BolgeXeber.Com » Analitika » Banan ölkəsi

Banan ölkəsi

5-06-2013, 13:55
Oxunub: 7 870 Bu yaxınlarda internet vasitəsi ilə Rusiyada yaşayan bir tanış azərbaycanlı ilə mail.ru-da görüntülü söhbət edirdim. Söhbət əsnasında məlum oldu ki, İrskutskda bananın qiyməti 40-50 rubldur, yəni bizim pul ilə təxminən 1 manat 10 qəpikdir. Soruşdum bəs görəsən bizdə nəyə görə 1 kq bananın ən aşağı qiyməti 2 manatdır, yəni bahadır? Həmmillətim cavabında bildirdi ki, sizdə (yəni bizdə) hər şey monopoliyada olduğu kimi, banan da kiminsə nəzarətindədir. Buna görə də yerində ( Cənubi Amerikada,Afrikada)bananın və idxal olunan başqa meyvələrin alış qiyməti çox aşağı olmasına baxmayaraq, sizə gəlib çıxanda həddindən artiq baha satılır. Çünki konkret olaraq banan idxalına nəzarət edən monopolistlər hakimiyyətin yüksək postlarında oturduqlarından, adi biznesmenlərin ölkəyə banan gətirməsinə imkan vermirlər. Rəqabət isə olmadağından həmin oliqarx-monopolistlər banana ürəyi istədikləri qiyməti qoyaraq, onu topdansatış mərkəzlərinə yayırlar. Bu fikirlərin müqabilində mən ona bildirdim ki, o, yalnış düşünür. Bizdə monopoliya-filan yerli-dibli yoxdur. Əksinə ölkədə Antimonopoliya adlı dövlət komitəsi uğurla fəaliyyət göstərir. Sadəcə olaraq, ola bilsin Sibir subekvatorial zonada yerləşdiyindən orada çox güman ki, geniş banan plantasiyaları və banan yetişdirilən parniklər var ki, bu səbəbdən Rusiyada bananın qiyməti aşağıdır. Rusiyaya idxal olunan banana qaldıqda isə İran bizə çox uzaq, Sibirə isə Cənubi Amerika qədər çox yaxın olduğundan Sibirdə həm Ekvador, həm də İran bananı çox ucuzdur. Özü də Azərbaycanda yüksək vəzifə sahibləri inanmıram ki, qanuna zidd olan monopoliya ilə məşğul olsunlar. Mən bildiyimə görə bizim nazirlərin hamısı Ziya Məmmədov kimi o qədər də çox olmayan quru maaş ilə razılaşıb, başlarını millət kimi aşağı salıb gecə-gündüz ancaq xalqın rifahı üçün çalışırlar. Onların əksəriyyətinin hansı vicdan sahibinin olmasını isə mən çox gözəl bilirəm. Əgər həmmillətimin dedikləri həqiqət sayılsa, onda demək belə çıxır ki, bizim məmurlar, hansılar ki, vətəndaşların hüquqlarını qorumağa birbaşa borcludurlar, açıq-aşkar kasıb camaatın cibinə girirlər. Çünki onun fikirləri düzdürsə demək biz, bazardan aldığımız mallara görə onların əsl bazar qiymətlərindən artıq pul verməli oluruq. Bunun da nəticəsi olaraq dolayısı ilə, dövlətimizin gələcəyə olan uşaqlarımız, ata-analarının imkansızlığından orqanizmə lazım olan qədər gündəlik meyvə yeyə bilməzlər. Görünür arqumentlərim o qədər məntiqi və tutarlı oldu ki, tanışım o fikirlərin qarşısında duruş gətirmədi və xətdən çıxdı. Ancaq xətdən çıxmazdan əvvəl o mənim üçün aşağıdakı məzmunda qəribə bir mesaj qoydu: "Daha sənə sözüm yoxdu". Bəlkə də Azərbaycanda yaxşı iş yerləri çox , başağrı isə az olduğundan Rusiyada yaşamağa məcbur olan tanışım məndən incidi. Ancaq inciyir, incisin. Günah məndə deyil ki, mən həmişə sofizm-filanla yox, normal məntiq ilə danışıram. Məsələn: "Azərbaycan məgər banan ölkəsidir ki, bizdə banan ucuz olsun?!".