BolgeXeber.Com » Analitika » 12 fevral müşavirəsindən 3 həftə keçdi – nə dəyişdi...

12 fevral müşavirəsindən 3 həftə keçdi – nə dəyişdi...

7-03-2013, 09:15
Oxunub: 5 218 Hikmət Hacızadə: “İslahatlar aparmaq böyük şücaət, bilik və təcrübə tələb edir”; Mehman Əliyev: “Qərblə hakimiyyət arasında islahatlarla bağlı ciddi danışıqlar gedir”
Prezident İlham Əliyevin 12 fevral müşavirəsindəki çıxışından sonra belə bir rəy yarandı ki, yaxın günlərdə hakimiyyətdə ciddi kadr islahatları aparılacaq. İ.Əliyevin hədələrindən sonra xeyli iri məmurun vəzifədən atılacağı haqda proqnozlar səsləndirildi. Düzdür, bu müşavirədən iki gün sonra İsmayıllının və Şamaxının icra başçıları işdən azad edildilər. Amma proqnozlaşdırıldığının əksinə olaraq, hədəfdə olan başqa məmurlara toxunulmadı.
Aradan keçən 20 gündən artıq müddət müstəqil analitiklərin gözləntilərini doğrultdu – hakimiyyət komandasında anons edilən ciddi dəyişikliklər yalnız 5 icra başçısının vəzifəsindən azad edilməsi ilə nəticələnib. Ancaq bununla belə bir sıra etibarlı qaynaqlar Qərbin seçki ərəfəsi hakimiyyətin ciddi islahatlar aparması tələblərində israrlı olduğunu iddia edir. Verilən xəbərlər sırasında o da var ki, uzun müddət böyük kapital toplayan məmurlardan bir neçəsinin “qələmi qırılıb”. İndi onların mal varlıqlarının belə demək mümkünsə, təhvil-təslim prosesi gedir. Proses yekunlaşan kimi, bu şəxslərin vəzifədən azad edilməsi haqqında xəbərlər ictimaiyyətə açıqlanacaq.
Bu nə qədər realdır? Doğrudanmı bir sıra qaynaqların iddia etdiyi islahatlar prosesinə mane olan məmurların vəzifədən uzaqlaşdırılması və bununla da islahatlar başlanması baş verə bilər? “Yeni Müsavat”ın suallarının cavablandıran politoloq Hikmət Hacızadə deyir ki, deyilənlər onun arzusu olsa da reallıqla hər hansı bağını görmür: “Azərbaycanda ən yüksək dövlət məmurlarının adı korrupsiya və başqa qalmaqallarda hallanmaqdadır. Elşad Abdullayevin yaydığı videolarda 4 nazirin, Prezident Administrasiyasının rəhbərinin, hakimiyyətə yaxın neçə şəxsin adı hallandı. Bu məsələnin ciddi araşdırıldığını, adı çəkilən şəxslərlə bağlı hər hansı tədbirlər görüldüyünü müşahidə etmirəm. Yerlərdəki məmurları dəyişmək, ya da avtomobillərdən plyonka çıxarmaq “kinosunu” biz indiyə qədər də görmüşük. Belə tədbirlərin hansısa ciddi dəyişiklik yaradacağını, köhnə düzənə yeni ştrixlər qatacağını düşünmək sadəlövhlükdür. Ona görə də Azərbaycanda 12 fevral müşavirəsindən sonra hansısa dəyişikliklər olduğunu deməyə heç bir əsas yoxdur”.
