BolgeXeber.Com » Analitika » Hacı Məmmədovun adı video qalmaqalında

Hacı Məmmədovun adı video qalmaqalında

6-06-2013, 09:15
Oxunub: 5 400 Elşad Abdullayevin yeni videosunda yeni faktlar
Qanqsterin həbsindən sonra Mahir Abdullayevin işində qəfil dönüş
ABU-nun sabiq rektoru Elşad Abdullayev redaksiyamıza daha bir video yollayıb. 24 aprel 2005-ci il tarixində qeydə alınan videoda baş qəhrəman yenə də həbsdəki Arzu Kazımovun vasitəçisi Rövşanə Əliyevadır (Arazxanlı). E.Abdullayev də videonu məhz ona uyğun adlandırıb: “Rövşanə Əliyevanın psixoloji durumu nə üçün pozuldu?”
E.Abdullayev video ilə yanaşı göndərdiyi yazılı müraciətində video çəkilən gün yaşananları yada salıb: “Həmin gün Rövşanə mənə telefon acıb bildirdi ki, ”evimiz yıxıldı. Kod adı “tosun”, “kriminalist” olan Haci Məmmədovu həbs ediblər, təcili görüşmək lazımdır. Çox pis oldu, Sizə kömək edirdi, bizim adamımızı həbs etdilər, vəziyyət çox pisdir" deyərək özünü qeyri-adi havalanmış adam kimi aparırdı. Həmin günə qədər mənim Hacı Məmmədovun “Qarabulaq” susurluğu haqqında məlumatım yox idi. Mən Rövşanəni ABU-da iş otağımda qəbul etdim. Bu zaman AzTV-də qanlı banda başçısı Hacı Məmmədovun həbs olunması haqqında Baş Prokurorluğun 23 aprel 2005-ci il tarixli bəyanatı oxunurdu. İkincisi, AzTV eyni zamanda Mahir Abdullayevin oğurluq işini aparan daxili işlər nazirinin l müavini Zahid Dünyamalıyevin işdən azad olunması haqqında DİN-in bəyanatını oxuyurdu. AzTV-də qeyd olunan bəyanatlardan sonra Rövşanənin psixoloji tarazlığı pozuldu və yaxasını kənara çəkməyə başladı ki, məni bu işlərə qatmayın. Bizə bildirdi ki, onluq heç bir şey yoxdur. Bildirdi ki, “pulunuzu Arzu Kazımova və Zahid Dünyamalıyevə vermisiniz, gedin ondan da alın”".

E.Abdullayev yazır ki, həmin dəqiqələrdə A.Kazımov doktor adı ilə Rövşanənin mobil telefonuna zəng edərək təcili yanına gəlməsini tələb edirdi. Sabiq ABU rektorunun bildirdiyinə görə, onun təkidi ilə H.Məmmədovun həbs olunmasından qorxan A.Kazımov 9 may 2005-ci il tarixində Mahirin oğurlanmasına görə ondan aldığı pulu cinayət əməlini notariusda saxta ev alqı-satqısı müqaviləsi pərdəsi altında rəsmiləşdirməyə müvəffəq olub: “Adam oğurluğunun zəruri hüquqi tərkibi pulun alınmasıdır. Məlumdur ki, Avropa Şurası hər il qərar qəbul edir ki, Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti yoxdur. Ona görə də Müstəqil İstintaq Komissiyası (MİK) mütəşəkkil cinayətkar təşkilatla əlbir olaraq Arzu Kazımovun cinayət əməllərinə düzgün hüquqi qiymət qoymayıb. O, Cinayət Məcəlləsinin 178-ci maddəsində müəyyən edilmiş dələduz kimi məhkəməyə verilib. Diqqəti cəlb edən odur ki, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın bütün subyektlərinin cinayət əməlləri dələduzluq əməli kimi qiymətləndirilir. Hətta MİK dünyaya adam oğurluğu üzrə məhkəmə təcrübəsinə ”yenilik" töhfəsi vermişdir. Məni zərərçəkmiş kimi deyil, adam oğurluğunda rüşvət verən tərəf kimi tanıyır. Guya mən pulu bandaya zorla vermişəm, adam oğrularına rüşvət vermişəm. Halbuki telefonda Mahirə işgəncə verdikdən sonra, qardaşımın həyatına təhlükə olmasın deyə hədə-qorxu gəldikdən sonra məndən pul alınmışdır". E.Abdullayev həmçinin yazıb ki, bu günə qədər M.Abdullayev olayı ilə bağlı sifarişli yazılar yazılsa da, hər şeyin zamana ehtiyacı vardır və cinayətkarlar gec-tez layiqli cəzalarını alacaqlar: “...MTN generalları Hilal Əsədov və Akif Çovdarov məni təhdid edirdilər ki, ”biz oğurladığımız adamları heç kim tapa bilməz. Elşad müəllim, siz hüquqşünaslığınıza arxayın olmayın. Bizə nə prokuror, nə polis, nə KQB girə bilməz". Mənim əleyhimə yazan “cəfakeş” jurnalistlər də bandanın sifarişini yerinə yetirir. Amma bu cinayətkar şəbəkə yaddan çıxarıbdır ki, dünya dəyişibdir, yalnız mənim www.google.com sosial şəbəkəsində mənim şikayətlərimi - video-faktlarımın 2 milyondan artıq oxucusu vardır, Sizləri Avropa Məhkəməsi və “Maqnitski qanunu” gözləyir".

18 dəqiqəlik videoda isə E.Abdullayev, Eldəniz Abdullayev və Rövşanə Əliyeva iştirak edir. Onlar rektorun otağında söhbət edərkən televiziyada Hacı Məmmədovun həbsdə intihara cəhd etməsi, Z.Dünyamalıyevin vəzifədən çıxarılması xəbəri yayımlanır. Həmin məqamda qardaşlarla R.Əliyeva arasında insident yaşanır. Xüsusən Eldəniz Abdullayev xanımdan tələb edir ki, bu məsələdə necə vasitəçilik edibsə, o cür də pulları da o cür geri qaytarsın. E.Abdullayev və qardaşı vasitəçi qadına “sənin də cinayətin var” deyərək baş verənlərdəki məsuliyyət yükünü xatırladırlar. R.Əliyeva eşitdiyi xəbərlərin təsirindən inkar xəttini seçir və bu günə qədər bütün söhbətlərin qardaşlarla A.Kazımov arasında yaşandığını nəzərə çatdırır. “Burda mənlik heç nə yoxdur” deyən R.Əliyevaya həmin vaxt zəng gəlir və kiminləsə görüşlə bağlı yer vədələşdirirlər. Amma vasitəçi qadının mövqeyi qardaşları hiddətləndirdiyi üçün otaqda ciddi insident atmosferi yaranır. R.Əliyeva səsini maksimum yüksəldir, halı pisləşdiyi üçün dərman atır və otaqdan çıxır. O, gedəndən sonra qardaşlar öz aralarında danışırlar ki, ona zəng edib, çağıran A.Kazımov olub.
Sevinc TELMANQIZI