BolgeXeber.Com » Analitika » Onun “0” rəqəmi (hekayə)

Onun “0” rəqəmi (hekayə)

25-04-2011, 11:50
Oxunub: 5 814
Bəlkə də, bu hekayə oxucuya hansısa məşhur romanı və ya filmi xatırladacaq, amma çoxdan yazmalı olduğum bir hekayəni bütün bənzərliklərə rəğmən qələmə alıb öz cızma-qara hekayələr siyahıma salıram.

Onsuz da, bütün bədbəxtliklər bir-birinə bənzəyir. Və həm də ki, təbiətdə yeni söz yoxdur. Sadəcə tələffüzlər dəyişə bilər azca.
Adını çəkməyəcəm. Sadəcə “O” deyəcəm. Baxmayaraq ki, öz qəhrəmanıma şərti ad da uydura bilərəm, lakin adını sadəcə şəxs əvəzliyi ilə əvəz edəcəm. Çünki, mənim üçün O yeganədir. Həm də böyük hərflə - nə bizdən, nə sizdən olan, nə mənə, nə də ki, hörmətli oxucum, sənə oxşayan. Fərqli bir O. Hətta “0” rəqəmini xatırlatsa da.
Deməli... Mən Onu çoxdan tanıyıram. İki ildən 3-4 ay az olar. Həm də burdan yox. Uzaq bir ölkənin paytaxtından, Kiyevdə “Respublikanski stadion” metrostansiyasının yaxınlığındakı kitab mağazasından. Ukraynanın dükan-bazarında tez-tez görməyə adət etdiyim ənənəvi həmvətən obrazından çox fərqlənirdi O. Elə indi də elədir. Amma o vaxt daha kübar, daha aristokratik, daha .... Axı, necə izah edim ki, indiki kasıb, üzütüklü, bir an içində həyatın sındırdığı insan iki ildən də az vaxt əvvəl gördüyümdən daha aşağıdr... Yoxsa, daha yuxarı?
Mənim də o zamanlar yaxşı sayılmaz günlərim idi. Elə mən də həyatımı sıfırdan başlamağa çalışırdım. Baxmayaraq ki, keçirdiyim əsəb sarsıntısından sonra yaddaşım tam olmasa da yerində idi, oxuduğum romanları xatırlamasam da, bir çoxunun, xüsusən də faciəvi əsərlərin süjet xəttlərini tez-tez xatırlayırdım. Çünki özümlə Vətəndən apardığım acılar qəlbimdə idi. Və o zaman mənə elə gəlirdi ki, hər oxuduğum qəmgin bir əsərlə öz həyatımda daha çox faciə hiss edirəm, hər əzilən qəhramanda bir doğmalıq, tanışlıq kəşf edirəm.
Amma 23 yaşında ölüb-dirilən bir adam üçün elə də qorxulu olmamalı idi hər şeyi yenidən başlamaq. Məndən 10 yaş böyük olan bir adam var idi qarşımda. O da sıfırdan başlayırdı dünyanı öyrənməyə. Amma Onun məndən fərqli olaraq yaddaşı itmişdi. Bir avtomobil qəzası ilə ömrünün 32 ilini geridə qoymuşdu, tanış olduğumuzda isə yeni həyatının səkkizinci ayına keçirdi.
Oxuduğu kitabların rus dilində olması Ona elə bir çətinlik yaratmırdı. Çünki, Bakıda rus bölməsində təhsil almış, rus dili doğma dili kimi onun altşüurunda kök salmışdı. Hərçənd, dediyinə görə, yeni həyatının ilk vaxtlarında həm Azərbaycan türkçəsində, həm də rus dilində mənasını anlamadığı və düzgün tələffüz edə bilmədiyi xeyli söz aşkarlamışdı. Ukrayn dilində isə anlamadığı çox sözü məndən soruşurdu. Kiyevdə bir neçə il yaşamasına (elə avtomobil qəzasına da Kiyevdə düşmüşdü) baxmayaraq, mənim polyak dilini bilməyim Ukraynanın cəmiyyətdə az işlədilən, amma radio, televiya və mətbuatda hakim olan dövlət dilini az müddətdə öyrənməyimə kömək etmişdi.
