BolgeXeber.Com » Analitika » QHT-lər yoxsa, “Buynuz və dırnaq kontorları?!”

QHT-lər yoxsa, “Buynuz və dırnaq kontorları?!”

9-05-2013, 17:40
Oxunub: 4 841 Bir müddət əvvəl bizdə Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətini ciddi surətdə məhdudlaşdıra biləcək qanun lahiyəsi həm parlament səviyyəsində, həm də mətbuatda qızğın müzakirə mövzusuna çevrilsə də, sonda səsvermədə təsdiqini tapmadı. Xatırladım ki, təqdim olunan həmin qanun lahiyəsinə görə yerli QHT-lərin xaricdən maliyyələşməsinin qadağan edilməsi və onların yalnız yerli mənbələr hesabına fəaliyyəti nəzərdə tutulurdu. Mənim fikrimcə, qanunun bu şəkildə parlamentdən keçməməsi heç də deputatlarımızın böyük ağıl, söz sahibi, yaxşı niyyət sahibləri olmasından, psevdodemokratlarımızın, xarici təpkiləri nəticəsində baş verməyib. Ancaq sadəlövh insanlar düşünə bilər ki, qanun yaxşı niyyətlə qəbul olunmayıb. Əslində isə bu, onunla bağlıdır ki, bir çox böyük büdcəli QHT-lər yüksək vəzifəli məmurların, onların qohumlarının, yaxınlarının nəzarətindədir.

Təbii ki, xarici donorlardan hər il kifayət qədər vəsait alan həmin şəxslərə belə “dadlı piroq”ların əldə çıxması heç bir halda sərf etmir. Onu da qeyd edim ki, qrantların “yeyilməsi”, ələ keçirilməsi mexanizminə yiyələnmək bizdə çox püxtələşib və çox mükəmməl mühasibət sistemi ilə tənzimlənir. Məsələn, tutaq ki, kağızda möhtəşəm bir layihə hazırlanır və bunu edənlər öz nüfuzları hesabına, qeyri-rəsmi yollarla o layihənin qalibi olur. Çətini pulu ələ keçirənəcəndir. Pul ələ keçəndən sonra “sahibkar” onun 30-40 faizini o dəqiqə qapazlayıb, öz halal pulu kimi qoyur cibinə. İşin qalan hissəsini isə kiməsə tapşırır ki, axırıncı da öz növbəsində qalan pulun ucundan-qulağından kəsə-kəsə, pulun təyinatı üzrə xərclənməsində qənaət edə-edə vəsaitin şirəsini birtəhər çıxarır. Əlbəttə, axırıncı da işini yüngülləşdirmək üçün lahiyənin icrasının “qara” tərəfini kimsə tapşıra bilər ki, bu zaman o, öz gəlirindən kəsib kiməsə quru maaş verməli olacaq. Bütün bu proseslər zamanı çəkilən bütün xərclər hesabat üçün sənədləşsə də, onlar təbii ki, şişirdilir. Çünki əks halda qazanc götürmək demək olar ki, mümkün deyildir. Əlbəttə, bütün bu hallarda son nəticə olaraq, məntiq ilə özü-özlüyündə xeyirxah məqsədlər daşıyan layihələrin cəmiyyətə hansısa xeyrindən söhbət belə gedə bilməz. Çünki fikri-zikri yalnız pul qazanmaq olanlar gördükləri işi heç zaman təyinata uyğun etməzlər.