Hikmət Hacızadəyə görə, bu prosesdə hərəkətverici qüvvə xalq ola bilər. Əgər məmur özbaşınalığına qarşı etirazlar kütləvi xarakter alsa, dəyişikliklər qaçılmaz olacaq: “Azərbaycan hakimiyyəti həssas bir məqam yaşayır. Xalq etirazları geniş vüsət alsa, nəzəri cəhətdən dəyişikliklər mümkün ola bilər. Ancaq unutmayaq ki, islahat aparmaq ən böyük şücaət, bilik və təcrübə tələb edir. Tarixə baxsaq, böyük islahatçıların Mustafa Kamal Atatürk, Ben Sao Bin kimi dahi siyasətçilər olduğunu görürük. Bu qəbildən olan siyasətçilər, fövqəladə insanlar ölkədəki durumu köklü dəyişə bilirlər. İndi bilmirəm bizim prezident o qəbildəndir, yoxsa yox. Ancaq olsa, sevinərik. Hələ ki, ciddi bir islahat görünmür”.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə fikirlərini etibarlı qaynaqlardan əldə etdiyi məlumatlarla qüvvətləndirərək islahatlara başlanacağını mümkün sayır: “Məncə, dəyişikliklər artıq başlayıb. Qərbin Azərbaycan hakimiyyəti ilə danışıqları nəticə verməyə başlayır. Bu gün prezident yanında İctimai Şura yaradılması məsələsi gündəmdədir. Xəbərlər var ki, regionlarda icra hakimiyyətlərinin yanında da belə bir şuranın yaradılması planlaşdırılır. Bu, vətəndaş cəmiyyətinin icra orqanları üzərində müəyyən nəzarətin olması, icra orqanları ilə yerli ictimaiyyət nümayəndələri arasında münasibətlərin qurulaması deməkdir. Məqsəd də əlbəttə ki, ölkədəki durumu yaxşılaşdırmaqdır. Bundan başqa, Ombudsman Aparatının rəhbəri Elmira Süleymanova ölkədə sərbəst toplaşmaq azadlığı ilə bağlı problem olduğunu bildirib və vətəndaşların konstitusyon və vətəndaş haqlarının təmin edilməsini vacib saydığını vurğulayıb. Elmira Süleymanova bunu deyirsə, deməli, bu məsələ hakimiyyətlə razılaşdırılıb. Çünki adətən o, insan haqları ilə bağlı durumu tərifləməklə məşğul olur. Bundan başqa, etibarlı qaynaqlardan əldə etdiyim məlumata görə, Seçki Məcəlləsi və seçki qanunvericiliyi ilə bağlı Qərblə ciddi danışıqlar prosesi gedir. Azərbaycan hökuməti indiyə qədər Qərbin bu yöndə təzyiqlərinə adekvat cavab verməyib. Daha doğrusu Qərbin təzyiq rıçaqları hakimiyyəti dəyişiklik etməyə məcbur edə bilməyib. Ancaq reallıq göstərir ki, bu haqda qərar olsa, o, yerinə yetiriləcək. Əgər bir zamanlar Azərbaycan hakimiyyəti Vaşinqton, Brüssel, Tehran, Ankara, Moskva arasında ziddiyyətlərdən istifadə edərək öz maraqlarını təmin edə bilirdisə, bu gün artıq iqtidar bu güc mərkəzlərinin ortasında sıxılmış durumda qalıb. Rəsmi Bakı indiyə qədər bu və ya digər şəkildə münasibət yaratdığı bütün bu mərkəzlərin hər birindən eyni məsafədə uzaqlaşaraq dar bir çevrəyə qısılıb. Burada manevr imkanları yox dərəcəsindədir. Bu isə hakimiyyət üçün çox ciddi problemlər yaradıb. Sanki siz avtomobil sürürsünüz, ancaq sükanı sağa-sola döndərə bilmirsiniz. Demək, hansısa divara çırpılacağınız qaçılmazdı”.
Mehman Əliyevin fikrincə, beynəlxalq birliyin Azərbaycanla bağlı mövqeyinin artıq formalaşması islahatlar prosesinə ciddi təsir edəcək: “Beynəlxalq aləmlə Azərbaycan hakimiyyətinin münasibətlərində indi belə bir mənzərə yaranıb - Rusiya da, ABŞ da, Türkiyə də eyni məqsədə xidmət edirlər, Azərbaycanla bağlı onların maraqları üst-üstə düşür. Dediklərimə misal olaraq 2003-cü il prezident seçkilərini göstərmək istəyirəm. O zaman İlham Əliyevin hakimiyyətə gətirilməsi Rusiya və Birləşmiş Ştatların ciddi səyi nəticəsində oldu. Azərbaycanda bəlli idi ki, atasının komandasının bir çox aparıcı üzvləri İlham Əliyevin hakimiyyətə gəlişini istəmirdi. Real durum belə idi. İndi də Azərbaycandakı seçkilərlə bağlı beynəlxalq aləmin istəkləri var. Qərb çox ciddi dəyişikliklər tələb edir – mən deyərdim, söhbət hətta kardinal dəyişikliklərdən gedir. İlham Əliyev hesab edir ki, bu dəyişiklikləri həyata keçirsə, hakimiyyəti itirmiş olacaq. Qərb bu dəyişiklikləri seçkiyə qədər həyata keçirilməsində israrlıdır. Ona görə də Azərbaycan hakimiyyəti bu gün çox ciddi problemlə üzləşib”.
M.Əliyevin sözlərinə görə, Qərbin Azərbaycanla bağlı mövqeyi qətiyyətli və ardıcıl olduğu üçün proses çox böyük dəyişikliklərə gətirib çıxaracaq.
Aygün Muradxanlı