BolgeXeber.Com » Analitika » 1,1 milyard vəsait hara xərclənib?

1,1 milyard vəsait hara xərclənib?

25-05-2013, 10:05
Oxunub: 4 373 FHN “Kür” Cəmiyyətinin sorğusunu cavablandırmaqdan imtina etdi
Bolgexeber.com bildirir ki,qurum nazirliyi məhkəməyə verməyə hazırlaşır
2010- cu ilin yazında baş vermiş Kür daşqınlarının 3 ili, 2012- ci ilin may ayında baş vermiş Qax- Zaqatala zəlzələsinin 1 ili tamam olur. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının apardığı araşdırmaya görə ötən müddət ərzində daşqınların törətdiyi fəsadların aradan qaldırılması üçün 460 milyon manat, zəlzələnin yaratdığı problemlərin həlli üçün isə 420 milyon manat vəsait ayrılıb (ümumilikdə 880 milyon manat və yaxud 1, 1 milyard ABŞ dolları). Ayrılan vəsaitlə ötən dövr ərzində görülən işlər, mövcud vəziyyətlə bağlı növbəti hesabatın hazırlanmasına start verən “Kür” Cəmiyyəti bəzi suallara dəqiq və ətraflı aydınlıq gətirilməsi üçün cari ilin aprel ayının 22- də Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova “İnformasiya azadlığı haqqında” Qanuna uyğun şəkildə rəsmi sorğu ilə müraciət etmişdi. Sorğuda aşağıdakı sualların cavablandırılması istənilirdi;
1. Zəlzələ bölgəsində rayonlar üzrə kimlərə hansı həcmdə kompensasiyalar verilib (Xahiş edirik rayonlar üzrə adlı siyahını təqdim edin)?
2. Qax- Zaqatala zəlzələsi ilə bağlı tikinti- inşaat işlərini həyata keçirmək üçün bölgədə hansı şirkətlər çalışır (Zəhmət olmasa siyahını təqdim edin)?
3. Həmin şirkətləri FHN hansı prinsip və kriteriyalara uyğun olaraq tikinti işlərinə cəlb edib? Zəhmət olmasa FHN- lə həmin şirkətlər arasında imzalanmış müqaviləni və ya onu əvəz edən hər hansı başqa bir sənədi təqdim edin.
4. Zəlzələ bölgəsində indiyə qədər nə qədər vəsait xərclənib və xərclənən vəsaitlə hansı işlər görülüb?
5. 2010- cu ilin yazında baş verən Kür daşqınlarının fəsadlarının aradan qaldırılması ilə bağlı dövlət büdcəsindən xərclənən 460 milyon manat, eləcə də 2012- ci ilin may ayında Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradn qaldırılması üçün ayrılmış 420 milyon manat vəsaitlə (cəmi təxminən 1,1 milyard ABŞ dolları) hansı işlər görülüb (Zəhmət olmasa görülən işlər və xərclənən vəsaitlərlə bağlı adlı siyahını təqdim edin)?
6. Zəlzələ bölgəsində hazırda inşa olunan 2 otaqlı, 3 otaqlı, 4 otaqlı və 5 otaqlı fərdi yaşayış evləri neçəyə başa gəlir?
7. Zəhmət olmasa zəlzələ bölgəsində tikilən evlərin smeta xərclərini təqdim edin.
8. Zəhmət olmasa zəlzələ bölgəsində vətəndaşlara tikilən evlərin rayonlar üzrə adlı siyahısını təqdim edin.
9. Zəlzələnin təsirinə məruz qalmış evlərin və tikililərin hansı dərəcədə zədələndiyini qiymətləndirmək üçün hansı texniki avadanlıq və elmi metodikadan istifadə olunub?
10. Evlərin inşasının tikinti şirkətlərinə, təmirinin isə vətəndaşların ozlərinə həvalə olunması prinsipi hansı meyarlara əsasən müəyyən edilib?

