BolgeXeber.Com » Analitika » Nə edək ki, dini təhsilimizə baxışımız, yanaşma tərzimiz dəyişsin?

Nə edək ki, dini təhsilimizə baxışımız, yanaşma tərzimiz dəyişsin?

24-08-2018, 11:11
Oxunub: 6 411 Nə edək ki, dini təhsilimizə baxışımız, yanaşma tərzimiz dəyişsin?“Məsələnin mahiyyətinə və strateji əhəmiyyətinə bələd olan da, olmayan da fikir bildirir.”
Ceyhun Məmmədov (Azərbaycan İlahiyyat institutunun rektoru)
Tolerantlıqda bütün dünyaya nümunə göstərilirik. Beynəlxalq miqyaslı ən nüfuzlu və mötəbər dini toplantılara ev sahibliyi edirik. Məscid və kilsələrin təmiri və bərpası gündən-günə geniş vüsət alır. Qafqazın ən böyük məscidi ölkəmizdə inşa olunub. Dini bayramlarımızı isə digər millətlərə və xalqlara xas olmayan xüsusi bir coşqu ilə qeyd edirik. Dini mərasimlərin təşkilində və dini ayinlərin icrasında çoxlarını üstəlmişik. Dini abidələrə, ibadətgahlara, ziyarətgahlara axın edirik. Bəlkə, az qala yarıdan çoxumuz cavan və ahıllığımızdan asılı olmayaraq, namaz qılır, ya da oruc tuturuq.
Digər tərəfdən “Dini etiqad azadlığı haqqında” Qanun qəbul etmişik. Vətəndaşlarımıza istədikləri dildə təkbaşına, ya da kollektiv şəkildə din öyrənmək və dini təhsil almaq hüququ vermişik. Dini mərkəz və idarələr təsis etmişik. Onlara din xadimləri və dini ixtisaslar üzrə digər kadrların hazırlanması üçün dini təmayüllü tədris müəssisələri-mədrəsələr yaratmaq səlahiyyəti vermişik. 20 ildən artiq bir müddətdə ali dini təhsil müəssisəsi-Bakı İslam Universiteti və onun filialları da yaradılıb. Respublika Dini Araşdırmalar Mərkəzı, müxtəlif dini icmalar, ictimai birliklər, çox sayda cəmiyyətlər fəaliyyət göstərir. Daha nələr, nələr…
Bir çox alimlər, ictimai xadimlər, tanınmış ziyalılar dinin tədrisinin zəruriliyini əsaslandırmaqla yanaşı, bunu cəmiyyətə lazım olan, onun tələbat duyduğu, əslində çoxdan həyata keçirilməsi lazım olan bir məsələ kimi dəyərləndirirlər. Bununla belə Həcc ziyarətində “ölməyi şərəf bilənlərlə”, ilahiyyatdan söz düşəndə “dodaq büzənlər” arasında fikir plyuralizmi bu günümüzdə də qalmaqda davam edir...
Ölkə başçısının sərəncamı əsasında Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ilə əlaqədar yeniyetmə və gənclərimizin dini təhsili məsələləri yenidən gündəmə gəlib. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının təbirincə desək “Azərbaycanlı yeniyetmə və gənclərin ilkin dini bilikləri internet resurslarından, cəmiyyətdəki təsadüfi şəxslərdən və ya dinlə bağlı lazımi qədər məlumata malik olmayan valideynlərindən alması məqsədəuyğun hesab edilmir... “Həyat bilgisi” fənni tələbi tam ödəyə bilmir. Məktəblərdə “Həyat bilgisi” dərsliyilə kifayətlənə bilmərik, dinlə bağlı hərtərəfli təhsil verilməlidir.”

Onu da xatırlatmaq yerin’ düşər ki, ictimai həyatımızda ikinci elə bir hal olmayıb ki, cəmiyyət üzvlərinin dini maariflənməsi məsələsi bu qədər ortalığa atılmamış olsun, ölkəmizin təhsil praktikasında ikinci elə bir hal olmayıb ki, “orta məktəblərdə dinin tədrisinə ehtiyac varmı” sualı kimi bir məsələ ətrafında bu qədər mübahisə və müzakirələr aparılmasın, zaman-zaman, təkrar-təkrar gündəmə gətirilməsin, disskusiyalara, debatlara, polemikalara səbəb olmasın, özünə bu qədər tərəfdar və ya əleyhdar toplamasın, bir çoxlarını tərəddüddə saxlamasın. Söhbət heç də kimin və ya kimlərinsə dinə münasibətindən, inanclarından, materialist və ya idealist olmasından, konkret olaraq fərdi düşüncə və baxışlarından getmir və gedə də bilməz.

