BolgeXeber.Com » Analitika » Bir çox şadlıq evləri müştərilərə sexlərdə hazırlanan keyfiyyətsiz spirtli içkilər verir

Bir çox şadlıq evləri müştərilərə sexlərdə hazırlanan keyfiyyətsiz spirtli içkilər verir

6-05-2013, 11:45
Oxunub: 5 423
Azərbaycanda bəzi şadlıq evlərinin yalnız akustikası və yeməkləri insan sağlamlığını təhdid etmir. Onların özlərinə məxsus gizli sexlərində hazırlanan spirtli və spirtsiz içkilər də ciddi təhlükə mənbəyidir.
Məsələ burasındadır ki, paytaxt Bakıda bir çox şadlıq evləri müştərilərinə rus markalı araqlar yerinə özlərinin zirzəmilərindəki gizli sexlərdə hazırlanan keyfiyyətsiz spirtli içkilər təqdim edirlər. Bundan başqa, həmin sexlərdə limonadlar və şirələr də hazırlanır ki, onların da sağlamlıq üçün zərərli olduğu şübhə doğurmur.Bu barədə danışan mənbəmizin sözlərinə görə, xüsusilə spirtli içkilərlə bağlı vəziyyət daha dəhşətlidir: "Bu gün Azərbaycanın istehlak bazarında həm yüksək, həm də aşağı səviyyəli spirtli içkilər var. Amma şadlıq evləri bəzən bunlardan da imtina edirlər. Çünki məsələn, keyfiyyətsiz xarici arağın qiyməti yüksək olur, restoran sahiblərinə onları süfrəyə qoymaq sərf eləmir. Odur ki, onlar gizli sexlər yaradıblar, həmin sexlərdə heç müasir avadanlıqlar da yoxdur. Bu gizli sexlərdə texniki spirtin köməyi ilə əsasən rus markalı araqlar hazırlanır. Və toy sifariş edən vətəndaşın arzuladığı menyüyə daxil edilir. Vətəndaşın isə xəbəri belə yoxdur ki, rus arağı kimi qonaqlarının qarşısına çıxarılan içki əslində həmin şadlıq evinin gizli sexində keyfiyyətsiz şəkildə hazırlanıb".Mənbəmiz bəzi dövlət qurumlarını da ittiham etdi: "İddia edirlər ki, Rusiyadan və Qazaxıstandan fərqli olaraq bizdə texniki spirtdən istifadə edilmir, orqanizm üçün öldürücü təsirə malik olan bu spirt Azərbaycanda ümumiyyətlə yoxdur. Bu, ağ yalandır. Azərbaycanda xüsusilə şadlıq evlərinə məxsus gizli sexlərdə hazırlanan spirtli içkilərin tərkibi böyük ölçüdə texniki spirtdən ibarətdir. Sadəcə, həmin şadlıq evləri əksər vaxtlarda müəyyən vəzifəli şəxslər tərəfindən himayə olunduğundan bu gizli, qeyri-leqal sexlərin fəaliyyətinə göz yumulur".Qaynağımızın sözlərinə görə, son vaxtlar Azərbaycanda araqdan zəhərlənmələrin artmasında həmin sexlərin keyfiyyətsiz, bəzən hətta kustar yolla hazırlanan içkilərinin rolu danılmazdır. Odur ki, yaxın vaxtlarda belə sexlərə əl qoyulacağı gözləniləndir: "Həmin sexlərdə araqların hazırlanması ilə bağlı heç bir standart gözlənilmir. Məsələn, ekspertlər deyirlər ki, araq üçün mütləq yumşaq sudan istifadə olunmalıdır, hər su yaramır. Bakıya verilən su yüksək səviyyəli şollar suyu hesab olunur. Amma onun codluğu 11 ekvivalentə çatır. Buna görə də su yumşaldılmalı, codluğu 1 ekvivalentdən aşağı olmalıdır. Suyun tərkibindəki duzlar spirtlə birləşəndə onun acılığı artır. Əsl rus araqlarının keyfiyyəti ona görə yüksəkdir ki, onlarda codluğun səviyyəsi aşağıdır. Bizdə buna çox vaxt heç şərab zavodlarının özləri əməl eləmirlər, qalmışdı şadlıq evlərinin qeyri-leqal sexləri olsun. Əgər əlaqədar qurumlar həmin sexlərə müdaxilə edə bilsələr, inanın ortaya olduqca dəhşətli mənzərə çıxacaq".Mənbəmizin sözlərinə görə, müstəqil ekspertlərin heç biri şübhə etmir ki, şadlıq sarayları və restoranlarla bağlı olan yerlərdə spirtli içkilər, kolbasa məmulatları, hətta Fransanın məşhur suyunun belə saxta və keyfiyyətsiz variantı buraxılır: "Belə hal kürü məhsuluna da aiddir. Dünyada qiyməti həddindən çox baha olan həqiqi kürüdən şadlıq saraylarında istifadə olunsaydı, toy sahibinə bir stolun qiyməti də indikindən dəfələrlə baha başa gələrdi. Həmin yerlərdə məhsul yalnız onlar üçün buraxılır. Adətən bu tip yerlərin sahibləri də elə şadlıq evlərinin yiyələri olur. Yəni özləri buraxdıqları keyfiyyətsiz malları öz restoranlarında realizə edirlər. Bütün bunlar onu göstərir ki, Azərbaycanda saxta malların realizə olunduğu yerlərdən biri də məhz şadlıq saraylarıdır. İndi qalır buna əlaqədar rəsmi qurumların əl qoymaları, həmin şadlıq evi və restoranların arxasındakı məmurların yaratdığı əngəllərə baxmayaraq, qanunun aliliyini tətbiq etmələri. Əks halda bu vəziyyət getdikcə daha qorxulu şəkil
ala və xalqın sağlamlığına ən böyük təhlükəyə çevrilə bilər".
Bu günlərdə şadlıq sarayları ilə bağlı səlahiyyətli qurumların kütləvi şəkildə yoxlamalara başlayacağına dair bilgilər aldığını deyən qaynağımız həmin monitorinqlərin toyxanaların haqqında danışdığımız gizli sexlərindən yan keçməyəcəyinə ümid verir: "Bəzi məmurlar buna ciddi-cəhdlə mane olmağa çalışacaqlar, çünki bu onların toy biznesinə zərbə olacaq. Amma unutmayaq ki, vətəndaşların sağlamlığı kimlərinsə qaz vurub qazan doldurmaq həvəsindən qat-qat önəmlidir". unikal
Mövzunu diqqətdə saxlayacağıq.