BolgeXeber.Com » Analitika » “Azərenerji”nin inhisarına son qoyulur? - GEDİŞ

“Azərenerji”nin inhisarına son qoyulur? - GEDİŞ

25-12-2017, 12:36
Oxunub: 4 042 “Azərenerji”nin inhisarına son qoyulur? - GEDİŞ“Azərenerji” ASC bazarda tək inhisarçı şirkət olmasına baxmayaraq zərərlə işləyir

Bu qurum həm elektrik enerjisinin satışı ilə məşğul olur, həm də dövlət büdcəsindən dotasiya alır. Digər tərəfdən, bu qurumun tərkibində bir sıra sahələri əhatə edən törəmə şirkətlər fəaliyyət göstərir. “Azərenerji” ASC-nin zərərlə işləməsi bu qurumun özəlləşdirilməsini gündəmə gətirib. Ancaq bəzi məlum və naməlum səbəblərdən hökumət buna getmir. Bəs bu qurum bazarda tək inhisarçı olduğu halda niyə zərərlə işləyir? Ekspertlər bu məsələni bir neçə amillə əlaqələndirir.

İlkin versiya qurumda yanlış idarəetmənin və xərclərə nəzarətin düzgün aparılmamasıdır. Əslində bu faktın özü qurumun yoxlanılması zamanı da üzə çıxdı. Belə ki, Hesablama Palatasının “Azərenerji” ASC-də apardığı yoxlamalar nəticəsində qurumun fəaliyyətində yol verdiyi qanunsuzluqlar üzə çıxıb. “Azərenerji” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə gəlirlər və xərclər smetalarının aidiyyəti dövlət qurumları ilə razılaşdırılması, rentabelliyə mənfi təsir etməklə zərəri artıran amillərin qismən aradan qaldırılması imkanlarından istifadə olunması, aktivlərin, debitor və kreditor borcların uçotunun və hesabatlılığının təşkili, daxili audit sisteminin formalaşdırılması sahəsində bir sıra nöqsanlar aşkar olunub. Açıqlamaya görə, “Azərenerji”də elektrik enerjisinin satışı üzrə debitor borcların artması, müxtəlif mənbələr hesabına həyata keçirilən kapital qoyuluşlarından səmərəli istifadə olunmaması halları da müşahidə olunub.

Baxmayaraq ki, Hesablama Palatası aşkarladığı qanunsuzluqlarla bağlı aidiyyatı qurumlara məlumat verib, ancaq “Azərenerji” ASC-nin rəhbərliyi haqqında hansısa ölçü götürüləcəyi gözlənilmir. Çünki Hesablama Palatası bundan öncə də bir çox nazirliklərdə, icra hakimiyyətlərində və digər büdcə vəsaiti hesabına fəaliyyət göstərən qurumlarda ciddi nöqsanlar, korrupsiya faktı aşkarlayıb, ancaq heç bir cəza tədbiri görülməyib. Ancaq buna baxmayaraq “Azərenerji” ASC bir istisna ola bilər. Çünki artıq bu qurumun fəaliyyəti uzun zamandır ki, tənqid olunur.

Hətta hökumət rəsmiləri, parlament üzvləri də bu qurumun özəlləşdirilməsinin vacib olduğunu zaman-zaman səsləndirib. Görünən odur ki, artıq bu istiqamətdə müəyyən addımlar atılır. Belə ki, ehtimallara görə “Azərenerji” ASC hələ ki, özəlləşdirilməyə çıxarılmasa da, bazarda olan inhisarçılığına son qoyulacaq. İlk addım kimi, artıq Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə (AREA) elektrik enerjisinin satışı səlahiyyəti verilə bilər. Bununla bağlı AREA-nın publik hüququ şəxs olmasından sonra maliyyələşməsi məsələlərinə aydınlıq gətirən qurumun sədrinin müavini Nurəli Yusifbəyli deyib. Agentlik rəsmisi su elektrik stansiyalarının həm “Azərenerji”nin, həm də AREA-nın nəzarətində olmasına da aydınlıq gətirərkən, “Hər şeyin bir zamanı var. Yəqin ki, bu gün enerji axınlarının tənzimlənməsi və enerji təhlükəsizliyi baxımından belə tələb olunur. Ola bilsin, sabah-birisi gün islahatlar nəticəsində başqa bir qərar verilsin”-deyə bu sahədə gözlənilən islahatların anonsunu da vermiş olub.

Görünən odur ki, “Azərenerji” ASC-nin fəaliyyəti hökuməti də narahat edir. Bu baxımdan məsələyə birdəfəlik çözüm hazırlayırlar. Ekspertlər hesab edir ki, “Azərenerji” ASC-nin inhisarına son qoyularsa, bazarda müəyyən qədər rəqabət yaranacaq. Bu da enerji bazarında müəyyən inkişafa yol aça bilər. Ancaq bütün hallarda “Azərenerji” ASC-də struktur dəyişikliklərinə ciddi ehtiyac var. Çünki yuxarıda da qeyd olunduğu kimi aparılan yoxlamalar nəticəsində aşkarlanan qanunsuzluqlar məhz idarəetmədə mövcud olan problemlərin bariz göstəricisidir. Bu baxımdan bu qurumun fəaliyyətində şəffaflığa nail olmaq üçün ciddi islahatların aparılmasına ehtiyac var. Digər tərəfdən “Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyevin adı kifayət qədər qalmaqallı məsələlərdə hallanır. Bu baxımdan ehtimal olunur ki, “Azərenerji” ASC-də aparılacaq kadr islahatlarına məhz “zirvə”dən başlanılacaq.
Cebhe.info