Maraqlı və düşündürücü olan məsələnin başqa tərəfidir. Zaman-zaman məsələnin bir problem olaraq ortalığa atılması, di gəl onun həll istiqamətində hansısa əməli bir işin görülməməsi. Yəni dini mariflənmə, gənclərin və yeniyetmələrin dini təhsil məsələləri kompaniya xarakteri daşımaqdan o yana gedə bilməyib, müəyyən radikal və ekstremist hadisələrlə bağlı yada salınıb, mətbuat və televiziya kanallarının gündəmini zəbt edib, qısa sürədən sonra dərhal da unudulub. Dövlət və dini qurumların yetkililərinin, millət vəkilləri və ekspertlərin fikirlərində müəyyən yaxınlıq və həmrəylik olsa belə məsələnin çözülməsi istiqamətində konkret və praktik addımların atılmasının şahidi olmamışıq. Baxmayaraq ki, hamımız fərqli yanaşma və baxışlarımıza rəğmən ümumilikdə kimlərinsə müxtəlif qruplaşmaların, dini məzhəblərin təsiri altına düşməsində məhz maariflənmənin, dini bilgilərin yetərli olmaması ilə bağlı yekdil qənaətdəyik və məhz uşaq yaşlarından din barədə məlumatsız olanların belə təsirlərə daha tez məruz qalmalarını təsdiqləyirik. Bununla belə məktəblərdə dinin tədrisi ilə bağlı hər hansı bir fikir ortalığa atılanda, hər hansı bir təklif irəli sürüləndə, dərhal məsələni siyasiləşdiririk, ölkə Konstitusiyasını önə çəkirik, təhsilin dünyəvi xarakterini qabardırıq.

Bir mühüm məqamı unuduruq ki, dini siyasiləşdirməyin özü elə dini savadsızlqdan, siyasi ambisiyalardan irəli gələn haldır. Artıq neçə illərdən bəridir ki, bir çox alimlər, ictimai xadimlər, tanınmış ziyalılar məktəblərdə dinin tədrisinin zəruriliyini əsaslandırmaqla yanaşı, bunu cəmiyyətə lazım olan, onun tələbat duyduğu, əslində çoxdan həyata keçirilməsi gərəkən bir məsələ kimi dəyərləndirirlər. “Insanlar xalqının ədəbiyyatını, tarixini, hətta musiqisini məktəblərdə öyrənirsə, niyə də dinini öyrənməsin?“, “Insanların öz mənəvi irsini məktəbdə öyrənməsinə niyə haqqı olmasın ki?“ kimi suallar qoyanların, “Nə qədər yeniyetmə və gəncimiz radikal-ekstremist, yaxud destruktiv dini cərəyanların təsiri altına düşüb, çünki məktəblərdə dini öyrətməyiblər “, “Uşaqların din haqqında bilikləri, məlumatları məktəblərdən alması həm onların mənəvi tərbiyəsi üçün faydalıdır, həm də gələcəkdə dini təsadüfi adamlardan öyrənmələrinin qarşısını almış olur“ qənaətində olanların, gec-tez orta məktəblərdə dini dərslərin tədris olunacağına əminlik bildirənlərin sayı yetərincədir.

Bununla yanaşı uşaqlara tolerantlıq, bütün dinlərə hörmət ruhunu tərbiyə etmək üçün dərsliklərdə lazımı məlumatların olmasını deyənlər, dini tədris edə biləcək pedaqoji təmayüllü mütəxəssislərin olmamasını səbəb gətirənlər, hətta orta məktəblərdə dinin tədris olunmasını dünyəvi dövlətin təməl prinsipləri və dəyərləri ilə ziddiyət təşkil etməsinə eyham vuranlar da var. Fənnin adı nə olsun, dərsi necə keçək, kimlər dərs desin, hansı materialdan istifadə edək, ədəbiyyat haradan götürülsün, maliyyə haradan tapılsın? Orta məktəblərdə dinlər, ilk növbədə islam dini, bu dinin bəşəri mahiyyəti, tarixi şəxsiyyətləri, islam mədəniyyəti və mənəviyyatı, insanlara təlqin etdiyi mənəvi dəyərlərlə bağlı “Həyat bilgisi” fənni vasitəsi ilə şagirdlərə çatdırılan məlumatları yetərli hesab etmək olarmı? Orta məktəblərdə təməl biliklərinə yiyələnmədən ali təhsil səviyyəsində alnan biliklərin davamlılığına təmınat vermək nə dərəcədə etibarlı sayıla bilər?

