BolgeXeber.Com » Analitika » Milli Şura kimin layihəsidir?

Milli Şura kimin layihəsidir?

2-06-2013, 15:05
Oxunub: 5 143 Yeni birliyi hansısa ölkəyə calamaq qeyri-ciddilikdir, önəmli olan isə ad deyil, nəticədir

Müxalifətin uzun müddətdən bəri apardığı müzakirələrdən sonra nəhayət, yeni bir birlik yarandı. Bir neçə il əvvəldən formalaşmış İctimai Palatanın formatının artıq işə yaramadığı və daha böyük koalisiyanın təşkilinin zəruri etdiyi Milli Şura yarandıqdan sonra əksəriyyətin düşündüyü və ya düşündürüldüyü məsələ yeni birliyin kimin layihəsi olduğudur.
Ölkənin ən başbilən politoloqlarından tutmuş, sıravi Facebook istifadəçisinə qədər hər kəsin rəy verdiyi bu məsələdə rəylər müxtəlifdir. Biriləri deyir ki, Milli Şura Rusiyanın, bir başqaları isə Qərbin, bir qism də hakimiyyətin layihəsi olduğunu bəyanlayır. Hərənin də özünə görə bir arqumenti və fikri var. Hamısı da «dəmir» kimi.
Əslində, müxalifətin birləşməsi sosial sifariş idi və bu çoxdan baş verməli idi. Bu birliyin adının Milli Şura, İctimai Palata və ya «Kolxoz» olmasının da heç bir əhəmiyyəti yoxdur. Çünki ad nəticə deyil, nəticə isə addır.
Bu gün müxalifətin əsas hədəfi birliyi yaratdıqdan sonra onun tərkibini doğru düzgün şəkildə formalaşdırmaq və seçki ilində hakimiyyətin qarşısına güc olaraq çıxmaqdır. Güclü olmaq üçün yaxşı idarəçilik qabiliyyəti ilə yanaşı, yaxşı təşkilatçı olmaq da vaci şərtdir. Yəni, istər Milli Şura, istərsə də hər hansı müxalifət birliyinin əsas hədəfi hakimiyyət və bunun üçün də xalqı təşkilatlandırmaq olmalıdır.
Təbii ki, mən burda təşkilatçılıq məsələsində əllaməçilik və ya ustadlıq edə bilmərəm. Amma bir vətəndaş olaraq fikirlərimi də çatdırmağı özümə borc bilirəm. Çünki dama-dama göl olar misalının bir işə yarayacağı düşüncəsindəyəm.
Nəzərimcə təşkilatlanma işi bir istiqamətli deyil, çoxşaxəli olmalıdır. Burada əsas ağırlıq fərdlərin üzərinə düşür ki, hazırkı məqamda təbliğat işlərini güclü şəkildə aparmaq üçün ən optimal məkanlardan biri Facebook və digər sosial şəbəkələrdir. 12 yanvar aksiyasından sonra tam məlum oldu ki, Facebook artıq təkbaşına təşəbbüsü ələ alaraq, aksiyaların təşkilatçısı qismində çıxış edə bilər. İkinci istiqamət Milli Şuranın tərkibində yaradılmış Təşkilatlanma Komitəsinin həyata keçirdiyi və fərdi qaydada aparılan söhbət nəticəsində aparılan təşkilatlanmadan ibarət olmalıdır. Dədə-baba qaydasınca desək, ənənəvi üsullardan istifadə etməklə və bununla da daha çox tərəfdar toplanmalıdır. Təbii ki, bu zaman vərəqələrin yayılmasından tutmuş, qapı-qapı gəzərək danışmağa qədər hər şeydən istifadə edilərsə, faydalı olacağı düşüncəsindəyəm.
Ən vacib məsələ isə bu təşkilatlanma fonunda Milli Şuranın təyin edəcəyi aksiyalarla bağlıdır. Təyin olunacaq, xüsusən də seçki ərəfəsində təyin olunacaq istənilən aksiyanın cəmiyyətdə böyük rezonansı olacağı şübhəsizdir. Çünki aksiya xəbəri həm sosial şəbəkələrdə geniş maraq kəsb edir, həm də əhali arasında diqqətlə izlənən xəbərlər sırasındadır. Bu aksiyaların şəhərin harasında keçirilməsinin də önəmi yoxdur. Önəmli olan bu aksiyaların sistemli və davamlı olmasıdır ki, bu insanların daha da maraqlanması üçün mühüm şərtdir. Amma bununla paralel olaraq, gənclər və Milli Şuranın üzvlərinin də iştirakı ilə şəhərin müxtəlif yerlərində flaş-moblar və kiçik piketlər təşkil olunmalıdır ki, aktivlik daha da artsın.
Amma nəzərimcə Milli Şura yarandıqdan sonra əsas hədəf vahid namizəd yox, vahid komanda olmalıdır. İndiki məqamda müxalifət düşərgəsi öz daxilində «Keçid Hökuməti» formalaşdırmalı və hakimiyyətə qarşı mübarizə apararaq, onu dəyişdikdən sonra həmin komanda ilə müvəqqəti hökumət yaratmaq barədə düşünməlidir. Kimin birinci və ya axırınca olması isə sonranın məsələsidir. Çünki ölkədə ədalətli seçkilərin keçirilməsi üçün ilk olaraq indiki hakimiyyət dəyişməli, ardından isə bütün qanunlar yenilənməlidir.
Qaldı, Milli Şuranın kimin layihəsi olması məsələsinə. Yazının əvvəlində də bildirdim ki, önəmli olan ad deyil, nəticədir. Və biz bu gün nəticəyə oynamalıyıq. Milli Şuranın da hansısa ölkə və ya siyasi təşkilatın layüəsi olduğunu da ciddi hesab etmirəm. Fikrimcə, yeni yaranmış bu birlik müxalifət düşərgəsində illərdən bəri aparılan müzakirələrin və sosial sifarişin nəticəsi olaraq ortaya çıxıb. Və onu hansısa ölkəyə və ya qüvvəyə bağlamaq qeyri-ciddilikdən başqa bir şey deyil.
Və sonda: Bu gün məqsəd, hədəf, niyyət, istək və arzu indiki hakimiyyətin getməsindən başqa bir şey olmamalıdır. Bunun üçün sonadək mübarizə aparmaq isə hər birimizin borcudur. Hər yeri, hətta təmsil olunduğumuz mətbuat orqanını belə meydana çevirməliyik ki, cəmiyyət də bizimlə birlikdə hərəkət edərək, hədəflərimizin reallaşmasına yardımçı olsun. Ona görə də, YA BİSMİLİLLAH!
Fikrət Fəraməzoğlu