BolgeXeber.Com » Analitika » Elşad Abdullayev yeni şok faktlar açıqladı

Elşad Abdullayev yeni şok faktlar açıqladı

7-06-2013, 09:25
Oxunub: 4 731 “Mətanət unudub ki, bizim görüşlərimiz yazılıb”
Sabiq rektordan müğənniyə bir neçə sual var
ABU-nun sabiq rektoru Elşad Abdullayev “Yeni Müsavat”a yeni müraciət yollayıb. Bu müraciət “Təzadlar” qəzetinə istinadla müğənni Mətanət İsgəndərlinin və Mahir Abdullayevin qayınatası Şamil Şahməmmədovun istintaqa verdiyi ifadələrlə bağlıdır. E.Abdullayev bu ifadələrlə bağlı mövqeyini Baş Prokurorluq yanında Müstəqil İstintaq Komissiyasına (MİK) da yollayıb.
“Mətanətin ifadəsi qohum-əqrəbanı bir-birinə qarşı qoymağa hesablanıb”
E.Abdullayev yazıb ki, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat acıq-aşkar leqal fəaliyyət göstərir: “Bir hüquq professoru kimi hesab edirəm ki, MİK 8 aydan çox fəaliyyət göstərməsinə baxmayaraq, bizim tərəfimizdən verilən vəsatətlərin birinə də olsa belə, düzgün hüquqi qiymət verməyib. O, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət göstərir, Mahirin artıq bütün dünyaya məlum olan oğurluq işini hər vəchlə ört-basdır etməyə calışır”.
E.Abdullayev daha sonra M.İsgəndərlinin istintaqa verdiyi ifadəyə də toxunub. Bildirib ki, sözügedən ifadə onların qohum-əqrəbasını bir-birinə qarşı qoymağa hesablanıb: “Xüsusi xidmət orqanları 21-ci əsrin ən böyük cinayətini ört-basdır etmək üçün bizim qohum-əqrəbanı üz-üzə qoymağa cəhd etdi. İlk vaxtlar bu qarşıdurmaya azacıq da olsa nail ola bildilər. Sonradan hadisələri araşdırdıqca biz çox təəssüf etdik ki, konstitusiya ilə ailənin bütövlüyünü qorumağa borclu olan Azərbaycan hakimiyyəti cəmiyyət qarşısında götürdüyü öhdəliyi yerinə yetirmək əvəzinə, bütün qohum-əqrəbamı bir-birinə qarşı qoymağa çalışırdı. Bu proses bu gün MİK yarandıqdan sonra da davam edib”.
Mahir Abdullayev Mətanət İsgəndərlini həbs etmək üçün onunla tanışlıq qurub?
E.Abdullayev yazıb ki, M.İsgəndərli ifadəsində Mahirin onu heç bir qadınla aldatmadığını bildirib. Sabiq rektorun sözlərinə görə, onun bu ifadəsi də həqiqətə uyğun deyil. Onun fikrincə, bunu yazmaq atasını səbirsizliklə gözləyən azyaşlı uşaqların qəlbini qırmaqdır: “Mahir hərtərəfli biliyə malik olan kamil adamdır. Bundan ötrü Mahir Abdullayevin MTN zabiti, idmançı və ziyalı kimi tərcümeyi-halını dərindən bilmək lazımdır. Şəxsən mən qardaşım Mahir Abdullayevlə fəxr etmişəm və həmişə də fəxr edəcəyəm. Məni yaxından tanıyanlar da bunu yaxşı bilirlər və bizə qoşulurlar. Mahirə pulumuz da, canımız da qurbandır. Qardaşını qoruya bilməyən vətəndaş dövlətini, torpağını, vətənini, konstitusiyasını, prezidentini, dövlət bayrağını da qoruya bilməz".
