BolgeXeber.Com » Analitika » Rövnəq Abdullayevin Ermənistana qaz təklifinin gizlin tərəfləri

Rövnəq Abdullayevin Ermənistana qaz təklifinin gizlin tərəfləri

9-06-2013, 12:55
Oxunub: 4 073 Azərbaycan Ermənistana qaz verə bilər. Bu barədə Azəbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev verdiyi müsahibəsində bildirib. O qeyd edib ki, Azərbaycan humanist ölkədir və regionda aparıcı dövlət kimi öz məsuliyyətini dərk edir. Ermənistan qazla bağlı bizə müraciət etsə, sözsüz ki, biz onlara yardımçı olarıq.
Xatırladaq ki, bu gün Azərbaycan Gürcüstana qazın min kub metrini 230 dollara satır. Ermənistan isə Rusiyadan qazın min kubmetrini 315 dollara alırdı.
Ermənilərlə hər hansı əlaqəsi olan şəxsləri topa tutan, müxalifəti ermənipərəst mövqedən çıxış etməkdə ittiham edən hakimiyyətin bu addımı heç bir halda anlaşılan deyil. Doğrudur, rəsmilər bunu müxtəlif şəkildə izah etməyə çalışacaq. Ermənistanın Qarabağ məsələsində güzəştə gedəcəyi təqdirdə bu ölkəyə qaz verilməsinin mümkünlüyündən danışacaq. Artıq ARDNŞ prezidentinin açıqlamasına bəraət qazandıranlar da tapılıb.
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bildirib ki, “kömək edə bilər” ifadəsi zaman anlayışı kimi qrammatikada bir şərt formasıdır. Şərt forması da o deməkdir ki, müəyyən şərtlərlə biz onlara kömək edə bilərik. Ancaq Rövnəq Abdullayevin açıqlamasında bu məsələyə, ümumiyyətlə, işarə vurulmur. ARDNŞ prezidenti Azərbaycanın humanist ölkə olduğunu deyərək müraciət olacağı təqdirdə düşmən ölkəyə yardımçı ola biləcəklərini açıq şəkildə bildirib.
Onun bu açıqlaması birmənalı qarşılanmayıb və dərhal bununla bağlı kəskin reaksiyalar gəlib.
Deputat Vahid Əhmədov ARDNŞ prezidentinə etiraz edib. modern.az-a açıqlamasında deputat bildirib ki, Azərbaycan Ermənistanı qazla o zaman təmin edə bilər ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etsin. Nə qədər ki, torpaqlar işğal altındadır, belə bir şey mümkünsüzdür.
"Rövnəq Abdullayev özbaşına belə bəyanat verə bilməz"
Politoloq Vəfa Quluzadə hesab edir ki, Rövnəq Abdullayev özbaşına belə bəyanat verə bilməz. Əgər o belə bəyanat veribsə, deməli, bu, ölkə rəhbərliyin mövqeyidir. Çünki onun öz təşəbbüsüylə belə mövqe sərgiləməsi mümkün deyil. Amma bunun arxasında nələrin dayandığını demək çətindir: “Burda dəqiq bilmək lazımdır ki, bu nə məsələdir, burda Qərbin, Rusiyanın rolu nədi. Bunu bilmədən qiymət vermək çox çətindir”.
"Ermənilərə qaz satmaq Azərbaycan dövlətçiliyini təhqir etməkdir"
AXCP sədrinin müavini Nurəddin Məmmədli isə Azərbaycanın çoxdandır Bakıdan idarə olunmadığını deyir. Hakimiyyət bir tərəfdən bütün dünyaya sübut etməyə çalışır ki, torpaqlar işğal olunduğundan Ermənistanı bütün layihələrdən kənarda qoyur. Digər tərəfdən hakimiyyətə bir balaca problem yarananda bütün təklifləri qəbul eləmək məcburiyyətində qaldığını nümayiş etdirir. Bu da xarici siyasətdə hakimiyyəti uzatmaq motivasiyasının əsas götürüldüyünü təsdiqləyir.
N.Məmmədli digər tərəfdən bu cür rejimlərdə müqəddəs heç nəyin olmadığını qeyd etdi. Bu hakimiyyətin nə xalq sevgisi var, nə xalq qarşısında hər hansı öhdəlikləri var: “Bunlar yalnız öz hakimiyyətləri üçün çalışırlar. Ona görə də bunun üçün vacib olan addımların hamısını atırlar. Təbii ki, Azərbaycan xalqı bu vəziyyətlə barışmamalıdır. Torpağın 20 faizi işğal olunub. Özlərinin hesablamalarına görə, Azərbaycana 300 mlrd dollar civarında ziyan vurulub. Bütün bunlardan sonra ermənilərə qaz satmaq Azərbaycan dövlətçiliyini təhqir etməkdir. Azərbaycan xalqına hörmətsizliyin ifadəsidir. Bununla qətiyyən barışmaq olmaz”.
"Bu, diplomatik bir açıqlamadır"
Hakimiyyətə yaxın Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı isə ARDNŞ prezidentinin bəyanatını diplomatik gediş adlandırdı. F.Ağamalının sözlərinə görə, bu açıqlamanı Ermənistana qaz satılır kimi başa düşmək lazım deyil: “Bu, diplomatik xarakter daşıyan bir açıqlamadır. Azərbaycan sülhsevər, humanist bir dövlət kimi mahiyyətini ortaya qoyur və beynəlxalq aləmə, dünyanın aparıcı dövlətlərinə, Qarabağ probleminin həllini öz üzərinə götürən dövlətlərə bir daha Qafqazda sülh və təhlükəsizliyin bərqərar olunmasında maraqlı olduğunu göstərir. Bu bəyanatı belə başa düşmək lazımdır. Yoxsa Rövnəq Abdullayevin ”biz Ermənistana qaz veririk" deməsini sözün hərfi mənasında anlamaq düzgün olmaz. Ancaq bütün bunlar Rövnəq Abdullayevin dilindən deyilən söz deyil. O, ARDNŞ-nin prezidentidir. Şərti o qoymur. Sadəcə olaraq o bu təsərrüfatın rəhbəri kimi fikrini ifadə edir. Bu fikri ifadə etmək Ermənistana qaz verilməsi kimi başa düşülməli deyil. Bu, diplomatik bir açıqlamadır".
Bolgexeber.com