Son zəng ,Vovoçka və postmodernizm üslubunda məktəbdən qaçma meylləri
30-05-2013, 15:20
Oxunub: 6 799
Bu yaxınlarda oğlum məşhur "Kubik Rubik" mexaniki tapmacasını quraşdırmaqda çətinlik çəkdiyindən, kömək üçün mənə müraciət etdi və etiraf edim ki, bir xeyli “ələşsəm” də bu başsındırıcının öhdəsindən tam gələ bilmədim. Ancaq verilişlərin birində görmüşəm ki, bir nəfər məndən fərqli olaraq, o kubik-rubikin qarışıq rəngli hissəciklərindən ibarət altüzlünün hərəsini bir çalarda qurmaq üçün cəmi 2-3 dəqiqə sərf edir. Əslində burada qeyri-adi bir şey yoxdur. Çünki, o, sadəcə olaraq kubik-rubikin həll sistemini mükəmməl mənimsəyib. Eynilə həll olunması mümkün olan həyati problemlərin də müəyyən “açar-həll” yolu olur ki, bu metodu bilməyənəcən məsələni həll etmək çox çətin gəlir. Həyatda qarşıya çıxa biləcək təbii maneələr də kubik-rubikin də məsələsində olduğu kimi birtərəfli həll “çoxüzlü” olur və bu səbəbdən gərək elə edəsən ki, nəyi isə bir tərəfdən düzəldəndə, digər tərəfdən “xarab” etməyəsən.Yəni, həyati çətinliklərə, elmi dildə desək, kompleks, loru dildə desək, kökündən yanaşmaq lazımdır.
Bu baxımdan Təhsil Nazirliyinin məsul başbilənlərinin də, deyəsən “kubik-rubik”dən başı çıxmır. Əks halda son zəng ilə bağlı tədbirlərin keçirilməsinə “dobro” verməzdilər.Belə baxıram(əyilib kənardan) elə təzə təhsil naziri də Misir Mərdanovdan elə də ciddi fərqlənməyəcək.Yadimdadir bir zaman son zəng günü məktəb məzunları arasında baş verən kriminal olaylar-davalar son zənglə bağlı tədbirlərin absurd olaraq qadağan olunmasına gətirib çıxardı. Absurd ona görə adlandırdırıram ki, rəsmi olmayan şeyi necə qadağan etmək olar?!
Sanki, əvvəllər, orta məktəb məzunlarının son zəngi, restoranda, kafedə, barda, diskotekada vakxanaliya ilə müşahidə olunan,sonda russayağı “qulyanka” ilə keçirməsi haqda müvafiq sərəncam olub, indi isə tələbələrin və baxça uşaqlarının stabilliyi, mənəviyyatı qorumaq naminə həmin o əmr yenisi ilə əvəzləndi. Xatırladaq ki,keçmiş təhsil naziri Misir Mərdanov ümumtəhsil məktəblərində “Son zəng” tədbirinin keçirilməsinə dair imzaladağı əmrdə həmin tədbirin mayın 31-də saat 10:00-dan 13:00-a qədər yalnız təhsil müəssisələrinin ərazisində keçirilməsi bildirilirdi. Nazirin bu qərarı, əlbəttə, şagirdlərin heç də ürəyincə olmurdu. Əmri yerinə yetirməli olan məktəb rəhbərliyi isə məcburi qaydada şagirdləri 13:00-a qədər məktəbdə saxlayırdılar. Düzdür, şagirdlər günortadan sonra dənizkənarı bulvara, parklara gedirdi.
Məhdudlaşdırıcı tədbirlər hər il son zəng günü şagirdlər arasında dava, yaralama, hətta ölüm halları belə qarşısını almaq məqsədi daşıyırdı. Sadəcə, əvvəl müəllimlər şagirdlərin yanında olduğundan məsuliyyəti onlar daşıyırdı.Nazirin əmrindən sonra isə iməktəblər məsuliyyətdən azad oldular Yeni təhsil naziri Mikayıl Cabbarov son zənglə məhdudlaşdırıcı əmrin olub-olmayacağıan münasibət bildirərkən:“Biz özümüz də orta məktəb şagirdi olmuşuq. Ona görə də hər bir dövlət məmurunun, Təhsil Nazirliyinin, yerli təhsil şöbələrinin rəhbərlərinin, məktəb direktorlarının işi bundan ibarətdir ki, gənclərimizin yaddaşında “Son zəng” xoş xatirələrlə qalsın”- sözlərini işlətdi.