Mənim faciəli insan həyatını daha çox xatırladan bədii əsərlərdən qaçaraq, masonluq, gizli təşkilatlar, sektalar, xiromantiya, ağ və qara magiya barəsində kitablara meyl saldığım vaxt, yeni dostum birbaşa olaraq insanlardan, onların ayrı-ayrılıqda yaşadıqları dramlardan bəhs edən kitablara meyl salardı. İndi yazdığım “birbaşa” sözü özümü də düşünməyə vadar etdi. Axı, mən hər oxuduğum cəfəngiyyatla insanları unuda bilmirdim, əksinə, həm ətrafımdakıların, həm də öz həyatım barəsində düşünməyə başlayırdım. Dolayı yolla. Amma O, dəhşətin üstünə birbaşa gedirdi.
Maraqlı idi dünya Onun üçün. Yanında anası, atası və iki qardaşı var idi, lakin ona sanki azlıq edirdi bu olanlar. Və kitab mağazasından çıxıb birlikdə qəhvə içməyə, söhbətləşməyə getdiyimiz kafedə də çox vaxt öz keçmişinə aid cavabsız suallarla çıxış edərdi. Bir dəfə məni dindirib öz həyatımdan danışmağa məcbur elədi. Çətin olsa da, udquna-udquna danışsam da, yaşadığım macəralardan bir az bəhs etdim Ona. O isə mənim masanın üstünə atdığım papiros qutusuna əl uzadıb, bəlkə də ömründə ilk dəfə olaraq içinə tüstü çəkərək, sadəlövh, amma çox təcrübəli bir filosof kimi nitqinə başladı:
- Sənin həyatında sevgilin olub, üzmüsən, üzülmüsən... Amma mən heç nə xatırlamıram. Bəlkə də, bu yaxşıdır, lakin mən öz ətrafıma baxdıqca, içimdə bir ehtiyacın oyandığını hiss edirəm. Pis də olsa, yaxşı da olsa, fərqi yoxdur, insani duyğulara tələbatım var mənim. Ona görə də, sənin “ağlamalı” dediyin romanları oxuyuram. Nabokov, Kamyu, Markez, Borxez, Şoloxov, Koelyo, Hüqo, Mopassan, Tolstoy, Kuprin... Bu yazıçıların hər birindən nə isə götürməyə çalışıram özüm üçün. Həm yaşadıqlarımı xatırlamaq, həm də yaşayacaqlarıma hazır olmaq üçün sanki. Amma yenə bilmirəm, nəyi düz, nəyi yanlış edirəm... Sadəcə oxuduqca, reallıqlar barədə fantaziya yaradıram.
Qarşısındakı qəhvədən bir qurtum aldı, sonra əlindəki papirosu dərindən sümürüb sözünə davam etdi:
- Bəli, bəli! Reallıqlar barədə fantaziya. Bəlkə, mən gəncliyimdə ən axırıncı əclaflardan olmuşam? Kiminsə qəlbinə dəyib, kimi isə bədbəxt eləmişəm? Bəlkə, mənim bu hala düşməyimə səbəbkar olan kimsə var haradasa? Bəlkə, almalı olduğum intiqam var...Eh! Bilirəm ki, bu qədər ədəbiyyat oxumaqla beynim daha da qarışır, amma nə olar... Onsuz da qarışıq yuxulardan sonra bütün günü hansısa körpənin səsini, hansısa qadının simasını xəyalımda canlandırmağa çalışıram. Bilirsən, mənə elə gəlir ki, mən ailəli olmuşam əvvəl. Amma heç nə öyrənə bilmirəm. Nə sənədlərimdən, nə də yaxınlarımdan. Qardaşım sadəcə bir sevgilim olduğunu, ayrıldığımızı və onun da sonradan ərə getdiyini deyib. Bilmirəm... Heç nə yada sala bilmirəm. Amma hərdən içimdə elə bir duyğu oyanır ki, mən özüm-özümdən şübhələnməyə başlayıram. Sanki... Sanki mən vaxtilə güclü sevgi yaşamışam, həm də elə bir sevgi ki, ağlımı itirib Məcnun olmuşam.
Mən başımı bulayıb dostumun keçmişi xatırıamaq cəhdinə isteha etdim:
- Əgər həm Məcnun, həm də evli olmusansa, demək ki, aktyor olmusan. Və Məcnun rolu oynamaqla da ailəni dolandırmısan. Yoxsa, qadınlara başqa cür Məcnun olmağın bir marağı yoxdur. Onlar Məcnunu səhnədə, ekranda və kitab səhifələrində görə bilərlər.... Bircə yanlarında yox!
