi haldır. Bu zaman insan keçirdiyi hisslərin səbəblərini dəqiq anlamır, özünü tənha, əlacsız, sanki qaranlıq bir boşluqda hiss edir. Ona elə gəlir ki, heç kim ona bu vəziyyətdən çıxmağa kömək edə bilməz. Depressiya zamanı insan ailəsindən, dostlarından uzaqlaşır, dünya ona qaranlıq, tutqun görünür, hətta bir vaxtlar sevdiyi işindən də zövq ala bilmir.

Təfəkkürü dəyişir, özündə və başqalarında yalnız mənfi keyfiyyətləri görür, keçmişinə, bu gününə, sabahına çox pessimist yanaşır. Həm fiziki hərəkətliliyi, həm də beynində ideyalar, təşəbbüslər azalır, həyat o qədər mənasızlaşır ki, ən əzizi də onun üçün əhəmiyyətini itirir, ən böyük məqsədi gözündən düşür, əlçatmaz arzularının reallaşması onu sevindirmir.

Biz qarşımızda artıq bir neçə həftədir əhval-ruhiyyəsi aşağı olan, saçları daranmayan, özünə baxmayan, ağlayan adam görüb ona depressiya diaqnozu qoya bilərik. Amma depressiyanın elə formaları var ki, onlara sosial problemləri tam həll olunmuş, həyatın bütün aspektlərində uğur qazanmış adamlarda da rast gəlinir. Belə insanlarda depressiya maskalanmış formada özünü göstərir. Belə ki, onlar öz xarici görünüşlərinə fikir verirlər, çətinliklə də olsa, işlərini davam etdirirlər, ancaq həyatdan zövq almırlar və əksəriyyəti baş ağrısı, mədə-bağırsaq pozuntuları, ürək-damar xəstəlikləri, başgicəllənmə, cürbəcür vegetativ pozuntular donunda depressiyadan əziyyət çəkirlər.

Xəstəlik varsa, ondan çıxış yolu da var...

Depressiya varsa, ondan qorunma yolları da var. Qorunma yollarının başlıcası gecə yuxusuna diqqət etməkdir. Vaxtında yatıb, vaxtında oyanmaq lazımdır. Günümüzlə uzlaşan ideal yuxu saatı axşam 11-də yatıb, səhər 7-də oyanmaqdır. Açıq havada çox gəzmək, bacardıqca günəş şüaları altında olmaq və yüngül idman sizin yaxanızı bu, problemdən qurtara bilər. Bəzən dost-tanışların tövsiyə etdiyi isə spirtli və enerjili içkilərdir. Onlar düşünür ki, bu, problemdən çıxışa fayda verir. Amma tam tərsi, problem daha da ciddiləşir. Əvvəllər ciddi depressiyası olanlar, özlərinə qapalı xarakter tipində olanlar, B12 vitamin çatışmazlığı yaşayan insanlar fəsil dəyişikliyini daha çox orqanizmlərində hiss edirlər.

Problemi həll etmək üçün xəstənin hansı mövsümi depressiyadan əziyyət çəkdiyini nəzərə alaraq, həmin dövrlərdə ona müəyyən selektiv antidepressantlar vermək, xüsusi müalicə metodları tətbiq etmək, süni stresslər yaşatmaq lazımdır. Məsələn, belə insanlara iş yükünü artırmaları, həyat tərzini sürətləndirmələri, idmanla məşğul olmaları və s. məsləhətdir. Bunlar bəzən mövsümi depressiyaların yaranmasının və uzanmasının qarşısını alır.
Mövsümi depressiyalardan payız depressiyası yaz depressiyasından daha geniş yayılıb. Çünki Günəş işığı depressiya əleyhinə təsir edir, insanların əksəriyyəti də günəşi, işığı, istini sevir. Payızda isə günəşli günlər qısalır, tutqun, yağışlı havalar başlayır. Təbiət nisbətən gözəlliyini itirir. Boz, çiskinli hava bəzi insanların daxili psixoloji durumuna mənfi təsir göstərir. Bəzi insanlar deyirlər ki, Günəş batanda sanki mən də onunla bərabər batıram. Mən belə düşünən bir çox insanlarla rastlaşmışam. Bunu anlayan insan nə qədər ki depressiyaya düşməyib, bu vəziyyət onun işinə, əmək və əqli fəaliyyətinə, yaşam tərzinə, təhsilinə mane olmayıb, gərək özü üçün sevdiyi mühiti yaratsın. Belə insanlara payız fəslində daim evin pəncərələrində pərdələri bağlamaq, stol üstünə Günəşi xatırladan meyvələr - narıngi, portağal qoymaq məsləhətdir. Onlar gərək divan və yataq örtüklərinin, hətta paltarlarının rəngli olmasına fikir versinlər, musiqiyə qulaq assınlar, idmanla məşğul olsunlar, əhvalı yaxşılaşdıran qidalar qəbul etsinlər - balıq, şokolad yesinlər, kofe içsinlər və s. Əgər mövsümi depressiyanın müddəti uzanırsa, insanlar özlərini bu vəziyyətdən çıxara bilmirlərsə, o zaman həkimə müraciət etmələri məsləhətdir.

Maraqlidir, insan öz-özünü depressiyadan çıxara bilərmi?

Araşdırmalar göstərir ki, bu, depressiyanın ağırlıq dərəcəsindən asılıdır. Ümumiyyətlə isə, depressiyadan ən yaxşı çıxış yolu insanlarla dostluq əlaqələri və canlı ünsiyyətdir. Canlı ünsiyyət qədər insana zövq verən, onu həyata bağlayan heç nə yoxdur. Bunu nə internet, nə virtual həyat tərzi əvəz edə bilməz. Bu gün depressiyaların artmasının bir səbəbi də canlı ünsiyyətin, qarşılıqlı münasibətlərin, görüşlərin azalmasıdır. İndi həyat çox rəsmiləşib, bizə ən yaxın olan insanlarla yalnız telefon, yaxud internet vasitəsilə əlaqə yaradırıq.

Amma bir çox hallarda yaz fəsli depressiya ilə yanaşı, bəzi xəstəliklərin də “düymə”sini basır. Yazda ən çox rast gəlinən problemlər içərisində ilk sırada allergiya yer alır. Statistikaya görə, dünyada hər 10 nəfərdən 2-si allergiyadan əziyyət çəkir. Hətta dünya alimləri XXI əsri “allergiya əsri” adlandırıblar.

Havada uçuşan polen adlanan çiçək tozları yaz mövsümündə allergik xəstəliklərə səbəb olan ən önəmli amillərdir. Onun ən çox təsir etdiyi orqanizm isə insanların gözləridir. Mövsümlə bağlı allergiya nəticəsində gözdə qaşınma, qızartı və reaksiyaya bağlı olaraq damar genişlənməsi meydana gəlir. Bu baxımdan şiddətli yanma, işığa baxa bilməmək, bulanıq görmə yaranır. Allergiya nəticəsində yaranan qaşınma bəzi adamlarda göz önündəki təbəqə olan korneanın quruluşunda pozulmalara səbəb olur ki, bunların da ən ciddisi isə görmə qabiliyyətinin pozulmasına yol açmasıdır. Nəticədə toxumalarda iltihablı şiş əmələ gəlir ki, bu da gözdə şişmə, qızarma, qaşıntı və sulanmaya səbəb olur.

Sevinc TELMANQIZI