BolgeXeber.Com » Analitika » Qəbirstanlığa ekskursiya

Qəbirstanlığa ekskursiya

26-04-2013, 19:00
Oxunub: 5 498 Və ya qəbir daşlarının üzərində yazılan adi sözlər belə adama çox mənalı gəlir

Bir çoxları üçün bu “Disneyland” qədər ürəkaçan olmasa da, kiminsə kimisə öldü-ölmədi şüurun profilaktikası üçün həftədə heç olmasa bir dəfə qəbirstanlığa baş çəkmək lazımdır. Qəbirstanlıqda hətta anormal adam belə aydın olaraq dərk edir ki, bizim bir sürü qayğılarımız, ümumiyyətlə həyat necə mənasızdır.

Düzdür, bir həqiqət var ki, qəbir daşlarının üzərində yazılan adi sözlər belə adama çox mənalı gəlir. Qəbir daşları arasında dayanıb, düzgün düşünsək evə alınacaq divar kağızının necəliyi, neçəliyi haqda müzakirələrin necə axmaqlıq olması nəticəsinə gəlmək olar. Ən böyük axmaqlıq isə qəbirstanlıqdan canlı insanların yaşadığı şəhərə qayıtdıqdan sonra yenə əvvəlki düçüncə, həyat tərzinin davam etdirilməsidir.

Qəbirstanlıqda uyuyanların əksəriyyəti də bir zamanlar çox “xod” gedirdi,təkəbbürləri yerə-göyə sığmırdı, ”mənəm-mənəm“ deyirdi. İndi fısları yatıb bircə sümükləri qalıb deyə sakit qalıblar. Yaxınlarının axmaqlığı səbəbindən ölənlərin şərəfinə ucaldılan qəbir abidələrin üzərindəki şəkillərdən boylananların simalarına baxanda adam istər-istəməz fikirləşir ki, o və ya başqaqəbirstanlıqda bir gün bizim də simamız olacaq (Düzdür mən vəsiyyət edəcəm ki, ora mənim nə şəklimi vursunlar, nə mənasız yerə tez-tez qəbirə gül-çiçək qoysunlar, nə də lazımsız yerə xərc qoyub bahalı qəbir daşı ucaltsınlar).

Deyirəm özümüz adam kimi yaşamırıq ,həmişə İsveçrədə-zadda yaşamağı arzulayırıq ,heç olmasa öləndə orda basdırılsaq “bəlkə” bir gün görərik. Avropanın qəbirsatlığında da demokratiya var. Hamısının qəbri biz “müsəlmanlardan“ fərqli olaraq sanki islamsayağı sadə, kasıblı-varlılı ayrı-seçkisiz səliqəli, parklı və hasarsız. Qəbirləri adama gəl-gəl deyir, adamda bizim qəbirlər kimi vahimə yox, xoş hisslər oyadır. Amma o dünyanın aqibətini nəzərə almasaq bir tərəfdən bizim qəbrstanlıqda istirahət edənlərə də müəyyən mənada qibtə etmək olar: onları nə qaz pulunu, nə işıq pulunu, nə də borcu-morcu vermək qayğısı artıq narahat etmir.

Əslində Azərbaycan özü boyda, 9 milyon olan qəbirstanlığa oxşayır ki, burada canlılar ölü kimi bir şeydirlər. Çünki ölü kimi heç bir zülmə reaksiya vermirlər. Bu milləti bir tərəfdən lap yüz Cəlil Məmmədquluzadə, o biri tərəfdən əlli Sabir birdən qıdıqlasa da cətin ki, oyana. Çünki ölünün adətən qıdığı gəlmir. Oyanmaq üçün gərək ölünün öz canında təpər olsun. O da bizdə bineyi-qədimdən əgər yaddaşım məni aldatmırsa yoxdur.

Bədbəxtçilik odur ki, bu ölülərin üstəlik prezidenti də var, hələ üstəlik ”Yevrovideniye”–zad da keçirir. Bir sözlə ,rəhmət diriyə də düşdüyündən ,mövzunu çox uzatmayım: ”Allah sizə rəhmət eləsin –dirilər .Fatihə!”