Mən bu kinayəli cavabımla Onu pərt etdim. Amma inciklik də saxlamadı. Və sadəcə “Sənin də belə danışmağa əsasın var hər halda” deyərək, məni anlamağa çalışdı. Çalışdısa da, elə özü dediyi kimi “reallıqlar barədə fantaziya yaratmaq” adətindən əl çəkmədi. Günlərini kitab oxumaq və melodrammalar izləməklə keçirirdi. Bir-iki dəfə də, elə qaldığım binanın yaxınlığında olan opera evinə getmişdik. Məni yuxu tutur, o isə diqqətlə və acgözlüklə bircə anı belə fövtə verməməyə çalışırdı.
Mütaliəsevərliyi onu eynəyə məhkum etmişdi, amma hələ də hər şeyi olduğu kimi yadına sala bilmirdi ki, bilmirdi. Özünün dediyinə görə, uşaqlığından bəzi məqamları xatırlayırdı, lakin gəncliyinin çılğın çağları Ona “əlvida” demişdi sanki. Mənə də maraqlı gəldi dostumun keçmişi, xatırlamaq cəhdləri boşa çıxdıqca pərt olduğunu süzmək üzürdü məni. Amma Ona nəyisə xatırlaması üçün kömək etməyə qorxurdum. Çünki mən özüm də xatirələrdən əzab çəkirdim. Maraq elə çəkdi ki, özü kitab mağazasında olduğu vaxt Onun evinə getdim, anası və qardaşları məni qarşıladı, yağdırdığım suallarımı ilk öncə cavablandırmağa çəkinsələr də, sonda sirr saxlamaq şərti ilə anlatdılar.
Sən demə, dostum evli olub. Amma ailəsi sevdiyi qızı almağa narazı olduğuna görə, onu qaçıraraq kirayədə saxlayırdı. Heç qızın ailəsi də bu izdivacı qəbul etmirdi. Nəticədə nikahsız-kəbinsiz bir qız uşağı dünyaya gəldi. Bakıda işdən qovulandan sonra Kiyevdə qalan qardaşlarının yanına gəldi, sonra necə oldusa, necə dəyişildisə, sevdiyi həyat yoldaşına xəyanət etməyə başladı. Ailəsinə göndərmədiyi pulları ukraynalı qadınlara xərcləyirmiş. Sonunda qardaşların yanına gəlmiş valideynlər də öz sözlərini deməyi bacardılar. Və O, Bakıdakı ailəsindən ayrılmağı qərara aldı. Anasını qızını Kievə gətirmək üçün yolladı, amma həyat yoldaşının valideynləri imkan vermədilər. İnad göstərib uzaqdan-uzağa yaranan mübahisəni həll etməyə də qalxmadı, Bakıya qayıdıb sevgisini xilas etməyə çalışmadı.
Günlər keçdikcə içib əyyaşa dönən O, günlərin birində avtomobil qəzasına düşdü. Yaddaşını itirdi, ondan sonra yeni doğulmuş uşaq kimi yaxınlarının himayəsinə məhkum oldu. Artıq əvvəlki əməllərini təkrarlamağa ixtiyarı və imkanı yox idi. Xərcliyini də böyük qardaşından alır, aldığı əşyalara görə də hesabat verirdi. Bir də onu öyrəndim ki, kafedə mənimlə papirosu dalbadal sümürən dostum köhnə həyatında tütün aludəçisi olmayıb. Qəribədir, elə acgözlüklə çəkirdi papirosu...
...Üstündən çox az keçdi, Bakıya qayıtdım. Dostumla nə bir dəfə zəngləşdik, nə də yazışdıq. Sadəcə bir neçə ay bundan əvvəl mənə Kiyevdən zəng olundu. Zəng edən Onun böyük qardaşıydı. Dostum yaxınlarının onun haqqında etdikləri öz aralarındakı söhbəti eşitmiş, israr edib hər şeyi öyrənmiş, bir neçə gün içində isə illərlə qaytara bilmədiyi yaddaşını bərpa etmişdi. Və elə mənə zəng edilməsindən üç gün əvvəl evdə saxlanılan pulları götürərək Bakıya dönmüşdü.
