BolgeXeber.Com » Analitika » Arif Əsgərovun 17 yaşlı oğlu “Buta Palace”-də “Son zəng” ziyafəti təşkil edir

Arif Əsgərovun 17 yaşlı oğlu “Buta Palace”-də “Son zəng” ziyafəti təşkil edir

31-05-2013, 09:00
Oxunub: 5 898 Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin övladı ilə yanaşı iki rayonun icra başçılarının oğlanları da ziyafətə qatılacaq; Ssenariyə görə, məmur övladının hər biri ziyafətə “S-Class” mersedeslə təşrif buyuracaq
Bakıda fəaliyyət göstərən türk liseylərindən birinin məzunu olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Arif Əsgərovun oğlu mayın 31-də paytaxtın ən bahalı qiymətlərin olduğu “Buta Palace” sarayında dəbdəbəli ziyafətə hazırlaşır. Ziyafət liseyi bitirmək münasibəti ilə təşkil olunub. Bu barədə “Yeni Müsavat"a məlumatlı mənbələrdən xəbər daxil olub.
Mənbənin məlumatına görə, tədbirin təşkilatçısı A.Əsgərovun oğlu olsa da, məzunlar arasında iki rayonun (ehtimalən, Sabirabad və Nəsimi rayonlarının) icra başçılarının övladları da var. Sinifdə oxuyan 6 oğlanın təşkil etdiyi ziyafətin lisey rəhbərliyi ilə heç bir bağlılığı yoxdur. Çünki liseydə mayın 23-də buraxılışla bağlı tədbir keçirilib. Məmur övladları mayın 31-də keçiriləcək ziyafətə “S-Class” markalı mersedesdə qatılmağı planlaşdırıb.

Ölkə prezidenti İlham Əliyev 12 fevral müşavirəsində məmur övladlarının harın həyat tərzinə görə onları hədəfə almışdı: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr, bunu yığışdırın, bəsdirin. Kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu, həm yerli icra orqanlarına, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir”.
Görünür, prezidentin bu xəbərdarlığını bəzi məmurlar ciddiyə almayıblar. Əks halda onların 17-18 yaşlı övladları Bakının ən bahalı və elitar sarayında belə dəbdəbəli ziyafətlər təşkil etməzdi. A.Əsgərov icra hakimiyyətinin işçisi olmasa da, səhmləri 100 faiz dövlət məxsus olan müəssisənin rəhbəridir və onu bu vəzifəyə prezident təyin edib.
Redaksiyamıza daxil olan başqa məlumata görə isə, mayın 28-də İstanbulun ən bahalı otellərindən olan “Çırağan”da iriçaplı məmurlardan birinin övladı özünə dəbdəbəli ad günü keçirib. Məmur övladı ad günündə iştirak etmək üçün Bakıdan 4 müğənnini də yüksək qonorarla özü ilə aparıb (Məmurun və müğənnilərin adı bizə bəllidir, ancaq müəyyən araşdırmalar apardığımızdan hələlik açıqlamırıq).

“Çırağan” bahalı və elitar olmaqla yanaşı, həm də ən qədim otellərdən sayılır. Otel Osmanlı imperiyası dövründə inşa edilib. Burada qiymətlər çox yüksək olduğundan ancaq çox varlı təbəqənin üzünə açıqdır.
Əli İBRAHİMLİ