BolgeXeber.Com » Analitika » Füzuli Ələkbərovun korrupsioner işçisi

Füzuli Ələkbərovun korrupsioner işçisi

17-05-2013, 15:25
Oxunub: 4 529 “Qocalar evi” direktoru Bəhruz Əlimədətov yığdığı rüşvət kimsəsizlərin haqqıdır
“Qocalar evi” direktoru Bəhruz Əlimədətov yığdığı rüşvət kimsəsizlərin haqqıdır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatında baş verən bir çox qanun pozuntularına dair şikayət məktubları bu gün də redaksiyamıza daxil olmaqda davam edir. Cəmiyyət daxilində daha çox “Qocalar evi” adı ilə tanınan bu müəssisədə əsasən övlad qayğısından bu və ya digər səbəblər üzündən məhrum olmuş ahıl insanlar, müharibə və əmək veteranları, əlillər məskunlaşıblar. Bu səbəbdən də Bilgəh “Qocalar evi” istər dövlətimizin, istərsə də ayrı-ayrı xeyriyyəçi insanların hər zaman xüsusi diqqət mərkəzindədir. Bayramlarda, xüsusi günlərdə bura imkanlı adamlar kifayət qədər böyük məbləğlərdə ifadə olunan maddi yardımlar göstərirlər. Bununla belə pansionata rəhbərliyin dürüstlüyü və digər mənəvi keyfiyyətləri böyük şübhələr doğuran bir insana həvalə olunması, burada yaşayan insanlara göstərilən dövlət qayğısını da, ictimai diqqəti də az qala heçə endirir. Redaksiyamıza daxil olan çeşidli məlumatlarda da bildirilir ki, pansionata göndərilən yardımlar əksər hallarda heç də nəzərdə tutulan insanlara, yəni buranın sakinlərinə çatmır. Belə ki, müəyyən maxinasiyalar nəticəsində həmin yardımların böyük hissəsi “Qocalar evi”nin rəhbərliyi tərəfindən mənimsənilir. Mənbələr bildirir ki, qocalar evinə daxil olan yardım və ianələrin heç bir hesabatı aparılmadığından burada mənimsəmələr üçün geniş imkanlar açılır. Digər tərəfdən də “Qocalar evi”nin direktoru Bəhruz Əlimədətovun həyata keçirdiyi bu mənimsəmələr daha acınacaqlı və təşviş doğuran insidentlərsiz də ötüşmur. Elə bir müddət əvvəl ölkə mətbuatında yayımlanan məlumatlarda da göstərilmişdi ki, pansionat sakinlərindən bir neçəsi direktorun özbaşınalıqlarından cana doyaraq, ona öz iradlarını bildirmək qərarına gəliblər. Lakin belə münasibət B.Əlimədətovu hiddətləndirib. Buna görə də o, etiraz edən qocalardan birini, Boris adlı ahıl bir kişini itələyərək, onu pilləkənlərdən yıxıb. Nəticədə isə həmin qoca ağır zədələnərək kəllə-beyin travması alıb. Bundan sonra Borisin vəziyyətindən qorxuya düşən direktor təcili-tibbi yardıma müraciət etməli olub. Lakin xəsarət alana tibbi yardım göstərən həkimlər briqadası, nədənsə hüquq-mühafizə orqanlarına hadisə barədə məlumat verməyiblər. Məlumatı KİV-ə təqdim edən mənbə isə bildirib ki, təcili-tibbi yardım briqadasının direktora qarşı bu loyallığına səbəb, ondan aldıqları rüşvətlə təmin edilib. Çox açınacaqlı haldır ki, bütün bu olaylar dəfələrlə ölkə mətbuatında geniş ictimai müzakirələrə çıxarılsa da nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi, nə də müvafiq hüquq-mühafizə orqanları hələ də sözü gedən pansionatda davam etməkdə olan rüsvayçılığın qarşısını almaq istiqamətində heç bir addım atmayıblar. Öz növbəsində bu cəzasızlıq ab-havası da B.Əlimədətovu yeni-yeni özbaşınalıqlara sövq edir. Belə ki, hətta telefonla verdiyi açıqlamalarında da pansionatın direktoru öz əməllərinə yuxarı instansiyaları şərik etməkdən çəkinmir. Belə ki, əməkdaşımıza verdiyi belə bir açıqlamasında Bəhruz müəllim hətta açıq-aşkar bəyanat da vermişdi: “Nə yığmışamsa, hamısını vermişəm Füzuli Ələkbərova. Nə hesabınız varsa, onunla çəkin...”Bilgəh pansionatında baş verən özbaşınalıqlar barədə yayılan məlumatlardan bir qismində də burada yer almış çox ciddi əxlaq problemlərindən bəhs olunur. Həmin məlumatlara görə B.Əlimədətovun göstərişi ilə pansionatda “xüsusi müştərilər üçün” nəzərdə tutulmuş bir neçə otaq fəaliyyət göstərir. Belə ki, yüngül əxlaqlı qadınların əhatəsində qısa müddətli eyş-işrət məclislərinin həvəskarı olan həmin müştərilər bir saatına görə cəmi 15-20 manat ödəməklə bu otaqlardan əsil priton kimi istifadə edirlər.Yeri gəlmişkən bir məqama da toxunmaq istərdik ki, bu da Bəhruz Əlimədətovun ölkə müxalifəti ilə sıx əlaqələrinə dair məlumatlarla yayılıb.