Nazir həmçinin bildirib ki, “məktəblərdə “Son zəng”in keçirilməsi ilə bağlı lazımi işlər görülüb. Gənclərin xoş emosiyalarla yaddaqalan günlərindən biridir”.Yenə də belə sonda şagirdlərin hara gedib, necə əylənməsinə görə, məsuliyyəti əlbəttə valideynlər daşıyır.
Bizdə son zəng və ona yaxın mətləblərdən yazmaq həm çətindir, həm də asan.Çünki mövzu özü “nə balıqdır” “nə də ət”. Elə qlobal da deyil, ancaq eyni zamanda elə də əhəmiyyətsiz də deyil ki, ona məqalə həsr etməyəsən.
Özü də bizdə bilmək olmur ki, uşaqların canı daha çox qurtarır məcburi təhsildən, yoxsa müəllimlərin oxumaq istəməyən dələduz şagirdlərdən?! Hesab edirəm ki, təhsil işçilərinin dərs mövsümündə, imtahanlarda epizodik çak-çuku olsa da, ümumən son nəticədə çox güman ki, hər iki tərəf sevinir.
Bir lətifədə dərs ilinin ilk günü 6 yaşlı Vovoçkanı hər iki qolundan tutub dartaraq zorla orta məktəb binasının içinə salmağa cəhd edirlər. Yaşına görə “olmayan” Vovoçka isə ayaqlarını yerə sıxaraq təpinir:
-11 il! Axı nə üçün?! Mən nə günahın sahibiyəm ki?!
Ən çox şikayətə məruz qalan Təhsil Nazirliyi olsa da, mən onun keçmiş nazirini tam qınamıram. Daha dəqiqi cəmi 51% qınayıram eks-naziri. “Onun” təhsil sisteminə hələ təşəkkür etmək lazımdır ki, onun səyi nəticəsində, şükür Allaha bizdə məktəblilər, tələbələr bəzi ölkələrdəki kimi müəllimlər ilə kart-qumaq oynamır. Onlar arasında dərsdən sonra və elə dərs prosesi zamanı, tək və qrup halında intim münasibətlər qurulmur, zəif xarakterli müəllimlər şagirdlər tərəfindən yeməkxanaya peraşki dalınca göndərilmir, direktorla danışanda ara-sıra “de sən öl” söz birləşməsi işlədilmir.
Bəzi şagirdlər məktəbi qurtarmasına görə peşman olurlar.Çünki bilirlər, əgər ali məktəbə daxil ola bilməsələr “evdəkilər” tərəfindən “basılıb” işlədiləcəklər. Bu bir növ ona oxşayır ki, 20-30 il zindanda yatanlar azadlığa çıxmaq istəmirlər, bunun üçün tələsmirlər. Çıxsalar da bilərəkdən nəsə xırda lbir cinayət törədirlər ki, təzədən geri, “doğma” yerinə qayıtsınlar. Çünki “çöldəki” başqa, yad həyata uyğunlaşa bilmirlər.
Məktəb haqqında çox miflər vardır. Onlardan biri odur ki, guya məktəbi qurtarandan sonra eks-şagird onun üçün darıxır.Öz payıma əminliklə deyə bilərəm ki, əgər mən darıxmışamsa, elə məktəbdə oxuduğum müddətdə darıxmışam. Məcburi təhsili qurtardıqdan sonra isə üst-üstə indiyəcən, ola bilsin, uzağı 4-5 dərs saatı qədər məktəb illəri haqda nostalji hisslər keçirmişəm.
Müəyyən mənada son zəng gününü, tətil dövrünü qurtuluş günü, dövrü də adlandırmaq olar. Həm bir çox şagirdlərin məktəbdən yaxası qurtarır və həm də daima “nə pulusa” verməkdən bezmiş, zərərə düşən kasıb, varlı, “simic” valieynlər üçün müvəqqəti də olsa “nəfəs almaq”, “”nicat tapmaq üçün tarixi məqam ələ düşür.
