BolgeXeber.Com » Analitika » Ədalətsiz ölkədə necə yaşamaq olar?!

Ədalətsiz ölkədə necə yaşamaq olar?!

3-05-2013, 17:30
Oxunub: 5 349 Və ya uşaqlarınızı belə ölkələrdə tərbiyyə etməyiniz boşuna bir işdir

Biz, başqa ölkələrin praktikasında tətbiq edilən maraqlı və ziyansız qanunları özümüzdə tətbiq etsək, qanunverciliyimiz daha da rəngarəng olardı. Məsələn, ABŞ kimi demokratik ölkələrin ştatlarında qüvvədə olan qanunlar bu qəbildəndir:
-Viskonsin ştatında saat doqquzdan sonra pivə satmaq və içmək qadağandır.
-Yuta ştatında rəhmətə getmiş adamın yanında söyüş söymək qadağandır.
-Oklaxoma ştatında balina ovlamaq qadağandır.
-Aydaxo ştatında dəvənin üstündə oturub balıq tutmağa icazə verilmir.
-Nebraska ştatında bərbərlərə səhər 7-dən axşam 7-yəcən soğan yeməyə icazə verilmir.
-Vaşinqtonda Corc Vaşinqtonun monumentindən yüksək binanın tikilişi qadağandır.
-Kentukki ştatının qanunlarına görə ştatın hər bir sakini heç olmasa, ildə bir dəfə çimməlidir.
Bizdə mövcud olan qanunlar daha çox dekorativ xarakter daşıdığından bu tipli qanunlar Azərbaycanda olsa idi bəhrəsini yeyə bilməsək də, heç olmasa əcaib kaktusdan zövq aldığımız kimi onlara baxıb feyziyab olardıq. Bu qəbildən olan qanunların nə zərurətdən doğulduğunu bildirmək üçün demək istəyirəm ki, millət vəkillərimizin və onların çıxardığı qərarların əksəriyyəti onsuzda xalqa xidmət etmir. Mən isə könüllü və təmənnasız olaraq xalqa vəkillik edərək aşağıdakı əlavələri təqdim edirəm.
-Sahə müvəkkili boş sahədə tam qanuni olaraq ev tikən vətəndaş ilə görüşüb, “salam-əleyküm” deyərkən onunla vətəndaş arasında məsafə ən azı 5 metr olmalıdır.
-Azərbaycan vətəndaşının Bakı-Moskva qatarı ilə yola düşərkən pəncərədən başını çıxardaraq vida sözü kimi əlindən qaçdığı iqtidara dair qeyri-etik söz deməsi qadağan olunur.
-Müxalifət mitinq zamanı nəyəsə etiraz əlaməti olaraq ayağının birini hamılıqla qaldıra bilməz. Daha doğrusu buna icazə verilmir. Ancaq hamının eyni zamanda iki ayağını birdən göydə saxlamasına tam olaraq icazə verilir.
-Yol polisi və “adi” polisə hər üçüncü günü saat 14.30-dan 14.31-ədək rüşvət verilməsi qadağandır.
-Serial gedən zaman, “Yeni ulduz” yayımlanan zaman C.Məmmədquluzadənin, Sabirin əsərlərini oxumaq yasaqdır.
-Həftənin 1, 3, 5-ci günləri gecə saat 2-də şəhərdə küçə ilə gedə-gedə tum çırtlayıb qabığını yerə tullamağa görə cərimə tətbiq olunur. Bu kənd statusu olan yerlərə bu qanun aid edilmir. Ancaq orada da İcra Hakimiyyətinin binasına və icra hakiminin yaşadığı möhtəşəm evə 5 dəqiqədən artıq çəp-çəp baxmağa icazə verilmir.
-Qanunsuz olaraq artırılmış balkondan təqüdçü vətəndaşa gecə vaxtı (23.00-dan 6.00-dək) necə xoşbəxt yaşaması və dolanışığından razılıq əlaməti olaraq serenada oxuması qəti və birdəfəlik qadağandır.
-Öz oğlunun əsgərlikdə cəbhə xəttinə düşməməsi üçün pul verməyən valideyn “öz övladına qarşı amansız münasibət bəslədiyinə görə ”məsuliyyətə cəlb olunsun və onun “Bəs Vətəni kim qorumalıdır?!” fikri əsassız sayılsın, özünü müdafiə kimi qəbul edilsin.

Dövlətə məxsus uşaq baxçalarında, orta təhsil məktəblərində uşaqlardan, şagirdlərdən süpürgə, qab şampunu, sabun, təmir pulu adı ilə pul tələb etmək qanınsuz və ədalətsiz olduğuna görə qadağan olunur. Pul yalnız və yalnız onların valideynlərindən alınmalı, özü də bu proses tam könüllü olaraq məcburi və təyziq yolu ilə həyata keçirilməlidir.