E.Abdullayev daha sonra M.Abdullayevin M.İsgəndərli ilə münasibətlərinə də toxunub. Bildirib ki, şəxsən qardaşı ona bir MTN zabiti kimi bu barədə danışıb: “Mənə bildirib ki, ”şeytan yuvasına" getməyi onun vəzifə borcu ilə bağlıdır, böyük bir cinayətin izinə düşüblər, artıq rəhbərlik tərəfindən razılıq vardır, 2003-cü il prezident seçkilərindən dərhal sonra “Qarabulaq”, Hacı Məmmədovun bandası, habelə “el qızı” Mətanət İsgəndərli qarışıq həbs olunacaqlar. Keçiriləcək əməliyyatın adı da “El qızı əməliyyatı” idi".
Sabiq rektor həmçinin bildirib ki, M.İsgəndərlinin istintaqa verdiyi “Elşad mənə deyirdi ki, Mahir sağdır, qayıdan kimi ölkədən gedəcəklər” ifadəsi də həqiqətə uyğun deyil: “Mətanət unudub ki, bizim görüşlərimiz qeydə alınıbdır. Mətanət 10-cu ildir ki, Mahirin oğurluq cinayətini bilə-bilə gizlətdiyinə görə Cinayət Məcəlləsi ilə ağırlaşdırıcı hal kimi məsuliyyətə cəlb olunmalıdır. Eyni zamanda həyatı təhlükə altındadır, bu cinayəti açmadığına görə onu da Sevinc Babayeva kimi izsiz-tozsuz yox edib qanını batıracaqlar”.
“Rəsul Quliyev dedi ki...”
E.Abdullayevin M.İsgəndərlinin ifadəsindəki “Mahir Rəsul Quliyevlə danışandan sonra dedi ki, biz hakimiyyətə gələcəyik” fikirlərini də təkzib edib: “Hilal Əsədovun yaxın qohumu olan Sənan İbrahimov vaxtilə mənə özünü Rəsul Quliyevin köməkçisi kimi təqdim edib. Bunun nə dərəcədə doğru olduğunu bilmirəm. Amma bir neçə adamın yanında köməkçi işləyib. Hamısının da axırı ölümlə qurtarıb. Bu da deməyə əsas verir ki, Sənan Hilal Əsədovun əli ilə çox adamları aradan götürübdür. Yaxud Sənan İbrahimov ”Lalələr" mahnısının müəllifi, mənim müəllimim, yaxından tanıdığım akademik Aslan Aslanovun da köməkçisi olub. O da Sevinc Babayeva kimi dünyasını dəyişmişdir. Sənanın biznes ortağı “Yardımlı Yusif”in müəmmalı ölümü də diqqətdə saxlanmalıdır. Sənan İbrahimov Mahirin də müavini olub. Amma MİK-də Mahirin əleyhinə ifadə verir. Bu gün Mətanət yalandan deyir ki, Mahir mənim dostum olubdur. Amma MİK-ə Mahirin əleyhinə ifadə verir. Başqa bir tərəfdən, hörmətli Rəsul Quliyevlə danışmağa görə adamı oğurlayırlar? Azərbaycan Konstitusiyasına görə, hər bir azərbaycanlı vətəndaş istədiyi müxalifət partiyasına üzv olmaq hüququna malikdir, bu onun konstitusiya haqqıdır".
