BolgeXeber.Com » Analitika » Bakı bulvarında qiymətlər od tutub yanır

Bakı bulvarında qiymətlər od tutub yanır

3-06-2013, 09:05
Oxunub: 5 621 Yay gələn kimi paytaxtda əksəriyyətin daha çox üz tutduğu bir məkan var - Milli Park adlanan dənizkənarı bulvar. Uşaqdan böyüyə, cavandan qocaya qədər bir çoxları istirahət üçün məhz bu məkanı seçir. Ancaq burada qiymətlər “od tutub yanır”. Bulvardakı qiymətlər sadə vətəndaşların büdcəsinə qətiyyən adekvat deyil.
Cibə münasib olmayan attraksionlar
Qiymətlərə diqqət yetirəndə yəqin ki, bizimlə razılaşacaqsınız.
Başlayaq, bir ildir ki, istifadəyə verilmiş, velosipedlə faytonun sintezindən hazırlanan arabalardan. Forma baxımından 2, 4 və 6 nəfərlik faytonlara bənzəyən bu arabalarda bir gediş 5 manatdır. 300-400 metrlik ərazidə sürülməsinə icazə verilən bu minik vasitəsinin istifadə müddəti 20 dəqiqədir. Neçə nəfərlik araba kirayələməyindən asılı olmayaraq, qiymət dəyişmir.
Attraksionların da qiymətləri ucuz deyil. Yelləncək gəmidə 4 dəqiqə yellənmək üçün adambaşı 2 manat, hava şarının içində suda 5 dəqiqə dalğalanmaq 3 manat, tir tüfəngi ilə 5 dəfə atəş açmaq 2 manat, karuseldə göyə qalxıb Bakını seyr etmək 2 manat (uşaqlar üçün 1 manat), balacalar üçün motodromda maşın sürməyin 3 dəqiqəsi 2 manat, gəmi ilə gəzinti böyüklər üçün 2, uşaqlar üçün (5-10 yaş arası) 1 manatdır.
Uşaqlar üçün dairəvi atlar 2, “Karnaval” və “Viking”in qiyməti 8 yaşına qədər olanlar üçün 1, böyüklər üçün 2 manatdır.
Hündürə tullanmaq üçün (Tarzanka) olan attraksionun bir nəfərlik bileti 4 manatdır.
Körpələrini “5D - film məkanı”na gətirənlər 10 dəqiqə üçün 5 manatından keçməlidir.
Sadə çay içə bilməzsən!
Bulvarda attraksionlarla yanaşı, kiosklarda satılan ərzaq məhsullarının qiyməti də bahadır. Paytaxtın istənilən yerində mağazada satılan eyni adlı məhsulların qiyməti arasında fərq var. Dondurmalar təxminən 50 qəpik - 1 manat, siqaretlər 30-50 qəpik, sular 30-40 qəpik, içkilər 1-3 manat, dönər və hamburger 50 qəpik - 1 manat başqa yerlərdən bahadır.
Paytaxtın başqa yerlərində mağazalarda 20 qəpiyə olan yarım litrlik qazlı və qazsız su bulvarda 50 qəpiyə satılır. Dükanlarda 30 qəpiyə satılan kiçik meyvə şirələri 80 qəpikdən ucuz deyil. “Coca-Cola”, “Fanta” və “Sprite”ın yarım litri 80 qəpik, bir litri isə 1 manat 60 qəpiyədir. Qaynadılmış qarğıdalı 1-2 manata, “popkorn” 50-60 qəpiyədir.
“Qorxulu ev” adlanan attraksionun da qiyməti 5 manatdır. Burada 15 dəqiqəlik səyahət heç də yaxşı təəssüratlar oyatmır.
Bulvarı qatarla da dolaşmaq olar. Qatarda gəzinti böyüklər üçün 2, 12 yaşa qədər uşaqlar üçün isə 1 manatdır.
Bulvarda zövqünə uyğun restoran tapa bilərsən. Amma təbii ki, qiymətlər ucuz olmayacaq. Orta səviyyəli restoranda bir şiş kababın qiyməti 5 manatdır. Hər bir salatın (bir nəfər üçün) qiyməti 4 manat təşkil edir. Meyvə şirələrinin qiyməti isə 3 manatdır.
Elə çayxanalar var ki, orada bir çaynik çay sifariş edə bilməzsən. Mütləq yanında ən azı, mürəbbə də istəməlisən. Bu da yerindən asılı olaraq, 5-10 manat arasında dəyişir. Yox, əgər dəstgah arzulayırsansa, ən yaxşı halda, 20 manatından keçməlisən.
Bulvarın “Venesiya”sı
Milli Parkın ən gözəgəlimli yerlərindən biri də “Venesiya su şəhərciyi”dir. Şəhərciyin girişi iki gözəgəlimli 2 mərtəbəli binalardan ibarət restoranlarla açılır. Biri “Venesiya”dı, o biri “Sədəf”. Hər yan isə su ilə əhatələnib. Bəziləri buranı “ada” da adlandırır. Kiçik qayıqlar gözə dəyir. Qayıq sürənlər əllərindəki torla sudan zibilləri yığırlar. Onlara yaxınlaşıb qayıqla “səyahət” etmək istəyimizi deyirik. Məlum olur ki, qayıqla gəzmək istəyənlər 20 dəqiqə üçün 5 manat ödəməlidir.
Əgər sən özünü həqiqətən Venesiyadakı kimi hiss etmək istəyirsənsə, Italiya mətbəxinin yeməklərilə müştərilərin qarşısına çıxan “Venesiya” restoranına üz tutmalısan. Əksini arzulayırsansa, “Sədəf”ə getməlisən.
“Venesiya”ya daxil olub menyü ilə tanış olduq. Ləziz salatlar, soyuq qəlyanaltı, isti yeməklər, pitsalar, içkilər və başqa nemətlər... Ancaq burada qiymətlər nəinki aşağı, heç orta təbəqənin də cibinə uyğun deyil. Pitsalar 9-15, isti yeməklər 12-18, soyuq qəlyanaltı 9-15, salatlar 8-15 manat arasında dəyişir. Burada 50 nəfərlik banket də sifariş etmək olar. Siyahıda göstərilən yeməklərin hərəsindən iki-üçü süfrədə olarsa, buna görə restorana 806 manat pul ödəməliyik. Amma bu halda, içki və şirə 806 manatlıq menyüyə daxil deyil. Bunları da arzulasan, ən azı 1000 manat ödəməlisən.
“Venesiya”da olan qiymətlər “Sədəf”ə də aiddir. Sadəcə, ikincinin bir üstünlüyü var, o da çeşidin çox olmasıdır.
***
Beləliklə, Dənizkənarı Milli Parkda - Bulvarda istirahət etmək üçün cibində ya yaxşı pulun olmalı, ya da sadəcə, sahil boyunca gəzməli və skamyalarda oturmalısan. Başqa heç nəyə baxa bilməzsən...
azadlıq.az