BolgeXeber.Com » Analitika » Turqut Özalı öz həyat yoldaşı zəhərləyib

Turqut Özalı öz həyat yoldaşı zəhərləyib

25-04-2013, 10:45
Oxunub: 5 726 Səmra Özal intim əlaqələrinə dair video ilə şantaj olunurmuş
Türkiyənin sabiq prezidenti Turqut Özalı həyat yoldaşı Səmra Özal zəhərləyib. Bu ilginc iddianı "Ergenekon" davasının adı açıqlanmayan şahidi səsləndirib. O deyib ki, buna səbəb S.Özalın uyğunsuz şəkilləri ilə şantaj edilməsi olub.
Artıq bir ilə yaxındır Türkiyədə 8-ci prezident T.Özalın zəhərlənməsi ilə bağlı qaldırılan cinayət işinin istintaqı gedir. İstintaq çərçivəsində ötən ilin oktyabrında Özalın məzarı açılaraq nəşin qalıqları üzərində ekspertiza aparılıb. Ekspertlər öncə nəşdə 4 fərqli zəhərli maddə bulunduğu haqda açıqlama yaysa da sonra bu məsələ gündəmdən yığışdırıldı.
T.Özalın zəhərlənərək öldürülməsi iddiasını prezidentin qəfil ölümündən sonra ilk olaraq S.Özal dilə gətirib. O bu haqda israrlı suallara cavabında yalnız bir ifadə işlədib: “Turqut bəydən sonra gələn həqiqəti bilir”.
Bununla da S.Özal diqqəti 9-cu prezident Süleyman Dəmirələ yönəldib. Dəmirəl isə dəfələrlə Özalın zəhərlənərək öldürülməsi iddialarının əsassız olduğunu deyib. Onun sözlərinə görə, Özalın infarktdan vəfat etməsinə həddən artıq gərgin iş rejimi səbəb olub.
Bir neçə gün öncə isə S.Özal yenə də həyat yoldaşının qatilinin Azərbaycanda olması ilə bağlı açıqlama vermişdi. Onu da vurğulayaq ki, yerli media orqanları bunu yeni fakt kimi təqdim etsə də əslində bu, Özalın ölümü ilə bağlı məsələ hər dəfə gündəmə gələndə səslənən versiyadır. “Yeni Müsavat” Özalın zəhərlənməsi ilə bağlı yazılarda dəfələrlə bu informasiyaya yer verib. Söhbət ondan gedir ki, S.Özal bir neçə ay öncədən kimliyi bilinməyən bir şəxsin 1998-ci ildə evinə gələrək onunla görüşmək istədiyini bildirmişdi. Ancaq o, evdə olmadığı üçün görüş baş tutmayıb. Gedərkən həmin şəxs mühafizəçilərə S.Özala çatdırmaq üçün kiçik bir qeyd verib. O qeyddə Özalı zəhərləyən qatil Həsən Ağaoğlunun Azərbaycanda olduğu yazılıbmış.
Şahid bildirib ki, prezident Özal planlı sui-qəsd nəticəsində öldürülüb. Türkiyə mediasına sızdırılan xəbərə görə, S.Özalın bir sıra şəxslərlə intim münasibətləri, bu münasibətlər zamanı uyğunsuz şəkillərinin çəkilməsi və sonradan onun şantaj edilərək sui-qəsd planına qoşulmasına səbəb olub. Bu məsələnin ABŞ və İsrail xüsusi xidmət orqanlarında planlaşdırıldığı, həyata keçirilməsi üçün Türkiyənin yüksək rütbəli hərbi kontingentindən plana cəlb edildiyi yayılan xəbərlər sırasındadır.
Bir neçə il öncə T.Özalın böyük oğlu Əhməd Özala 3-5 milyon dollar qarşılığında atasının qatili ilə bağlı dəqiq informasiya verilməsi təklif olunub. Ə.Özala o da bildirilib ki, sui-qəsddə ailə üzvlərindən birinin iştirakı da təxmin edilir. Ancaq Ə.Özal atasının öz əcəli ilə öldüyü, bu haqda heç bir iddiaya inanmadığını deyərək sözləşmədən imtina edib.
İstintaqa ifadə verən şəxsin sözlərinə görə, 2004-cü ildə bu sözləri Türkiyə Milli İstihbarat Təşkilatının yüksək rütbəli əməkdaşı Levent Ərsözdən də eşidib. Bir məsələnin müzakirəsi zamanı L.Ərsöz xüsusi xidmət orqanlarını öymək məqsədilə deyib: “Biz baş nazir və prezident olan şəxsi öz qoynundakı adama zəhərlətdik. Turqut Özalı arvadı Səmraya zəhərlətdik. Ona iki yol göstərdik - ya rüsvay olub hər şeyini itirəcək, ya da bizim istədiyimizi edəcəkdi”.
Şahidin sözlərinə görə, o, Özalın ölümü günü Savaş soyadlı MİT polkovnikindən bunları eşidib: “Özal zəhərlənəndən sonra çağırılan təcili yardım maşınında sui-qəsdin üstünün açılmaması üçün prezidentdən götürülən qan analizi da dəyişdirilib. Polkovnik Savaş deyirdi ki, Özalın ölümündən dərhal sonra zəhərlənmə ortaya çıxmasın deyə Səmra Özala prezidentin zəhərlənmədən öncə kəsilmiş saçlarından verilib. O zaman Səmra Özala öz həyatı da təhlükəyə düşməsin deyə heç bir panikaya qapılmamaq və sakit davranmaq tövsiyə olunub”.
İnformasiya üçün bildirək ki, S.Özal T.Özalın ikinci həyat yoldaşıdır. S.Özal T.Özalın katibəsi olub. Yaxın çevrələri bildirir ki, onlar tanış olarkən Özal yenicə evlənibmiş. Ancaq Səmra xanım hədəfini həyat yoldaşından ayıraraq onunla evlənməyə nail olub. T.Özalın müşavirlərinin və şəxsi mühafizəsinə rəhbərlik etmiş şəxslərin söylədiyinə görə, S.Özalın həyat yoldaşına təsiri çox güclü olub. S.Özal prezidentliyi dönəmində T.Özalın hətta böyük qardaşı və digər ailə üzvləri ilə görüşlərini də əngəlləyirmiş. Qardaşının hakimiyyəti illərində Türkiyə neft şirkəti TPAO-ya rəhbərlik edən Qorqud Özalın prezident qardaşı ilə görüşünə şərait yaratmaq üçün köməkçiləri xanım Özalı böyük bir heyətlə Yaponiyaya göndərməyə məcbur qalıblarmış. Mühafizəçiləri deyir ki, T.Özal çox çalışsa da səyahətə, əyləncə məclislərinə xüsusi marağı olan xanımını protokol qaydalarına məcbur edə bilmirmiş.musavat.com