BolgeXeber.Com » Analitika » Gülər Əhmədova: “Mən artıq hər şeyi itirmişəm”

Gülər Əhmədova: “Mən artıq hər şeyi itirmişəm”

19-03-2013, 16:45
Oxunub: 5 488 Gülər Əhmədovadan gözlənilməz etiraf və sərt mesaj
Dünən ABU-nun sabiq rektoru Elşad Abdullayevin Bakı Apelyasiya Məhkəməsində Səbayel Rayon Məhkəməsinin verdiyi qərardan şikayətinə baxılıb. E.Abdullayevin vəkili Adil İsmayılovun sözlərinə görə, şikayət sabiq rektorun keçmiş YAP-çı deputat Gülər Əhmədovaya qarşı açılan cinayət işində zərərçəkən kimi tanınmaması ilə bağlı olub və hakim daha öncəki məhkəmənin qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, Səbayel Rayon Məhkəməsinə şikayət fevralın 25-də göndərilib. Hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Abdullayevin şikayəti qəbul olunmayıb. Əsaslandırma da belə olub ki, Cinayət Prosessual Məcəlləsində bu cür qərarlardan şikayət olunması nəzərdə tutulmur. Sabiq rektorun vəkilləri bu cavabı qanunsuz sayaraq Səbayel Rayon Məhkəməsinin qərarının ləğvini tələb edib.
“Şikayət təmin olunmalıdır. Eyni şey əmələ gəlir: Gülər Əhmədovaya ittiham elan edilib ki, Elşad Abdullayevin pulunu mənimsəyib. Amma sabiq rektor zərərçəkən kimi tanınmayıb” – deyə vəkil A.İsmayılov bildirib.
G.Əhmədovanın vəkili Raqif Mustafayev isə müvəkkilinin daha bir mesajını çatdırıb. O dedi ki, G.Əhmədova E.Abdullayevin işini araşdıran blogger Elnur Məcidlinin açıqlamalarına cavab verib. Belə ki, G.Əhmədova öncə E.Abdullayev və E.Məcidlinin montajla məşğul olduğunu deyəndə sonuncu G.Əhmədova ilə bağlı daha bir video yayacaqlarını anons etmişdi.
“Gülər xanım deyir, istəyirlər 40 dənə video göndərsinlər. Deyir, mən artıq hər şeyimi itirmişəm. Mandatımı itirmişəm, partiyadan çıxarılmışam, həbs olunmuşam. Həyat yoldaşım işdən çıxarılıb. Artıq məni video yox, Abdullayevlə görüşmək maraqlandırır” – deyə R.Mustafayev bildirib.
Vəkil E.Məcidlinin “Elşad Abdullayev Azərbaycana gəlməyəcək, Gülər Əhmədova onun nümayəndəsi ilə üzləşsin” açıqlamasını yada salıb G.Əhmədovanın buna da cavab verdiyini vurğuladı: “Qanunda belə qayda yoxdur ki, kimsə kiminsə nümayəndəsi ilə üzləşsin. Elşad Abdullayev bəyan edib ki, onda 400-dək video var. Gülər xanım deyir ki, görünür, onlar xaricdə əməlli-başlı kinostudiya açıb yaradıcılıq fəaliyyəti ilə məşğuldur. Belə getsə, prokurorluq bütün işləri kənara qoyub bu videoların araşdırılması ilə məşğul olacaq”.
müsavat