Bu yerdə E.Abdullayev R.Quliyev barədə rəhmətlik dövlət başçısı Heydər Əliyevlə qardaşı akademik Aqil Əliyevin danışığının şahidi olduğunu və buna təəccübləndiyini yazır: “Mərhum akademik Aqil Əliyev ağır xəstəlik keçirmişdi. Müalicədən sonra Bakıda Novxanıda bağ evində Moskvadan yenicə gəlmişdi. Biz eşidən kimi Aqil Əliyevi görməyə getdik. Mən yenicə içəri girmişdim ki, Heydər Əliyev də qardaşı ilə görüşmək üçün Novxanı bağına girdi. Akademik məni birinci mərtəbədəki hovuzun yan otağına saldı ki, Heydər Əliyev bizi görməsin. Amma söhbətlərini aydın eşitmək olurdu. Aqil Əliyev Heydər Əliyevə bildirdi ki, “mən ağır xəstəyəm, dəqiq vaxtımı bilirəm, özümü yaxşı hiss etmirəm. Amma sizdən üç xahişim var. Biri də Rəsul Quliyev məsələsidir. O, bizə çox köməklik edibdir, hakimiyyətdə əsas rolu olubdur, hamımızın ona borcu vardır, ona qarşı ədalətsizlik olubdur. Mən istəyirəm ki, mən sağ ikən onu Amerikadan geri gətirəsən. Bilirsən ki, Rəsul Quliyev bizim dostumuzdur". Bu söhbətdən sonra məni Rəsul Quliyev marağı götürmüşdü. Başa düşə bilmirdim ki, necə oldu ki, konstitusiya ya görə dövlət hakimiyyətinin birinci şəxsi parlamentin sədri Rəsul Quliyev birdən-birə xalq “düşməni oldu”? Burada bir ədalətsizlik vardır. Nəhayət, mən keçən il Parisdə Rəsul Quliyevlə görüşdüm və marağımı gizlədə bilməyib bu söhbəti Rəsul Quliyevə sual verdim. O bildirdi ki, “Elşad müəllim, Əliyevlər mənimlə barışmaq istəsələr də, mən Əliyevlərlə barışa bilmərəm”.
“Hər ikimizin qayınatası düz danışır”
Sabiq rektor daha sonra M.Abdullayevin qayınatası Ş.Şahməmmədovun və özünün qayınatası Hüseyn Əhmədovun istintaqa verdiyi ifadələrə toxunub: “Öncə onu deyim ki, konstitusiyaya görə yaxın qohum-əqrəba arasında nifaq salmaq ağır cinayət hesab edilir. Bu ərəfədə neçə ailəni dağıtmısınız, başsız qoymusunuz, nə tez yaddan cıxardınız konstitusion borcunuzu? (M.İsgəndərliyə müraciətlə yazıb-S.T.) Mahirin qayınatası Şamil Şahməmmədov prezident tərəfindən ”Şöhrət" ordeni ilə təltif edilibdir. Əməkdar jurnalistdir, uzun müddət “AzərTAc”ın rəhbəri vəzifəsində işləyib. Olduqca ciddi bir ziyalı adamdır, ona görə də banda Şamil müəllimi neytrallaşdırmaq məqsədilə mənim qohum-əqrəbamın içərisinə belə nifaq salmaq istəyir. Belə hesab edirəm ki, Şamil müəllim hansı ifadəni veribsə, o, düz danışır. Bəzi əxlaqdan uzaq “tanınmış” şəxslər ağalarının cinayətlərini gizlətmək məqsədilə nə isə bir şey kəşf etmişlər kimi öz cinayətlərini həqiqət kimi xalqa sırımağa çalışırlar. Bərəkallah sizdəki istedada! Yaxud da mənim qayınatam akademik Hüseyn Əhmədov 86 illik yaşının 56 ilini pedaqoji fəaliyyətlə məşğul olubdur, prezident təqaüdçüsüdür. Akademik Hüseyn Əhmədovun yazdığı kitabların xüsusi çəkisi sizin fiziki çəkinizdən yüz dəfə ağırdır. Bu anti-əxlaqı hərəkətləriniz də qohum-əqrəbanı bir-birinə qarşı qoymaq deməkdir. Hesab edirəm ki, akademik Hüseyn Əhmədovun bütün ifadələri həqiqətdir, təsdiq edirəm. Hər iki ağsaqqalın xətrini dağlar qədər istəyirəm. Var olsunlar. Onlar prokurorluğa etibar edib sənədlərə imza atıblar. Prokurorluq da etibardan sui-istifadə edib, özünə sərf edəni yazıb imza aldırıbdır.
