BolgeXeber.Com » Analitika » «Hökumət 6 ildə 36 milyard əvəzinə, 60 milyard xərcləyib»

«Hökumət 6 ildə 36 milyard əvəzinə, 60 milyard xərcləyib»

11-05-2013, 12:05
Oxunub: 5 644 “Neft Fondu bu məsələdə sadəcə icraçıdır”

“Dövlət Neft Fondunun bütün xərcləri təsdiqlənmiş büdcə çərçivəsində həyata keçirilir”.

Bunu, Fondun icraçı direktoru Şahmar Mövsümov “mediaforum”a açıqlamasında deyib. Ş.Mövsümov qeyd edib ki, fondun büdcəsi və onun xərclənməsi şəffafdır: “Hamı bilir ki, Dövlət Neft Fonduna nə qədər vəsait daxil olur, nə qədər və hara xərclənir. Ehtiyat vəsaitlərin vaxtından əvvəl xərclənməsi iddiaları doğru deyil”.

Xatırladaq ki, Ictimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad Ibadoğlu mayın 8-də “Azərbaycanda neft gəlirlərinin idarə edilməsinə retrospektiv və perspektiv baxış” adlı konfransda Dövlət Neft Fondunun hazırda 2018-ci ilin vəsaitlərini xərclədiyini demişdi. Ş.Mövsümovun məlum açıqlaması da bu iddaya cavabdır.

Fond rəsmisinin fikirlərinə münasibət bildirməsi üçün Q.Ibadoğluna müraciət etdik. “azadlıq”a açıqlamasında iqtisadçı bildirdi ki, söhbət, nə Neft Fondundakı şəffaflıq və hesabatlılıqdan, nə də xərclərlə bağlı ictimai məlumatlandırmanın səviyyəsindən gedir: “Söhbət, neft gəlirlərinin nəsillər arası ədalətli bölgüsündən gedir. Bizim apardığımız hesablamalar Dünya Bankının 2007-ci ildə Azərbaycanda orta illik neft gəlirlərinin xərclənməsi ilə bağlı tədqiqatının nəticələrinə əsaslanır. O zaman Dünya Bankı tövsiyə edirdi ki, 2008-ci ildən başlayaraq Azərbaycan hökuməti 2007-ci ilin sabit qiymətləri ilə il ərzində 5,9 milyard dollar pul xərcləsin. Bu o deməkdir ki, Dünya Bankının tövsiyəsini nəzərə alsaydı, Azərbaycan hökuməti 2008-ci ildən 2013-cü ilə kimi təxminən 36 milyarda yaxın xərcləmə etməli idi. Amma artıq xərclənmiş neft vəsaitlərinin statistikası göstərir ki, Azərbaycan hökuməti 6 ildə 36 milyarda qarşı 60 milyard vəsait xərcləyib. Halbuki Dünya Bankının bu tövsiyəsi nəzərə alınsaydı, 60 milyard on ilə xərclənməli idi. Deməli, biz 2018-ci ildə xərcləməli olduğumuz vəsaiti 2012-ci ildə xərcləyib bitirmişik. Bu, bizim araşdırmalarımız nəticəsində ortaya çıxan rəqəmdir. Azərbaycan hökuməti Dünya Bankının dəyərli tövsiyəsini nəzərə alsaydı, 2013-cü ilə kimi 60 yox, 36 milyard xərcləyərdi”.

Neft Fondundakı hesabatlılığa gəlincə, Q.Ibadoğlu bu günə qədər bu istiqamətdə hər hansı problemlə üzşləşmədiklərini, əksinə Fondun bu mənada bir çox qurumlara nümanə olduğunu deyir: “Neft Fonduna ünvanladığımız sorğulara həmişə cavab almışıq. Neft Fondunun ictimai məlumatlandırma təcrübəsini başqa qurumlara nümunə göstərmişik. Arzu edərdik ki, Maliyyə Nazirliyi də heç olmasa Neft Fondu kimi ildə bir dəfə mətbuatı yığsın və ölkədəki gəlir və xərcləmələrlə bağlı məlumat versin. Həmçinin böyük neft pullarını xərcləyən qurum olaraq Dövlət Neft Şirkəti də Neft Fondu kimi ildə bir dəfə jurnalistləri yığıb hesabat versin ki, şirkətin qazancı və xərcləmələri nə qədər olub. Təəssüflər olsun ki, biz bu açıqlığı yalnız Neft Fondundan görürük. Halbuki neft gəlirlərini xərcləyən təkcə Neft Fondu deyil. Bu gəlirləri Maliyyə Nazirliyi də xərcləyir, Neft Şirkəti də. Neft Fonduna gəlincə, xərcləmələr qurumun özündən asılı deyil. Bunu yalnız prezident sərəncamı ilə həyata keçirmək olar. Yəni Neft Fondu bu məsələdə sadəcə icraçıdır”.