BolgeXeber.Com » Analitika » "Azərsu"da şok korrupsiya faktı

"Azərsu"da şok korrupsiya faktı

10-05-2013, 13:35
Oxunub: 4 829 11 günün şirkətinə çoxmilyonlu layihə necə verildi?

Mirvari Qəhrəmanlı: ««Azərsu» ilə bağlı şübhəli məqamların ortalığa çıxması yenilik deyil»
“Azərsu” ASC-nin sifarişi ilə işləyən “Hidro-Lotus” MMC barədə qaranlıq məqamlar ortalığa çıxıb. “Yeni Müsavat” qəzetinin yazdığına görə, bu şirkət dövlət qeydiyyatından keçəndən cəmi 11 gün sonra “Azərsu” ASC-nin bir neçə yüz milyonluq layihələrinə sahib çıxıb və podratçı şirkətlərə çatacaq vəsaiti mənimsəyib. Bununla bağlı “Azərsu” ASC-yə edilən şikayətlər isə cavabsız qalıb.
Qəzetin yazdığına görə, “Hidro-Lotus” MMC “Azərsu” MMC-nin sifarişi ilə ölkə üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı layihələri həyata keçirir. MMC-nin başında Bülənd adlı kürd mənşəli Türkiyə vətəndaşı durur. MMC-nin saytında müəssisənin 26 iyul, 2011-ci ildə dövlət qeydiyyatından keçdiyi bildirilir. “Hidro-Lotus” MMC Nazirlər Kabinetinin 2011-ci il, 15 iyul tarixli sərəncamına müvafiq olaraq “Azərsu” ASC ilə Bakı və ölkənin müxtəlif rayonlarında təmiz və çirkab su stansiyalarının inşaatı, su boru şəbəkələrinin yenidən qurulması sahəsində müxtəlif müqavilələr imzalayıb.
Elə bu məlumatlarda da nəhəng korrupsiya ocağının anonsu verilir - Nazirlər Kabinetinin sərəncamından cəmi 11 gün sonra yaradılan MMC dəyəri yüz milyonlarla ölçülən layihələrə cəlb edilib. Bu, tender haqqında qanunun açıq-aşkar pozulması deməkdir. Baxmayaraq ki, Nazirlər Kabinetinin qərarına görə, 50 min manatdan yuxarı dövlət sifarişləri bu sahədə ən azı 5 il təcrübəsi olan şirkətlərə verilə bilər.
Belə hallar ilk dəfə baş vermədiyindən artıq cəmiyyətdə təəccübə də səbəb olmur.
Məsələ ilə bağlı “Azərsu” ASC ilə əqalə saxlamağa çalışdıq. Lakin zənglərimiz cavabsız qaldı.
“Azərsu” ASC-nin layihələrini tədqiq edən Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Oğuz-Qəbələ su kəmərinin inşası zamanı kəmərin keçdiyi ərazilərdə torpaq mülkiyyətçiləri üçün nəzərdə tutulan pulların verilmədiyini deyir.
Hüquq müdafiəçisinin sözlərinə görə, “Azərsu” ASC ilə bağlı şübhəli məqamların ortaya çıxması yenilik deyil. Bunun əsas səbəbi isə tenderlərin şəffaf aparılmaması, məlumatların açıqlanmamasıdır.
M.Qəhrəmanlı yeni qeydiyyatdan keçən şirkətə layihənin verilməsinin yenilik olmadığını deyir: “Şübhəli tenderlərin keçirilməsi birinci dəfə deyil. Bakı-Oğuz-Qəbələ su kəməri çəkiləndə boruları hazırlayan ”Azkompozit" şirkəti tenderdə iştirak edəndən sonra qeydiyyata alınıb. Nə qədər belə şübhəli məqamlar olacaq, gizli şirkətlər yaradılacaq, şirkətin fəaliyyəti barədə mlumatlar verilməyəcək, bir o qədər də cəmiyyətdə şübhələr artacaq və mətbuat da öz şübhələrini ortaya qoyacaq".
Bolgexeber.com