Avropada ən böyük kapital insan kapitalıdır. Bizdə isə insanların qiyməti çox ucuzlaşdığı üçün ölkə belə cinayətkar münasibətə görə böhran həddinə çatıbdır".
E.Abdullayev həmçinin müraciətində bu sənədləri ilkin yayan “Təzadlar” qəzetini də tənqid edib. Sözügedən nəşr barədə daha öncə yazdığı ittihamları və ağır ifadələri yenidən təkrar edib. Sabiq rektor həmçinin ötən aylarda A.Mərzilinin də iştirakçısı olduğu bir videonun, habelə onunla bağlı daha öncə verdiyi açıqlamaların linkini müraciətinə əlavə edib.
Elşad Abdullayevdən müğənniyə suallar
Daha sonra sabiq rektor M.İsgəndirliyə bir neçə sual verib. Suallar aşağıdakılardır: “Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat olduqca ciddi qaydada vahid mərkəzdən idarə olunur. Belə ki, Mətanət bir ay öncə KİV-də bəyanat vermişdir ki, ona Mahir Abdullayev haqqında danışmaq qəti qadağan edilibdir. Görəsən, sizə belə qadağanı kim qoydurubdur? Adını deyə bilərsinizmi? İkinci sualım: mütəşəkkil dəstənin bir mərkəzdən idarə olunması işdə təsdiq olunur. İctimailəşmiş bütün videofaktlarda mənim üstümə gələn banda üzvləri hamısı deyir ki, Mahir sağdır. Bunu haradan bilirlər? Üçüncüsü, bandanın bir mərkəzdən idarə olunması faktına gələk. Mənim üstümə gələn cinayətkar ünsürlər qeyd edirlər ki, Mahir hökumət evindədir. Biri deyir KQB-dədir, biri də deyir ki, polis evindədir, digəri qeyd edir ki, prokuror oğurlayıbdır. Dördüncüsü, Müstəqil İstintaq Komissiyasına qədər Mahirin oğurlanması cinayət işini aparan bütün istintaqçılar nə vəzifədə irəli çəkiliblər?
E.Abdullayev onu da yazıb ki, A.Mərzilinin yazdığına görə, onun 13 oktyabr 2003-cü il tarixindən yüzlərlə şikayətlərində M. İsgəndərlinin adından şikayət etməyinə baxmayaraq, o, yalnız 10 ildən sonra 16 oktyabr 2012 il tarixində, “fabrikovat” olunmuş ifadə verir: “Bu isə kobud qanun pozuntusudur. Elə özbaşınalıqdan sonra Müstəqil İstintaq Komissiyasına etibarımı itirdim.
Müğənni Mətanət İsgəndərli haqqında 21 aprel 2009-cu il tarixində və 05 yanvar 2010 tarixli prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova, daxili işlər naziri Ramil Usubova tərəfimdə şikayət edilib. Həmin şikayətimdə müğənni Mətanət İsgəndərlinin mütəşəkkil cinayətkarlıqda iştirakı təkzibolunmaz sübutlarla təsdiq olunub. Lakin MİK-də mənim şikayətlərimə hüquqi qiymət verilməyib. Guya mən düz danışmıram. Lakin bir hüquqşünas kimi mənim bütün danışıqlarım video-audio faktlara əsaslanır. Belə çıxır ki, mən Heydər Əliyevə heykəl qoyanda düz danışırdım, Strateji Araşdırmalar Mərkəzi yaradanda düz danışırdım, dövlətçilik haqqında coxsaylı kitablar nəşr etdirəndə düz danışırdım, YAP-in 3 qurultayında iştirak edəndə düz danışırdım, hazırda haqqımı tələb etdiyimə görə düz danışmıram, oğurlanmış MTN zabiti Mahir Abdullayevin geri qaytarılmasına görə düz danışmıram, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatı ifşa etdiyimə görə düzgün danışmıram".
Sevinc TELMANQIZI