Tam mənada qurtuluş ona görə demək olmur ki, necə olsa 11 il ərzində məktəbə müəyyən bağlılıqlar da yaranır. Bu baxımdan insan zindandan belə ayrılanda az da olsa heyfslənir. O ki, qaldı məktəb ola.
Məzuna elə gəlir ki, həmin gündən, son zəngdən xəyallarda qurduğu kimi istifadə etməsə, fürsət əldən çıxacaq, səhəri gün daha ləzzəti qalmayacaq, psixoloji cəhətdən bu, ad gününün keçirilməsinə oxşayır: o günü başqa gündə keçirmək, qeyd etmək artıq maraqsız və məntiqsiz görünür. Mən hesab edirəm ki, müəllim və müəllimlərin hamısı haqda pis fikir söyləmək ən azından ədalətsizlikdir.
Məsələn, mən adətən dərslərdə az olurdum, ancaq əksər müəllimlər “rəhmdilliklə başa düşürdü ki, buna səbəb odur ki, daha vacib (?!) işlərim olur”. Bəziləri bilirdi ki, biliyə marağım çoxdur, ancaq savadı evdə artırmağa çox üstünlük verirəm. Mənim üçün rəsmi qiymətlər az əhəmiyyət daşıyırdı. Əlbəttə, bu dediklərim daha çox yuxarı sinifdə oxuduğum müddətdə baş verib. Elə hallar olurdu ki, mən dərsi bilə-bilə deyirdim, bilmirəm.
Tanımayanlar məni daha çox “oxuyan” şagird kimi tanıyırdılar, mən isə bu münasibətə görə heç də narahat olmurdum. Hər dəfə rus dili müəllimim haqda düşünəndə ürəyimdə xoş hisslər yaranır.
Yaxşı yadımdadır ki, axırıncı sinifdə,ildə, adəti üzrə evə vaxtından əvvəl tez getməyə çalışanda ona müraciət etdim ki, əsas qapıdan buraxmırlar deyə, mümkünsə mənə şərait yaratsın, 1-ci mərtəbədəki sinif otağının pəncərəsindən məktəbi tərk edim.
O, xahişimi yerə salmayaraq “humanistcəsinə” “buyur keç, müəllim tələbənin problemlərini başa düşməyə çalışmalıdır”, -dedi. Düzdür, rus dilini mən ondan yaxşı bilirdim, ancaq “insanlıq”, səmimiyyət elmdən-filandan daha üstündür. Çünki əsas elm elə odur.
Rəhmətlik Şirin Zərdabinin sözləri fəlsəfə tarixinə qızıl hərflərlə düşməsə də, hər halda uzun müddət bizi əyləndirib-düşündürəcək:
Ay nədəndir, nədəndir
Hamısı zəmanədəndir.
İndiki vələduzna şagirdlər, əvvəlki “kriminal” ədalı, “avtoritet” şagirdlərin hamısına da olmasa çoxuna papkalarını daşıtdırar. Hərgah onu da qeyd etmək lazımdır ki, əvvəlki şagirdlər indikilərə baxanda yaşlarından daha böyük görünüb, kişiyə daha çox oxşayırdılar, oğlanların saç düzümləri indikilər kimi düşüksayağı,jeleli olmayıb.Onlar daha cüssəli və daha sözü bütöv olublar. Müəllimlərin başına açılan oyunlara gəldikdə isə, əvvəlkilər müəllim və şagirdlərin stullarının üstünə heç olmasa “knopka” qoyurdular. …Bir neçə il əvvəl müəllimə ilə birgə Sumqayıt məktəblərinin Qubaya dincəlməyə gedərək orada öz sinif yoldaşlarını –qızları müəlliməqarışıq dərman ilə yatızdıraraq başlarına məlum olayı açan oğlanlar ilə müqayisədə “əvvəlkiləri” tam inamla “mələk” adlandırmaq olar. İndiki tələbələr daha çox, sürrealizm, postmodernizm üslubunda olan hoqqalardan çıxırlar.
Təhsildə nöqsanlar, korrupsiya, eləcə də adi milli rüşvət haqqında danışandan adətən başqa fikirlərlə yanaşı belə bir mif fikir də səslənir ki, bəs hər şeyi kadrlar həll edir. Ancaq dərindən fikirləşəndə kadrları da hakimiyyət yox, elə cəmiyyətin özü yetişdirir.