Alman filosofu Immanuil Kant belə hesab edirdi ki, uşaqlara Ali Varlıq haqqında bəzi anlayışları təlqin etmək lazımdır ki, onlar başqalarının dua etdiklərini gö-rəndə bunun kimə münasibətdə və nə üçün edildiyini bilsinlər. Kanta görə dinlə bağlı anlayışları uşaqlara lap erkən yaşlarından təlim etmək lazımdır, lakin eyni zamanda fikir ver-mək lazımdır ki, uşaqlar adamları onların məzhəblərinə görə dəyərləndirməsinlər, çünki məzhəblərdəki fərqlərə bax-mayaraq, din hər yerdə eynidir. Maraqlıdır ki, qonşu Rusiyada kiçik yaşlı uşaqlar üçün “Bibliya dlya detey” seriyasından elə maraqlı, elə nəfis kitablar çap olunur ki, hətta böyüklərin bunları oxumağı gəlir. Hələ digər ölkələri demirəm. Dünyanın ən reytinqli Universitetlərində kolleclərində, məktəblərində bu kimi məsələlər öz həllini tapıb və təhsilin dünyəviliyi ilə heç bir ziddiyyət təşkil etmir.

Din mənəvi dəyərdir. Bu mənada əgər din sözündən bu qədər ehtiyatlanırıqsa heç olmasa ayrıca “Mənəvi dəyərlərimiz” fənninin yaradılması və bu kontekstdə zəruri dini anlayışların tədrisə daxil edilməsi barədə düşünməyinə dəyər. Məsələn, dünyanın bir çox ölkələrinin orta məktəblərində “Etiket” adlı ayrıca fənn tədris olunur və yeniyetmə və gənclərə ailədə, məişətda və s ictimai yerlərdə özünü necə aparmağa dair davranış qaydaları öyrədilir. Bir mühüm məqamı da nəzərdən qaçirmayaq ki, yeniyetmə və gənclərimizin elmi biliklərə yiyələnmələri ilə yanaşı mənəvi cəhətdən zənginləşməsinə də bir o qədər xüsusi ehtiyac var. Mənəviyyatsız təhsillilərin isə ölkəsinə, xalqına nəsə bir fayda verə biləcəyi barədə düşünməyinə belə dəyməz.
Əbəs yerə deyil ki,əksər ölkələrdə, o cümlədən, qonşu Gürcüstan və Rusiyada bu prosesə artıq başlanıb. Hazırda Rusiyanın ümumtəhsil məktəblərində "Dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları” adlı fənn tədris olunur.

Bir həqiqəti qəbul etməliyik ki, məktəblərdə dini biliklərin verilməsi dini simvolların təhsil ocağına daşınması demək deyil, dindarlar ordusu yetişdirmək demək deyil, insanların bir qisminin ifrat dərəcədə dindarlaşmasının, digərlərinin elementar təsəvvürlərdən məhrum edilməsinin, başqa sözlə cəmiyyətin qütbləşməsinin qarşısını almaq, bütün vətəndaşları bir araya gətirmək, dini dəyərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir. Söhbət dinin bəşəri və mənəvı dəyər kimi artıq həyat tərzimizə çevrilməsi ilə nəhayət razılaşmalı olduğumuzdan, daim gündəmimizdə olan bir məsələ ətrafında orta məxrəcə gəlib, pedaqoqlarımızın, təhsil üzrə mütəxəssislərimizin, tanınmış ziyalılarımızın və din xadimlərimizin bir araya gələrək məsələni birdəfəlik çözmək iradəsindən, problemı şərh etmək deyil, problemin üstünə getməkdən gedir.

Ölkə başçısının sərəncamına müvafiq olaraq yeni Azərbaycan İlahiyyat İnstitutunun yaradılması və bu ali təhsil ocağında tədrisin ödənişsiz əsaslarla həyata keşirilməsi, dini - mənəvi dəyərlərimizə hörmət və rəğbətin təcəssümü, milli mədəniyyətimizin çoxəsrlik adət - ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi baxımından hər cür alqışa və təqdirə layıq olub, ölkəmizdə həm dini, həm də dünyəvi elmləri bilən ziyalı ilahiyyatçı kadrların və din xadimlərinin hazırlanmasına yeni töhfədir. Qalır, bu universitetə dəstək, o da təhsilin ümumorta pilləsindən gəlməlidir. Orta məktəb illərindən möhkəm təməl biliklərinə malik olan məzun heç şübhəsiz ki, daha inamlı seçim etmək və orta pillədə qazandıqları bilikləri təhsilin ali pilləsində daha inamla inkişaf etdirmək əzmində olacaq...

Nadir İsrafilov

Təhsil eksperti