BolgeXeber.Com » Analitika » Xalq ,onun prezidenti və sıravi əsgər Şveyk

Xalq ,onun prezidenti və sıravi əsgər Şveyk

8-06-2013, 15:00
Oxunub: 5 304 Açılışlar, kəsilən qırmızı lentlər, onların pərdəarxası, görünməyən məqamları və prezident xalqa nə qədər yaxındır

Bu yaxınlarda bir qohumum mənimlə söhbət zamanı məlum oldu ki, o bir müddət əvvəl Bakının 189 nömrəli orta məktəbində fəhlə kimi işləyərkən təhlükəsizlik xidmətlərinin adamları qəfildən bütün işçiləri bir otağa yığıb qapını da arxadan bağlayıblar. Bu vəziyyətdə onlar düz 2 saata yaxın boş otaqda, məktəbin artıq təmir olunmuş hissəsinə baxmağa gələn prezident İlham Əliyev gedənəcən “əsirlikdə “qalıblar.

Qapının arxasında və pəncərənin önündə isə mülki geyimdə xeyli sayda mühafizəçilər, 9-cu bölmənin əməkdaşları və itlər keşik çəkib. Binəva fəhlələrin salındığı yer birinci mərtəbədə yerləşdiyindən və pəncərəsi məktəbin qabağına baxdığından təbii ki, onlar maraqdan boylanıb öz prezidentlərinin gəlişinə tamaşa etməyə çalışıblar. Lakin bu, ağasına baxmaq istəyən rəiyyətə “qismət olmayıb”. Mülki və kostyumda olan, boy-buxunundan şkafa oxşayan şəxs onların üstünə qışqırıb ki, ”girin içəri”. Bir-iki dəfə bunu deyəndən və göstərişinin müsbət effekt verməməsini görəndən sonra onlara konkret olaraq xəbərdarlıq edib ki, ”axırıncı dəfə deyirəm, əgər pəncərədən aralanmasaz gülləni vuracam alnınızın ortasına”. Təbii ki, axırıncı məsləhət effekt verib.

Günü 14 manata işləyən və onu da vaxtı-vaxtında ala bilməyən fəhlələr qorxduqlarından bir-birlərinin “boyunlarından” düşüblər və pəncərədən aralaşıblar. Toyuq hininə itələnib salınan toyuqların halını xatırladan müvəqqəti həbs olunanlardan biri ürək eləyib mühafizəçiyə atmaca ataraq ondan soruşub ki, ”prezident gələndə soruşmayacaq ki, bəs buranı tikən fəhlələr hanı?!” Əvəzində gözünə dönmədiyim mühafizəçi, ya da bölmə işçisi (bu məlum deyil) çox düşünmədən ironiya ilə deyib ki, ”Siz onun nəyinə lazımsız?! Ona təmir edilən bu bina lazımdır”.

Əslində bu acı da olsa, o düz deyir. Bu iqtidarı canlı vətəndaşalar yox, cansız körpülər, göydələnlər, fontanlar, yollar maraqlandırır. İqtidarın xalqa əsl münasibəti elə budur-onları lazımsız həşarat sayaraq otağa salıb arxadan qapını bağlamaqdır və bu baxımdan burada təəcüblü bir şey yoxdur. Yaxşı, maraqlıdır, bəs görəsən bu 10-15 adamın arasında kiminsə birdən ayaqyoluna getməsinə ehtiyacı olaradı ki, təbii ehtiyacını ödəmək istəyərdi və ya qəfildən sancısı tutsa idi nə olardı?! Onda belə çıxır ki, həmin insan,-əgər iqtidarın öz vətəndaşına belə münasibəti onun insan adlanmasına əsas verirsə,- şalvarına bulaşdırmalı, ağrıdan qıvrılıb elə oradaca ölməlidir. Hər halda bizim iqtidarın fikrincə 9 milyondan birinin ölməsi ilə heç bir faciə olan deyil.

Maraqlıdır ki, qohumuma sonra aydın olub ki,deməmişkən onunla bir yerdə və fəhlə paltarında olunanlardan biri sadəcə “maskirovka” olunan-qiyafəsini dəyişmiş təhlükəsizlik xidmətinin əməkdaşı imiş. Yeri gəlmişkən qohum deyir ki, həmin günü tezbazar işçilərin hamısına təzə, onların bəlkə də ömründə görmədikləri keyfiyyətli fəhlə paltarı paylayıblar ki, onu da prezident gedən kimi tutub əllərindən geri alıblar.

Bundan başqa prezidentin gəlişi ilə dəhşətli dərəcədə sərt təhlükəsizlik tədbirləri görülmüşdür. Məktəbin lap yaxınlığında olan evlərin həyətlərində olan şəxsi maşınlar sahiblərinə xəbərdarlıq edilmədən 2 dəqiqəyə oradan evakuatorlarla götürülüblər. Hətta yaxınlıqdakı binada eyvanların birində pəncərədə köhnə, açıq şkaf olub və həmin evin sahibi evdə olmamasına baxmayaraq şkafı şübhəli bilib kranla eyvandan götürüblər. Daha başqa tədbirləri demirəm.

Əlbəttə birinci-ölkəni idarə edən şəxslə bağlı təhlükəsizlik tədbirlərinin görülməsi təbiidir, başadüşüləndir. Ancaq heç bir halda bu insan haqlarının bu dərəcədə pozulması hesabına görülməməlidir. Mən inanmıram ki, hətta dünyada daha vacib, əhəmiyyətli olan prezident-Obama və ya hansısa Avropa ölkəsinin prezidentinin öz ölkəsində harasa getməsi zamanı insanların hüququ bizdəki qədər məhdudlaşdırılar. Əgər prezident də adi adam olsa idi (əslində və qanunla da o adi adamdır və o vətəndaşa qul kimi baxmamalı, əksinə millətinin qulu olmalı, ona xidmət etməlidir ) və danışdığım fəhlələr kimi otağa salınsa idi mən inanmıram ki, bu onun xoşuna gələrdi.

Bundan başqa əgər iqtidar, dediyi kimi xalqa yaxındırsa bəs niyə o prezident, icra başçıları, nazirlər və sairə məmurlar niyə xalqdan bu qədər qorunur və ehtiyat edir?! Əgər o xalqın seçdiyi, sevdiyi, etibar etdiyi prezidentdirsə və bu xalq da onu istəyirsə, onu düşmən bilmirsə bəs niyə o xalqdan 100 qat müdafiə sistemi ilə qorunur? Belə çıxır o öz xalqına, vətəndaşlara etibar etmir, onu dost bilmir və buna görə də yalnız hazırlanmış, yaltaqlıqla proqlamlaşdırılmış adamların yanında danışır.

P.S. Bu real fakta əsaslanan mövzu mənim xoşuma o qədər gəldi ki, yazıdan sonra inşaallah bir gülməli yumor da yazmaq fikrinə düşmüşəm. Ki, baş qəhramanı da çox güman çox sevdiyim bədii personaj Şveykə oxşayacaq. Süjeti də belədir: prezident gələn zaman onu həmin binada qarınağı tutur və o ayaqyoluna çatmağa can atır, lakin bu missiyanı həyata keçirmək istərkən axırda killer bilinib yaxalanır…
İmran Kərimli