BolgeXeber.Com » Analitika » İsmət Abbasovun nazirliyi ləğv edilir?

İsmət Abbasovun nazirliyi ləğv edilir?

8-06-2013, 11:25
Oxunub: 5 169 Kənd Təsərrüfatı Nazirliyi İqtisadi İnkişaf Nazirliyinin departamenti kimi fəaliyyət göstərəcək
“Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İqtisadi İnkişaf Nazirliyinə birləşdirilməsi ilə bağlı prezident sərəncamı hazırdır və çox yaxın günlərdə elan ediləcək. Birləşmiş nazirlik ”İqtisadi İnkişaf Nazirliyi" adlanacaq və quruma indiki İİN başçısı Şahin Mustafayev rəhbərlik edəcək". Bu barədə “Yeni Müsavat”a mötəbər mənbələrdən məlumat daxil olub.
Mənbə bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin ləğvi və onun səlahiyyətlərinin başqa nazirliklər arasında bölüşdürülməsi xeyli müddətdir hakimiyyət çevrələrində müzakirə edilir. İlkin variantda Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək, onun funksiyalarının İqtisadi İnkişaf, Səhiyyə və Fövqəladə Hallar nazirlikləri arasında bölüşdürülməsi nəzərdə tutulurdu. Arqument bu idi ki, kənd təsərrüfatı müəssisələrinin mütləq əksəriyyəti özəlləşdirildiyi halda, aqrar sektorun idarə edilməsi üçün ayrıca bir nazirliyin saxlanılmasına ehtiyac yoxdur, nazirliyin ən vacib funksiyaları başqa nazirliklərə verilməklə bu qurumu ləğv etmək daha effektlidir. İlkin layihədə fermerlərin subsidiyalaşmasının İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Baytarlıq Xidmətinin isə Səhiyyə Nazirliyinin, ərzaq təhlükəsizliyi ilə bağlı funksiyaların isə Fövqəladə Hallar Nazirliyinə keçəcəyi nəzərdə tutulurdu. Ancaq sonda nazirliyin bütövlükdə İİN-in tərkibinə qatılması qərara alınıb.

Mənbənin bildirdiyinə görə, iddialı nazirliklərin bölgüdən kənarda qalması siyasi rəhbərliyin İİN başçısı Şahin Mustafayevə daha çox etimad göstərməsi ilə bağlı bir məsələdir: “Saray intriqalarından uzaq olan, oliqarxlaşmamış Şahin Mustafayev indi siyasi rəhbərliyin daha çox etimadını qazanır. Siyasi və biznes ambisiyaları olmayan İİN başçısına yüksək etimad da buradan qaynaqlanır. Ona görə Kənd Təsərrüfatı Nazirliyinin bütövlükdə İİN-in idarəetməsinə verilməsi qərara alınıb. Bundan sonra KTN-in funksiyalarını İİN-in Kənd Təsərrüfatı Departamenti həyata keçirəcək”.

Bu il fevralın 12-də keçirilən “Azərbaycan Respublikası regionlarının 2009 -2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin ünvanına kəskin ifadələr işlətmişdi. Prezident kənd təsərrüfatı subsidiyalarının verilməsində mənfi hallara toxunmuşdu: “Subsidiyalar ünvanına çatmır, ya da onları kimsə mənimsəyir. Bir sıra hallarda, ümumiyyətlə, istehsal olunan məhsulun həcmi, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün. Subsidiyaların bir hissəsi dövlət məmurlarının cibinə gedir. Bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir”.

Həmin toplantıda aqrar sektorda vəziyyəti şərh edən prezident nazirliyi fəaliyyətsizlikdə ittiham edib. Konkret ünvan göstərmədən tapşırıqlarının yerinə yetirilmədiyini bildirib. Maraqlıdır ki, məhz həmin müşavirədə prezident “ehtiyac və tələbatı nəzərə alıb” fermerlərə kredit verən İqtisadi İnkişaf Nazirliyini tərifləmişdi.

“Yeni Müsavat”ə bilgiləndirən mənbənin sözlərinə görə, məşhur müşavirədə prezidentin İsmət Abbasovun rəhbərlik etdiyi nazirliyin ünvanına kəskin ifadələr işlətməsi fonunda Şahin Mustafayevin rəhbərlik etdiyi qurumu tərifləməsi bu iki nazirə qarşı siyasi rəhbərliyin fərqli münasibətini ortaya qoyur. Bu, birinciyə qarşı etimadsızlığın, ikinciyə qarşı isə yüksək etimadın təzahürüdür. Ona görə də İ.Abbasovun rəhbərlik etdiyi nazirliyin ləğv edilərək İİN-ə birləşdirilməsi təəccüblü görünməməlidir.

Onu da xatırladaq ki, İsmət Abbasovun şərabçılıq emalı sektoruna və Taxıl Fonduna nəzarət uğrunda fövqəladə hallar naziri Kəmaləddin Heydərovla, aqrar sektora ayrılan vəsaitlərin bölüşdürülməsi ilə bağlı maliyyə naziri Samir Şərifovla ciddi konfliktləri var. İkinci hətta fermerlərə ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi ilə bağlı yoxlamalar aparmış, yoxlamanın nəticələrini Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim etmişdi. Bu barədə Maliyyə Nazirliyinin mətbuata rəsmi açıqlaması da olmuşdu. Ancaq son məlumatlar onu göstərir ki, İ.Abbasovla rəqabət aparan qrupların heç biri “yağlı tikə”dən pay qopara bilməyəcək - KTN bu rəqabətdə iştirak etməyən Ş.Mustafayevin idarəetməsinə veriləcək.