Əlbəttə böyük ehtimalla əksər müəllimlər, direktorlar rüşvət verib işə girilər. Məhz rüşvət verdikdən sonra “perspektivli” kadrlar onun, yəni rüşvətin bəhanəsini şagirdlərdən yığmağa başlayırlar və bunu etməyə “borcludurlar”. Aydın məsələdir ki, “kapital qoyuluşu”nu ona görə edirlər ki, sonra onxdan divident və ya maaş gəlsin.
Ancaq burada incə bir məqam var. Heç bir təhsil məmuru nə qədər vəzifə sahibi olsa da, heç kimin boynundan tutub rüşvət verməyə məcbur etmir. Əgər sən rüşvət verib direktor olmasan, ən azından rüşvət özü azalar.
Bu baxımdan biz süpürgə pulu verəndə də ümumi etiraz eləməməliyik ki, uşaqlarımz təklənməsin, barmaqla göstərilməsin. Yoxsa burada rüşvətxorluqdan emosional olaraq şikayətlənirik, məktəbin tininə dönən kimi müəllimə pul şəklində “yardım” etməyə, üstəlik “Allah köməyin olsun”, deməyə hazırıq. Bir neçə kəlmə də indiki təhsil naziri haqqında demək istərdim.Mən bir çoxlarının sadəlöhvcəsinə Mikayıl Cabbarovun təhsildə qayda-qanun yaradacağına inanmalarına təəcüb edirəm.Xatırladım ki, təhsil sistemində köklü dəyişikliyin baş verməsi üçün birinci növbədə ölkədəki sistem özü dəyişilməlidir.Sistem dəyişməyənəcən Əlinin yerinə Vəlini ,qocanın əvəzinə cavanı,savadsızın yerinə savadlını qoymaqla heç nə dəyişən deyil. İndi təzə təhsil naziri guya təhsildə mövcud olan rüşvəti,qanunsuzluqları yığışdırandır?!O,onu vəzifəyə qoyan sistemə qarşı heç zaman getməz.Onu vəzifəyə, bunun üçün qoymayıblar ki?!Hətta o köklü islahatlara getmək istəsə belə bunu etməyə ona yuxarıdan imkan verməzlər.
Yənə “son zəng”ə qayıdaraq deyim ki, mənim zəif yaddaşıma görə əvvəllər, sovet dövrü, yenidənqurma dövrü, həmişə bu “son zəng”lər bulvarda-filanda yuxarı şagirdlərdən ibarət bəzi qrupların orda-burda nəyi isə ayırd etməsi, daha doğrusu, ayırd edə bilməsi nəticəsində yaranan kütləvi dalaşma, “ara-sıra” bıcaqlaşma ilə müşahidə olunub və bu da polis işçilərinə hər iki mənada əlavə iş yaradıb.
Əgər son zəng tədbirlərini məktəb çərçivəsində qeyd etmək barədə qərarı xoşagəlməz halların qarşıxını almaq üçün əvvəllər çıxarılmışdısa və bu 99% yaxşı nəticə verdisə, demək uşaqlardan “fond-birja” pulu yığmaq xoşagələn hal olmadığından, onu da sərəncam ilə yığışdırmaq olar. Nəyin sərf etməməsini, nəyin isə sərf etməsini deyə bilmərəm, hər halda sual öz-özünə doğulur!
Bəs niyə bu edilmir? Ümumiyyətlə, bunun mənim cibimə konkret heç bir xeyri olmasa da, ən çox istədiyim şey müəllimlərin maaşının 10 qat artırılmasıdır... Özü də dərs saatının azaldıması şərtilə...
Bizdə ənənəvi olaraq təhsilin faydasını bir qayda olaraq şişirdirlər. Sanki savadlı kadr hər şeyi həll edir. Ancaq gerçəklik odur ki, ali təhsilli, özü də keyfiyətli biliklərə malik insanların sayı, maşallah az olmasa da, bu, nəticə etibarilə müsbət kordinal dəyişiklərə səbəb olmur. Bunun da səbəbi mənəviyyatın, şüurun səviyyəsinin ümumən az olmasıdır. Quyuya su tökmək ilə deyil, gərək onun özündə su olsun. Təməldə, bünövrədə, daxildə ilkin düşüncə qaydasındadırsa, təhsilin əlavə olaraq, əlbəttə yalnız xeyri ola bilər, ancaq o, hellədici rol oynamır.