Aydın məsələdir ki, belə layihə qalibləri çox zaman boyunlarına düşən tədbirləri sadəcə olaraq formal həyata keçirirlər. Söz düşmüşkən, onu da qeyd edim ki, özlərinin maariflənməsinə ehtiyac olanlar başqalarını necə maarifləndirə bilər?! Məmurlardan sonra qrant ələ keçirmək üzrə ikinci yer çələngini başına taxan bizim bu yalançı müxalifət cəbhəsinin nümayəndələridir. Yeri gəlmişkən, müxalifət yazarlarının bir çoxu “Soros” və onun kimi fondların - hansılar ki, millətimizin ağ günə çıxmasını əsla istəməzlər - hesabına dolanır. Dərd orasıdır ki, qrant ayıran xarici təşkilatların əsl niyyəti heç də yaxşı olmadığından onlar özləri də ayırdıqları qrantların xərclənməsi prosesinin şəffaflığına elə də ciddin nəzarət etmirlər. Nəzərinizə çatdırım ki, təkcə rəsmən dövlət qeydiyyatından keçən QHT-lərin sayı 2350-dir. Aydın məsələdir ki, rəsmi qeydiyyatda olmayanların isə sayı yüzlərlədir, bəzi mənbələrə görə isə 1000-ə yaxındır. Əlbəttə, onların hamısı heç də xaricdən maliyyələşmir, ancaq dəst-xətləri eynidir. Bədbəxtçilik odur ki, ölkədə bu qədər QHT olmasına baxmayaraq, onların cəmiyyətimizə verdikləri, fayda barmaq sayı qədər azdır, yəni effekti çox cüzidir. Halbuki Rusiyanın Yekaterinburq şəhərində 1998-ci ildə 2-3 nəfərin ictimai əsaslar əsasında qurduğu adi fond - «Qorod bez narkotikov» (Narkotiksiz şəhər) öz fəaliyyətləri nəticəsində yaxşı mənada elə səs-küy oyatmışdı ki, səs soraqları bütün Rusiyaya yayılmışdı. Konkret olaraq, indi böyük təşkilata dönmüş fond şəhərlərində narkobiznesin kökünü demək olar ki, kəsmiş, təbliğatları, polis orqanları ilə birgə atdıqları addımlar, tədbirlər hesabına onminlərlə narkomanı normal həyata qaytarmış, minlərlə narkotika alverçisinin cəzalanmasına, tutulmasına nail olmuşdur. Bu baxımdan çox böyük təyziqlərlə rastlaşan, mübarizə yolu keçən adi bir fondun bizim bütün QHT-lərin, cəmiyyətlərin, fondların - hansılar ki, günlərini daha çox yumşaq oturacaqlı ofislərdə keçirirlər, toplam fəaliyyətlərini kölgədə qoyur və onlara əsl örnəkdir.

Bizim QHT-lərin əksəriyyəti mənə müəyyən mənada İlf və Petrovun “Qızıl buzov” əsərindəki “Buynuz və dırnaq” “kontora”sını xatırladır. Xatırladım ki, adıçəkilən əsərdə dahi kombinator Ostap Benderin əsas iş profili fırildaqçılıq olsa da, o kontoru sırf gözdən pərdə asmaq, görüntü məqsədilə açmışdır. Bizdə QHT rəhbərləri öz qurumlarına ilk növbədə qazanc gətirən sağmal inək, pul qaynayan çeşməyə baxan kimi yanaşırlar. Çalışmaq lazımdır ki, kimlərinsə belə yolla pul qazanılmasına yardımçı olmayaq. Mövzuya uyğun olaraq bir faktı da qeyd edim ki, əsl xeyriyyəçi olan Hacı Zeynalabdin Tağıyevin heç bir QHT-si- MHT-si olmasa da həqiqətən millətinə kömək etmək həvəsində olduğundan onun təkbaşına gördüyü işi, büdcəsi ondan qat-qat çox olan, ancaq niyyəti zay olan minlərlə indiki təşkilatlarımızdan daha üstün saymaq olar.

Bütün bu dediklərimə rəğmən əksər hallarda olduğu kimi QHT məsələsində bizdə də yaxşı mənada müəyyən istisnalar ola bilər.Hər halda bütün dediklərimə rəğmən QHT-in məğzi normalda bir ideya kimi əlbəttə pis deyil,sadəcə Azərbaycan reallığında bir çox xoş məramlı proyektlər iyrənc şəkil aldığından kimi bizdə QHT-ləri piştaxta kimi işlədənlər yalnız camaatın başını aldadaraq öz ciblərini doldurmaqla məşğuldurlar.Cəmiyyətin pis durumda olması isə onları “srğagündən” maraqlandırmır...
İmran Kərimli