Gerçəkdə qanunlar yaxşı halda nə qədər mükəmməl olsalar da, ədalətin bərqərar olmasını çox cüzi faizlə təçmin edir. Məhz böyük bir hissə cəmiyyətin ixtiyarındadır, onun öhdəsinə düşür. Çünki hər şeyi qanunla təmizləmək mümkün deyil.

Tutaq ki, bir nəfər özünə ev tikdirir, usta ilə əvvəlcədən qiyməti razılaşdırır. Məsələn, deyir kvadratına 100 manat verəcəm, usta işi qurtarandan sonra deyir bu qiymət mənə sərf etmir, 50 manatdan hesablayacam. Və ya usta pulu əvvəlcədən alır, ancaq işi çox böyük nöqsanla görür və ya heç görmür. Adətən olduğu kimi ortada da sənəd-filan, müqavilə olmur. Əlbəttə, belə mübahisəli hallarda qanuna da müraciət etmək mənasızdır. Bu hallarda şəxsi keyfiyyətlər daha çox rol oynayır. Ümumiyyətlə, eramızdan əvvəl yaşamış Roma şairi Horatsi haqlıdır: “Bəzən yazılmamış qanunlar, yazılmış qanunlardan güclü olur”.
İnkişaf etmiş Avropa ölkələrində, ABŞ-da insanların yaxşı mənəvi keyfiyyətlərinə elə də arxayın olmurlar və buna görə münasibətlərin çoxu, hətta nikahlar da müəyyən müqavilələr əsasımnda qurulur. Ona görə problem yarananda o daha tez və ədalətli həll olunur.

Ümumiyyətlə, qanunların icra olunmaması zəncirvari olaraq minlərlə insanın ölümünə səbəb olur. Məsələn, bizdə baş verən kriminal olaylar xaricdə, daha dəqiq demokratik ölkələrdə baş verən olaylardan xarakterinə görə fərqlənməsə də, ABŞ-a baxanda çoxsaylı olmasa da, əhalinin sayına görə az deyil. Ancaq faciə orasındadır ki, qətllərin çoxunun qarşısını adi proflaktik tədbirlərlə almaq olar. Bir qətl baş verməzdən əvvəl bizdə tərəflər “150” dəfə dilləşir, söyüşür, 10-15 dəfə polisə müraciət edilir və ya müəyyən səbəbdən edilmir. Tədbir görülsə belə qanunda nəzərdə tutulan şəkildə müvafiq addım atılmır. Yəni qanunlar tam qüvvədə icra olunmur. Bir çox hallarda vətəndaşlar qanunları, hüquqlarını, bilmədiklərindən və polislərin qanun keşikçisi kimi yox, maraqlı tərəf ıkimi çıxış etdiyindən problem süni olaraq dondurulur, ancaq həll olunmur. Əlbəttə, sonra həmin adamların, konfliktdə olan vətəndaşların birinin meyidi haradasa tapılanda və bunu xəbərlərdə göstərəndə təəccüblənməyə dəyməz.
Mən bir dəfə Hollandiyada adi sahə polislərinin fəaliyyətindən bəhs edən sənədli lfilmə baxmışam və orada adamı valeh edən odur ki, holland polisi hər səhər volisipeddə (?!) qapıları döyür, vətəndaşların bir qanunsuzluqlar rastlaşmadıqları barədə soruşur, qeydlər aparır, şübhəli şəxslərin gəzib dolaşmadıqları barədə maraqlanır. Əlbəttə, belə fəaliyyət nəticəsində ölüm halları orada sensasiya sayılır. Finlandiyada isə bildiyimə görə cinayətkarlığın səviyyəsi 0,1 ya da 0,2 faizdir. Yəni az qala yox dərəcəsindədir.

Bizdə kimsə kimisə mütəmadi təhqir edir, ələ salır. O biri tərəf zəifliyindən, avamlığından qarşı tərəfə heç nə edəç bilmir. Ancaq sivil dövlətlərdə hər bir təhqirə görə təhqir edən tərəf 5-10 min dollaracan cərimə ödəyir. Əlbəttə, əgər bizdə də müvafiq qanunlar olsa və icra olunsa idi, təsəvvür edirəm nə qədər faciələrin qabağını almaq olardı. Çox güman ki, rüşvət şəklində yox, məhz ədalətli məhkəmə sayəsində kifayət qədər miqdarda pul ödəyən özündən razı alçaq ikinci dəfə artıq dilinə yiyə durar. Çünki, pul cəzası bəzən zindana düşməkdən daha sərt cəza olur. Dərindən düşünəndə cəza müəssisəsi dövlət üçün də böyük xərc tələb edir. Bu baxımdan belə ABŞ-da olduğu kimi bəzən böyük pula şübhəlini zaminə buraxmaq qanun ənənəsi bizdə olsa idi çox yaxşı olardı. Əlbəttə, çoxları deyəcək bunların heç birinin bizdə tətbiqinin mənası yoxdur. Ancaq nə etmək olar ki, gərək inadkar olasan, hüquqlarını, qanunları öyrənəsən, hüquqların uğrunda mübarizə aparasan. Başqa yolu yoxdur, geridə onsuz da dalandır.