Təəssüf ki, FHN Azərbaycan respublikasının qüvvədə olan mövcud Konstitusiyasının və eləcə də digər qanunvericilik aktlarını, həmçinin “İnformasiya azadlığı haqqında” Qanunun tələblərini pozaraq İnformasiya sorğusunu cavablandırmaqdan imtina etmişdir. FHN- dən “Kür” Cəmiyyətinin sorğusuna göndərilən cavab məktubunda qeyd olunur ki, zəlzələ bölgəsində tikilən evlərin smeta xərcləri, podratçı təşkilatlar, onlarla bağlanan müqavilələr və s. barədə məlumatlar “İnformasiya əldə etmək haqqında” Qanunun 21.1.1- ci maddəsinə əsasən (Sorgu əldə edilməsi qanunla məhdudlasdırılan informasiyaya aid olduqda, yaxud sorguçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorguçu səxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə informasiya sorgusunun icra edilməsindən imtina edə bilər-red.) təqdim edilə bilməz (!?). FHN- nin verdiyi bu cavab qanuni deyil və real əsas söykənmir. Bu yanaşma sorğunu cavablandırmadan imtina üçün əsas ola bilməz. Çünki ictimai vəsaitlərin xərclənməsi ilə bağlı məlumatlar qanunla məhdudlaşdırılan informasiya deyil və qanuna əsasən istənilən şəxsin, ictimai birliyin bu məlumatı əldə etmək hüququ, informasiya sahibinin isə bu məlumatı sorğuçuya təqdim etmək vəzifəsi var.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı son 3 ildə baş vermiş Kür daşqınları və Qax- Zaqatala zəlzələsi ilə bağlı dövlət büdcəsindən ayrılmış 1, 1 milyard vəsaiti xərcləyən Fövqəladə Hallar Nazirliyinin bu vəsaitin xərclənməsi ilə bağlı sorğuları cavablandırmaqdan boyun qaçırmasını yerli və beynəlxalq hüquq normalarına zidd hesab etməklə nazirliyin bu addımını vəsaitlərin xərclənməsində yol verilmiş böyük həcmli korrupsiya faktlarını ört- basdır etmək cəhdi kimi qiymətləndirir. Dövlət büdcəsindən ayrılan vəsait ictimai vəsaitdir, xalqın sərvətidir. Büdcənin böyük bir hissəsi xalqa məxsus olan milli sərvətimiz- neft gəlirləri hesabına formalaşır. Aidiyyatı qurumlar, o cümlədən FHN büdcədən xərclədiyi hər qəpiyin hesabatını ictimaiyyətə ətraflı, dolğun və şəffaf şəkildə təqdim etməyə borcludur.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı dövlət başçısının korrupsiyaya qarşı mübarizənin gücləndirməyin, ictimai vəsaitlərin xərclənməsində hesabatlılığın, şəffaflığın və ictimai nəzarətin artırılmasının vacibliyini dəfələrlə bildirməsinə, eləcə də bu yaxınlarda Milli Məclisin “İctimai iştirakçılıq haqqında” Qanun layihəsini müzakirəyə çıxarmasına baxmayaraq FHN- nin bu kimi tələblərə məhəl qoymaması, son ildə Kür daşqınları və Qax- Zaqatala zəlzələsi ilə bağlı ayrılan 1, 1 milyard vəsaitin xərclənməsi, fəlakət bölgəsində tikilən evlərin dəyəri, smeta xərcləri, bu işi həyata keçirən tikinti şirkətləri və s- lə bağlı sorğuları cavabalndırmaqdan imtina etməsi, qapalı, qeyri- şəffaf, vətəndaş cəmiyyətindən təcrid olunmuş şəkildə fəaliyyət göstərməsi acı təəssüf və ikrah hissi oyadır.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı FHN- ə ünvanladığı rəsmi İnformasiya sorğusuna adı çəkilən nazirlik tərəfindən cavab alınması istiqamətində fəaliyyətini davam etdirəcəyini və bu barədə məhkəməyə müraciət edəcəyini bildirir.