BolgeXeber.Com » Analitika » Korrupsiya hesabatı

Korrupsiya hesabatı

5-12-2012, 12:05
Oxunub: 5 290 Transparency International təşkilatının Azərbaycan milli bölməsi 2012-ci il Korrupsiya Qavrama İndeksini təqdim edib.

Qurumdan Modern.az-a bildirlib ki, bu il indeksdə Azərbaycan 27 balla, 176 ölkə arasında 139-cu sırada yer alıb. Bu ildən etibarən İndeks yeni qaydada hazırlanır. Əgər əvvəlki illərdə xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyənləşdirilirdisə, bu ildən 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir.

Ötən il Azərbaycan 2.4 balla, 183 ölkə arasında 143-cü sırada göstərilmişdi. Metodologiyada dəyişikliklər edildiyindən bu il açıqlanan İndeksi, ötən illərin hesabatı ilə müqayisə etmək mümkün deyil.

Əvvəlki illərdə indeks hazırlanarkən ölkənin mövqeyini müəyyənləşdirmək üçün onun bir sıra digər hesabatlarda tutduğu mövqe (sıralama) nəzərə alınırdısa, bu ildən etibarən ölkənin digər hesabatlarda topladığı ballar nəzərə alınır. Bu isə o deməkdir ki, bundan sonra ölkənin digər hesabatlarda aldığı qiymətlər bu indeksdə verilən qiymətə birbaşa təsir göstərəcək və ölkələrin nəticələri digər ölklərin göstəricilərindən asılı olmayacaq.

Digər fərq isə hesabat hazırlanan zaman istinad edilən mənbələr ilə bağlıdır. Belə ki, əgər əvvəlki illərdə ölkə ilə bağlı son iki il ərzində hazırlanan hesabatlar nəzərə alınırdısa, bu ildən etibarən iki ildən gec olmayan müddət ərzində ölkə haqqında dərc olunan ən son hesabatın göstəriciləri əsas götürülür.

2012-ci il Korrupsiya Qavrama İndeksininin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatlarından istifadə olunub.

KQİ Transparency International təşkilatının 1995-ci ildən etibarən dərc etdiyi ən başlıca hesabatlardan biridir və ötən dövr ərzində qarşıya çıxan bir çox yeniliklər və dəyişikliklər, hesabatın hazırlanmasında yeni metodologiyanın tətbiqini zəruri edir. Nəzərə almaq lazımdır ki, KQİ dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərə əsasən hazırlanır və bu indeks heç bir halda ölkədə korrupsiyanın tam səviyyəsini müəyyən etmir.

Qurum bildirib ki, Azərbaycanda cari il ərzində korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra mühüm addımlar atılıb, xüsusən antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və mövcud beynəlxalq konvensiyaların müddəalarına uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012–2015–ci illər üçün Milli Fəaliyyət Planı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təsis edilməsi də müsbət qiymətləndirilməli məqamlar sırasındadır. Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Nazirlər Kabinetinin "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərarı da mütərəqqi addımlardan biridir.

“Amma qəbul edilməlidir ki, ötən dövr ərzində elektron xidmətin göstərilməsi ilə bağlı ictimaiyyətin gözləntiləri özünü tam mənada doğrultmayıb.

Korrupsiyaya qarşı mübarizə davamlı olmalı və kampaniya şəklində aparılmamalıdır. Korrupsiyaya qarşı Mübarizə İdarəsinin son vaxtlar korrupsioner məmurlarla bağlı apardığı siyasət, korrupsionerlərin cinayət məsuliyyətinə cəlb olunmaları təqdirəlayiqdir, amma haqqlarında cinayət işi açılan məmurların əksəriyyəti kiçik və orta çinli məmurlardır ki, bu da mübarizənin effektiv nəticələr verməsinə mane olur, prosesin ümumi inkişafına kölgə salır. Lakin korrupsiyaya qarşı mübarizə yalnız onun nəticələrinə qarşı aparılmamalı, korrupsiyanı yaradan şəraiti aradan qaldırmalıdır”-deyə Transparency International təşkilatının Azərbaycan milli bölməsindən bildirilib.
Korrupsiya Qavrama İndeksi (KQİ) nədir?

Transparency International təşkilatının tərtib etdiyi Korrupsiya Qavrama İndeksi (KQİ), dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq, dövlətlərin sıralanmasını müəyyən edir. İndeks hazırlanarkən, bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur. KQİ inzibati və siyasi korrupsiyanın qavrayışının qiymətləndirməsidir, bu bütövlükdə dövlətin və ya cəmiyyətin korrupsiyaya uğraması kimi qiymətləndirilməməlidir.
Bu ildən indeks yeni qaydada hazırlanır. Əvvəlki illərdə xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyənləşdirilirdisə, bu ildən 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbəti əsas götürülüb.

KQİ 2012-də Azərbaycanın topladığı bal nə qədərdir?

Bu il indeksdə Azərbaycan 27 balla, 176 ölkə arasında 139-cu sırada yer alıb. Ötən il Azərbaycan 2.4 balla, 183 ölkə arasında 143-cü sırada göstərilmişdi. Verilən xallardan da, göründüyü kimi, bu ildən etibarən İndeks yeni qaydada hazırlanır, məhz bu səbəbdən, bu il açıqlanan İndeksi ötən illərin nəticəsi ilə müqayisə etmək mümkün deyil.

Region ölkələrinin KQİ-də göstəriciləri necədir?

Regionda ən yaxşı göstərici Gürcüstana məxsusudur. 52 balla qiymətləndirilən Gürcüstan ümumi sıralamada 51-cı sıradadır. Ötən illərlə müqayisədə ən çox irəliləyişin qeydə alındığı ölkələrdən biri isə Moldovadır. Bu ölkə, 36 xalla 94-cü sırada yer alıb. Ermənistan isə 34 balla 105-ci yerdədir. Belarus 31 balla, 123-cü, Rusiya ilə Qazaxıstan isə 28 xalla, 133-cü mövqedədirlər.