Öyrəndiyimə görə, onun keçmiş həyat yoldaşı Avropada yaşayan bir azərbaycanlı iş adamı ilə ailə qurmuş, qızını da özü ilə aparmışdı. Dostum keçmiş qayınatasının yaxasından yapışıb nəsə öyrənməyə çalışsa da, həngamə qoparıb onu polislə hədələmişdilər. O, aradan çıxmışdı, polis də axtarırdı, Bakıdakı qohumları da. Amma heç kim onun nə ölüsü, nə də dirisi barədə məlumat ala bilməmişdi. Heç mən də öyrənə bilməmişdim dostumun yerini. Qohumları ilə bərabər, mən də qoşulmuşdum bu atxarışa.
Amma təsadüfən, iki-üç həftə bundan əvvəl, yəni aprel ayının ilk günlərində... Onu şəhərin hansı mərkəzi küçəsində gördüyümü deməyəcəm, çünki mənim dostumu oralarda tez-tez görən oxucular kimdən söhbət getdiyindən şübhələnə, tanıya bilərlər.
Dilənçilik etmirdi. Kievdən özü ilə gətirdiyi pullar ona 2-3 ay işsiz dolanmağa imkan vermişdi. Sonradan isə evlərin təmiri ilə məşğul olan fəhlə dəstəsinə qoşulmuşdu. Geriyə dönmək barədə isə fikirləşmirdi. Üzü yox idi ailəsinə dönməyə. Qızını və keçmiş həyat yoldaşını axtarıb-tapmaq üçün isə heç bir imkanı yox idi.
O, tamam başqa bir adam olmuşdu. İki il öncə çöhrəsində olan ziyalı obrazı itmişdi tamam. Yanaqları batmış, gümüşü tükləri peyda olmuşdu saçında. Həm də çox gurlaşmışdı saçı. İşlədiyi usta və fəhlələr onun Ukraynadan gəldiyini bilirdilər, amma valideynlərinin sağ olduğunu yox.
Məni pəncərədən görmüşdü, səsləyib yanına çağırmış, işlədiyi evin təmirsiz mətbəxində çay süfrəsi açıb dərdləşmişdi də... Amma mənim yazarlığa başlamağım ədəbiyyatsevər dostumun ürəyincə deyildi. O, artıq düşünürdü ki, yaşadıqları dramlaşan, romanlaşan insanlar heç də yazılası və tarixə salınası həyat sürmürlər.
Bakıdakı ilk və son görüşümüzdən Onun bu sözləri əbədi olaraq hafizəmə həkk oldu:
- Baxmayaraq ki, ədiblər sevgini yaşamamış yaza bilmirlər, amma yazdıqlarını da yaşamaqda fərsiz olurlar, - sonra isə vaxtilə mənim etdiyim kinayəmə cavab verirmiş kimi başını buladı, - Lap elə sənin kimi. Əminəm ki, hələ də özün üçün, “ideal” demirəm, heç olmasa bir-iki aydan çox yoldaşlıq edəcək sevgili tapa bilmirsən. Həyatına qızlar gəlib-getsə də, hələ ağıllanmırsan. Səni yazar kimi sevənlərin gözündə insan kimi qalxmaq çətin olub sənə. Ya da ki, qeyri-mümkün. Çünki sən ədəbiyyatla həyat arasındakı qapını tapa bilmirsən. Heç vaxt da tapmayacaqsan. Elə mənim kimi, hətta tarixə düşmüş bir çox yazıçı kimi...
Mən isə tez Onun sözünü kəsib söhbəti dəyişdim, çünki vicdan əzabım oyanırdı. Dostumun bədbinliyə qapıldığını da görürdüm, amma o da açıq-aşkar idi ki, qarşımdakı insan öz taleyi ilə barışmaq istəmirdi. Ona görə də, Bakını tərk etmirdi. Heç bilmirdi də ki, sonrakı günlərdə onu nə gözləyir. Sadəcə, fantaziyalarda olmayan bir reallıq tapmaq düşmüşdü könlünə.
Bəli, vaxtilə bədii əsərləri acgözlüklə oxuyan dostum tamam əksini düşünürdü Bakı görüşümüzdə.
Amma indi bilmirəm nə düşünür. Çünki O, artıq Bakıda yoxdur. Mən öz dostumu satdım. Və qardaşları bir gün içində Azərbaycana gəlib Onu yenidən Kievə - özünün bir zaman dediyimi kimi “Xatirələr Məzarlığı”na qaytardılar. Daha necə davam edəcəyimi bilmirəm, hiss etdiyim və düşündüyüm hər şeyi yazdım. Lakin gərəkincə izah edə bilmədiyim bircə şey qaldı: hekayəmin adı./Rüfət Əhmədzadə/