Çinli Suyunun qanunlar haqda maraqlı fikri var idi: “Həddən artıq ciddi qanunlar tarım çəkilmiş simləri andırır-hansı müsiqini istəsən çalmaq olar, həddən artıq yumşaq qanunlar isə tamam boşalmış simlərə bənzəyir ki, onlardan fərqli səs çıxarmaq mümkün deyil”.

Siz deyə bilərsiniz ki, qanunları pozmursunuz, sakit həyat keçirirsiniz və qanunun nə qədər şah olması sizi az maraqlandırır. Ancaq bu, həmişə yaxşı sonluqla qurtarmır. Laqeyd vətəndaş axırda özünə qarşı dəhşətli laqeydlik hiss edəndə başa düşür ki, nümunəvi vətəndaş anlamını əslində necə başa düşmək lazımdır. Ancaq iş-işdən keçəndən sonra bunun artıq mənası olmur.
Bir rəvayətdə deyilir ki, biri ailəsi ilə çox kasıb yaşayır və güzəranını yaxşılaşdırmaq üçün başqa vilayətə, ölkəyə getmək qərarına gəlir. Yolayrıcında bir yaşlı adamdan soruşur ki, elə bir ölkə tanıyırsanmı orada bolluq olsun, dolanışıq yaxşı olsun?

Kişi cavab verir: bir ölkə var, orada insanlar varlı yaşayır. Güzəran yaxşıdır, ancaq qanunlar ədalətli deyil. Ancaq onun yanında başqa bir ölkə var ki, orada kasıbçılıqdır, bununla belə ədalətli hökmdar var. Digəlki, orada yaşayış sarıdan da inkişaf gedir. Gələcək imiqrant fikirləşir ki, mən onsuz da qanunları pozan deyiləm, heç kimlə də işim yoxdur, sakit adamam. Elə gedim o firəvan ölkədə yaşayım. Ora çatır, ev tikir, başlayır torpaq becərib, mal-qara saxlamağa və ailəsi ilə firəvan yaşamağa. Bir gün qonşusu gəlib ona deyir ki, mənim nə ailəm, nə də uşağım var. Sən arvadını ver müvəqqəti mənə, mənimlə yaşasın və mənə uşaq doğsun, sonra qaytarım özünə.

Ər fikirləşir ki, qonşusu başdan xarabdır və onu qapısından rədd edir. Qonşusu onu məhkəməyə verməklə hədələyir. Kişi düşünür ki, qoy versin məhkəməyə. Hakim də dəli deyil ki, onun əksinə qərar çıxartsın.

Məhkəmə olur və hakim deyir ki, sən yadellisən bizim adətləri, qanunları bilmirsən, qısqanclıq, paxıllıq edib arvadını bu bədbəxtə vermirsən. Ona görə mən ədalətli qərar çıxarıram ki, yoldaşın bu kişi ilə yaşasın. Qərar icra olunur və kişi dərddən xəstələnir və yatağa düşür. Qonşuları gəlib onu yoluxurlar və bir günləri deyirlər ki, bu gün bazar günüdür deyə sahədə iş yoxdur. Biz fikirləşıdik ki, sən indiyəcən ölərsən, ancaq ölmədin. Sabah isə ölsən bizi işdən etmiş olarsan. Çünki sənin yasını keçirmək lazım olacaq. Buna görə qərara almışıq ki, səni bu gün dəfn edək. Kişi yalvarsa da, bunun ədalətsiz olduğunu desə də, qonşular onu diri-diri basdırırlar. O, basdırılmazdan əvvəl çox güman ki, ədalətsiz ölkədə yaşamağın nə qədər təhlükəli olmasını aydın dərk edir.
Pifaqordan soruşurlar ki, oğlum olsa necə tərbiyə edim? Deyir: ədalətli ölkədə doğulsa bəsdir. Qanunlara bizim öyrəşdiyimiz anlamda, məcazi mənada yox, məhz həqiqətən hörmətlə yanaşaq ki, o da bizə öz növbəsində hörmətlə “yanaşsın”. Əlbəttə, onların ədalətli olması şərtilə.
Qanunsuz bir gününüz olmasın.