BolgeXeber.Com » Analitika » Azərbaycanı kredit “partlayışı” gözləyir

Azərbaycanı kredit “partlayışı” gözləyir

14-02-2013, 00:00
Oxunub: 5 258 S.Mastaliyev: “2015-ci ilin yanvar ayına bankların kredit portfeli 13475 milyon manat, gecikmənin həcmi isə 1126 milyon ola bilər”

Son 1 ildə banklar tərəfindən kreditləşmənin genişləndirilməsi müşahidə edilməkdədir. Biznes, ipoteka kreditlərinin həcmini azaldan kommersiya banklar əvəzində istehlak, nağd pul kreditlərini artırıblar. Hətta bəzi banklar müştəri cəlb etmək məqsədilə arayışsız kredit reklam kampaniylarına başlayıblar. Nəzərə alsaq ki, Mərkəzi Bank üçot dərəcəsini 5 faizdən 4, 75 faizə endirib və nəticə etibarilə bankların mərkəzləşdirilmiş kreditlərə əlçatanlığı ucuzlaşıb bu, cari ildə kreditlərin həcminin daha da artmasına gətirib çıxaracaq. Publika.Az ekspert Samir Mastaliyevin bu yöndə təhlilini təqdim edir.

Azərbaycanda banklar və BOKT-lar tərəfindən kredit buraxılışlarının ildən-ilə artmaq üzrə olduğunu deyən mütəxəssis bildirir ki, bu, bir tərəfdən iqtisadiyyatın inkişafı ilə əlaqədar olsa da gecikmədə olan kreditlərin artımına gətiribçıxarıb: “Hazırda bazar üzrə gecikdirilmiş kreditlərin portfelə olan nisbəti təxminən 6.5% təşkil edir. Bu isə o deməkdir ki, hər 15 nəfər kredit götürəndən biri gecikmə yaradır. Dünya praktikasında 5-7% normal rəqəm sayılsa da Azərbaycan bank sistemi hələ ki güclü kreditləşmə prosesinə indilərdə qədəm qoyur. Deməli gecikmələrin sürətli artımı dövrü hələ ki qabaqdadır”.

Mütəxəssisin sözlərinə görə, rəqabət artdığından banklar daha çox bazar payı tutmaq və eyni zamanda gəlir əldə etmək məqsədilə yüksək riskli məhsullar buraxırlar: “Bu dövrün ilk qaranquşları artıq görsənməkdədir. “Unibank”, “Bank of Baku” tərəfindən belə addımlar atılıb. Son dövrlərdə yüksək riskli məhsullar pilot layihə şəkilində bazara buraxılıb( zaminsiz, girovsuz kreditlər nəzərdə tutulur)”.

Yaxın illərdə gecikmələrin hazırkı tempindən daha sürətlə artmasına təsir edəcək amillərə gəlincə, S.Mastaliyev birinci amil kimi rəqabəti göstərir: “İllərdir Azərbaycan kredit bazarında bütün banklara yer var idi. Hazırda vəziyyət nisbətən dəyişib. Bankların bəziləri daha çox mənfəət əldə etmək istəyir. Bəzi banklar çıxış yolunu daha riskli məhsullar buraxmaqla müştərini cəlb etməkdə görürlər. Bu strategiyanın üstün cəhəti əsasən inkişaf sürətidir. Yəni bank kifayət qədər çox kredit verir. Daha çox qazanır və yaranmış gecikmələri də ya silir, ya da verilmiş kreditin portfelinin həcmi artdıqca gecikmələrin faizi azalır (süni şəkildə). İlk baxışda normal görünən strategiyanın yeganə mənfi cəhəti bu zəncirin nə vaxtsa qırılmasıdır . Bank həmişə bu sürət ilə inkişaf edə bilməz. Sürət azaldığı anda artıq problemlər daha ciddi forma alacaq və banklar kifayət qədər zərər çəkəcəklər”.

Ekspert burada psixoloji amili də önə çəkir: “Az kredit götürmüş insan kredit ödənişinə qarşı daha məsuliyyətli olur. Bu fərqi görmək üçün Bakı və regionların portfellərinə baxmaq kifayət edir. Şəhər adamı kreditə o qədərdə ciddi yanaşmır (böyük bir qismi), kənddə yaşayanlar isə bu prosesdən loru dildə desək qorxur və çalışır ki, problem yaşanmasın.Üçüncü amil kredit “partlayışıdır” . Azərbaycanı yaxın illərdə kredit partlayışı gözləyir. Bu mərhələni qərb ölkələri artıq çoxdan keçiblər. Bizə yaxın bazarlardan olan Rusiya bazar analoji prosesə artıq başlamaq üzrədir. Gec tez, bu bizdə də baş verəcək. Kredit partlayışı dedikdə əsasən insanların kreditləri rahat şəkildə - heç bir zəmanət paketi olmadan götürməsi nəzərdə tutulur. Bu müştərilər üçün yaxşı müjdə olsa da, banklar üçün kifayət qədər gecikmələrin artımı ilə müşahidə olunacaq”.

Mütəxəssisin proqnozuna görə, 2015-ci ilin yanvar ayına Azərbaycan banklarının kredit portfeli 13475 milyon manat, gecikmənin həcmi isə 1126 milyon ola bilər. Bu isə öz növbəsində 8.35% kreditdə gecikmə olması deməkdir.