BolgeXeber.Com » Analitika » Elşad Abdullayev dəhşətli videolar yayacaq

Elşad Abdullayev dəhşətli videolar yayacaq

6-06-2013, 18:10
Oxunub: 4 286 Sabiq rektor "Azadlıq"a açıqlamasında elə adamlara elə ittihamlar irəli sürdü ki...
”Qurd qapısı"nda, Xınalıq kəndində baş verən qətllərlə bağlı məndə danışıqlar, video görüntülər var"
“Hacı Məmmədovun dəstəsinin ”Qarabulaq"da törətdikləri cinayətlər ölkədəki baş verən cinayətlərin çox kiçik bir qismidir. Ölkədə elə olaylar baş verib və indi də davam edir ki, Hacı Məmmədovun etdikləri bunların yanında heç nədir". Bu sözləri “Azadlıq”a fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev deyib.
Onun sözlərinə görə, əlində başqa videolar da var və onları da yayımlayacaq: “Məndə təkcə Mahir Abdullayevin oğurlanması və Gülər Əhmədovanın mandat alveri ilə bağlı videolar yoxdur. Qardaşımın işini araşdıran zaman daha ciddi faktlar əldə etmişəm. ”Qurd qapısı"nda, Qubanın Xınalıq kəndində baş verən qətllərlə bağlı məndə danışıqlar, video görüntülər var. Videolarda MTN generalları Hilal Əsədovun, Akif Çovdarovun Xınalıqda, Ramiz Mehdiyevin “Qurd qapısı”nda törətdikləri cinayətlərdən söz açılır. Tezliklə, bunlar da yayımlanacaq".
Ilham Əliyevin tapşırığı ilə 4 oktyabr 2012-ci ildə yaradılan Müstəqil Istintaq Komissiyasının cinayəti açmaq əvəzinə onu və qohumlarını təhdid etdiyini deyən Elşad Abdullayev əlavə edib ki, iki gün öncə yayımladığı, ABU-nun komendantı olmuş Məmmədəli Əliyevlə söhbətlərini əks etdirən videogörüntüyə görə də təzyiq edirlər: “O da təzyiq üzündən videolardakı danışıqları təkzib edir. Deyir ki, Mahir Abdullayevi Mətanət Isgəndərlinin evinə gedən yerdə görməyib. Bundan başqa mənə verdiyi əlyazmadan imtina edir. Halbuki, məndə bütün danışıqların videogörüntüləri var. Videosu yayılan adamlar hamısı birmənalı deyir ki, görüntülər montajdır. Ancaq burada montajdan, böhtandan söz gedə bilməz. Ekspertlər də təsdiq edir ki, heç bir görüntü saxta deyil”.
Keçmiş rektor Məmmədəli Əliyevlə bağlı yaydığı videoda edilən söhbətdən iki gün sonra Əli Nağıyevlə görüşüb: “Metronun ”Sahil" stansiyasının üstündə Əli Nağıyevin xüsusi kabineti vardı. Orada mən, Məmmədəli Əliyev və Tənzilə Rüstəmxanlı onunla görüşdük. Məmmədəli Əliyevin dediklərindən də daha artığını Əli Nağıyev dedi və yayılan videoda danışılan söhbətləri təsdiqlədi".
Ötən gün Elşad Abdullayev Nərimanov Rayon Məhkəməsinin keçmiş sədri Ağababa Babayev arasında gedən söhbətin səs yazısını da yayıb.
Söhbətin əvvəlində Elşad Abdullayev qeyd edir ki, Mahir Abdullayev artıq 3 il 7 ay 21 gündür yoxdur. Ağababa Babayev isə qeyd edir ki, bir-iki günə Mahiri qaytaracaqlarına söz veriblər. Aağababa Babayev daha sonra bildirir ki, daxili işlər nazirinin müavini Vilayət Eyvazovla görüşüb: “Mən bunlara dedim ki, adamlara söz vermişəm. Hacı adamam yalan danışa bilmərəm. Mənə dedi ki, gedin ona deyin (E.Abdullayev nəzərdə tutulur), məni əsəbləşdirməsin! Uşaq yoxdur! Gedin nə istəyirsiz edin! Mən ona dedim ki, uşaq deyiləm. Bu gün gəl, sabah gəl... aldatdınız məni. Dedim ki, onunla (E.Abdullayevi nəzərdə tutur) danışmazdan əvvəl sizinlə danışdım. Dediniz ki, bizdədir, sağ salamatdır. Əgər bünövrədən sizdə deyildisə, məni niyə aldatdınız? Sonra dedilər ki, sağ salamatdır və bizdədir”.
Söhbətdə Elşad Abdullayev bildirir: “Banditizmin” onlarla əməkdaşı var ki, Mahirin sağ-salamat olduğunu deyir”.
Daha sonra yenidən Vilayət Eyvazov barədə söhbət gedir. Elşad Abdullayev Ağababa Babayevə deyir: “Viloş”a denən, 4 dəfə o kişini ilişdirmisən, həmişə də hörmətini edib".
Elşad Abdullayev həmçinin qeyd edib ki, sonuncu işdən ötürü ondan yenidən pul alıblar: “Qardaşımın xətrinə hər nə desələr etməyə məcburam”.
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin məlumatına görə, səs yazısı yaxın günlərdə Baş Prokurorluğa təqdim ediləcək.