BolgeXeber.Com » Analitika » Son müşavirə hansı məmurları təşvişə salib?

Son müşavirə hansı məmurları təşvişə salib?

25-02-2013, 11:55
Oxunub: 4 620 PA şefinə yaxın məmurlar son günlər daha çox narahatçılıq keçirir

Son günlərin ajiotajı hakim düşrəgədə, xüsusən də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın cinahda böyük təşviş yaradıb. Bu barədə Nazirlər Kabinetindəki etibarlı mənbəmiz tərəfindən informasiya ötürülüb. Qaynağın iddialarına görə, bəzi məmurların kabinetlərindəki seyflərdə saxladıqları pulları çıxardıqlarına dair məlumatlar var: «Bunun da səbəbi çox sadədir. Onlar hər an korrupsiya ilə mübarizə aparan aidiyyatı qurumların iş yerlərinə gələcəyindən və seyflərində saxladıqları pulların özlərini ələ verəcəyindən narahatdırlar».

Bundan başqa bir çox məmurların evlərində saxladıqları külli miqdarda pulu və qızıl-zinət əşyalarını da aradan çıxardıqları deyilir: «Bu narahatlıqların da səbəbi, yuxarıda da qeyd etdiyim kimi, hər an korrupsiya ilə mübarizə aparan qurumların basqınına uğramaqdır. Çünki qəfil yaxalansalar, adi vəzifə maaşı ilə bu qədər pulu, qiymətli əşyaları necə əldə etdikləri sualı ortaya çıxacaq. Sonda isə həm korrupsiya ilə məşğul olduqlarına şübhə qalmayacaq, həm də illərdir yığdıqları sərvətlər müsadirə ediləcək, yəni əllərindən çıxacaq».

Bəzi məmurları isə əllərindəki daşınmaz əmlakın taleyi narahat etməkdədir: «Azərbaycanda elə məmur var ki, təkcə Bakıda özünün və övladlarının 10-dan artıq mülkü var. Paytaxtın müxtəlif yerlərində, dənizkənarı kəndlərindəki mülkləri azmış kimi, onlar ölkənin səfalı yerlərində də torpaq sahələri, bağ evləri alır, restoranlar, otellər açırlar. Bunu isə bir qayda olaraq ailə üzvlərindən kiminsə adına rəsmiləşdirirlər».

Mənbə bildirir ki, artıq belə məmurlar da hərəkətə keçiblər. «Onlar çıxış yolunu bir neçə variantda görürlər. Birinci, ailə üzvlərinin və özlərinə yaxın şəxslərin adlarına rəsmiləşdirilən belə mülk və obyektləri nisbətən uzaq, amma etibarlı adamların adına keçirməkdir. Bununla onlar korrupsiya bağlantılarına dair dəlilləri azalda biləcəklərini sanırlar. Başqa bir variant isə haqqında danışılan daşınmaz əmlakları təcili satışa çıxarmaq, onları nəğd pula çevirib ölkədən kənarda daşınmaz əmlak sahibi olmaqdır. Artıq ölkədə öz varidatlarına təhlükə hiss edən belə məmurlar hesab edirlər ki, sərvətlərini və bizneslərini xaricə «transfer» etmək daha təhlükəsizdir».
dia.az.