Hindistanlı filosof Oşo əsərlərinin birində qeyd edir ki, bir səyyah Cənubi Amerika materikinin Amazon meşələrində adamyeyən qəbilənin qonağı olur, ancaq onu yemirlər. O, bir müddət onların arasında qalıb onları tədqiq edir. Gözlənilmədən o, qəbilənin içində yaşayan və ingilis dilində təmiz, mükəmməl özü də Kembric ləhcəsində danışan bir qəbilə üzvünə rast gəlir. Məlum olur ki, o vaxtilə Ingiltərədə universiteti qurtarıb və müəyyən səbəblərdən Londonu yox, svilizasiyadan uzaq meşəni seçib. Səyyah soruşur ki, əlbət sən həmqəbilən kim lüt-üryan gəzsən də, hər halda adam əti yeməzsən?! Cavab inanıram ki, onu şoka salıb. Köhnə universitet məzunu deyir ki, təhsilin buna nə dəxli var ki. Mənim onlardan sadəcə bir fərqim var ki, onlar adam ətini əl ilə yeyirlər, mən isə çəngəl, bıçaqla.
Necə deyərlər, təhsilin cahilliyə çox az “maneçiliyi” var. Bu paradoksal olsa da, bizdə təhsilin səviyyəsi bəlkə də ABŞ-da olduğundan da yüksəkdir. Əgər Bakıda və Vaşinqtonda bu məqsədlə sorğu aparılsa (hansısa mərkəzi avenyuda və “Torqovıda”), bəlkə də məlum olar ki, orta statistik ABŞ gənci Afrikanı yarımada, Hindistanı ada, Monqolustanı Çinin ərazisi, Azərbaycanın dövlət quruluşunu isə səhvən bəlkə də federativ və ya başqa cür bilir. Ancaq orta Azərbaycan gənci isə, Balakəndən bir neçə günlüyə Bakıya gələn də olsa, çox kobud səhv cavablar verməz. Məsələn, Çexiyanı Slovakiyanın paytaxtı saya bilər, Hollandiya ilə Niderlandın isə tamam başqa dövlət olmasını iddia edə bilər ki, bunlara görə onu elə də qınamaq olmaz. Bununla belə dünyanın aparıcı mütəxəssisləri məhz ABŞ-da yetişir, çünki onlarda təhsil daha çox fərdi xarakter daşıyır, bizdə isə ümumi. Onlarda təhsil “nöqtəlidir” . oralarda proqramçı sırf ona aid olan fənləri öyrənir, bizdə isə hər şeydən bir az, hamısı da natamam. Onlarda təhsilə bəlkə də, xüsusi qayğı, diqqşət də yoxdur. Sadəcə normal düşüncə var və hərə öz yerində öz işini görür.
Keçən il mart ayının əvvəllərində bir olayın şahidi oldum ki, o, təhsili ilə əxlaqın heç də eyni şey olmadığını bir daha bariz surətdə üzə çıxartdı. Dükanın qabağında durmuşdum, gördüm ki, 5-6 nəfər oğlan uşağı hədiyyə bağlatdırır. Hədiyyə qismində də aftafa ilə böyük fanta qabı.
Məlum oldu ki, “centilmenlər” bu hədiyyələri 8 Mart qadınlar bayramı münasibətilə öz sinif qızlarına təqdim edib onları təbrik eləmək istəyirlər. Mən nə qədər başa saldım ki, bu, heç də yaxşı iş deyil, filan-peşməkan,heç olmasa, afatafaları götürün, yerdən tapılmış plastik qablar qalsın, razılaşmadılar. Çox güman ki, onlar o hədiyyələri zərif cinsin nümayəndələrinə təqdim ediblər. Heç fikirləşmədən ki, belə zarafatı onların əzizləri ilə kimsə etsə, xoşlarına gəlməz. Mən bilən o hədiyyələri alanlar ömürlərinin axırlarına kimi o günü son zəng kimi, ancaq başqa, təəsüratlarla heç bir zaman yaddan çıxartmayacaqlar.
İmran Kərimli
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 5-11-2024, 11:27 : Meyxanaçı ağır qəzada öldü
Şou-Biznes
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes