BolgeXeber.Com » Analitika » Sumqayıt Dövlət Universitetində “pul yığımı sezonu” başlayıb

Sumqayıt Dövlət Universitetində “pul yığımı sezonu” başlayıb

12-06-2013, 12:35
Oxunub: 5 779 Sumqayıt Dövlət Universitetində (SDU) yer almış çox saylı neqativ hallara dair aldığımız məlumatlar əsasında hazırladığımız ötən materiallrda qeyd olunmuşdu ki, bu ali təhsil müəssisəsinin rektoru Nadir Qəhrəmanov bir vaxtlar, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevlə də qeyri-qanuni tələbə transferləri üzrə sıx əməkdaşlıq edirmiş. Bu əməkdaşlığın əsasında isə N.Qəhrəmanovun Eldəniz Abdullayevlə (Elşad Abdullayevin qardaşı) olan dostluq əlaqələri dururmuş. Bu məqamı yenidən xatırlatmaqda məqsədimiz, həmin materialın dərcindən sonra aldığımız məlumatlarda da irəli sürülən ittihamlara əlavə dəlillərin təqdim olunduğunu bildirməkdir. Məlum olduğu kimi bu gün SDU gedən proseslər ölkə ictimaiyyəti tərəfindən diqqət və maraqla izlənilir. Bu marağın əsasında isə N.Qəhrəmanovun rəhbərlik etdiyi universitetdə özünün yaratdığı son dərəcə mürəkkəb və qarışıq vəziyyətdən elə özünün də necə çıxa biləcəyini görmək istəyi durur. Qeyd edək ki, diqqətimizin SDU-ya yönəlməsinə səbəb olmuş ilk məlumatlar redaksiyamıza hələ ötən ilin əvvəllərində, daha dəqiq desək yanvar ayının son günlərində daxil olmuşdu. Məhz həmin məlumatlarda belə bir iddia irəli sürülmüşdü ki, Sumqayıt Dövlət Universiteti tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə bir çox paytaxt universitetlərini belə kölgədə qoyub. Müxtəlif instansiyalara müraciət edən tələbələr bəzi hallarda rüşvət alan müəllimlərin konkret adlarını açıqlamasalar da onların kimliyini müəyyənləşdirməyin heç də çətin olmadığını da vurğulayırdılar. Lakin sonrakı məlumatlarda artıq heç bir qeyri-müəyyənliyə yer qoyulmamışdı. Mənbələr israrla bildirirdilər ki, pul yığımlarının təşkili və bu prosesə nəzarət əsasən iki şəxsə-universitetin elmi işlər üzrə prorektoru Yadigar Hüseynova və qiyabi təhsil üzrə prorektor Qafar Ramazanova həvalə olunmuşdur. Daha sonra aldığımız məlumatlardan isə həmçinin belə qənaətə də gəlmək olurdu ki, bu qaydaya SDU-nun digər əməkdaşları tərəfindən heç də həmişə dürüst əməl olunmur. Belə ki, bəzi fakültələrin dekanları riskə gedərək tələb olunan rüşvəti bir başa özləri aldıqlarına görə, məbləği də özləri təyin edirlər.


Mövzuya dair dərc olunmuş son materialda biz qeyd etmişdik ki, aldığımız məlumatlarda Təhsil naziri Mikayıl Cabbarovun SDU-da korrupsiya ilə mübarizə idarəsi tərəfindən təftiş aparılması barədə təklif irəli sürmək niyyətində olduğu bildirilir. Öz növbəsində Nadir Qəhrəmanov isə, bu yoxlamadan yaxasını qurtarmaq üçün öz ərizəsi ilə tutduğu vəzifədən azad olunmaq istəyir. Lakin fərqli mənbələr rektorun öz postu ilə belə asan vidalaşa biləcəyi variantını qəti rədd edirlər. Əksinə, onların rəyinə görə N.Qəhrəmanov nazirliyin təpgilərinə sinə gərmək məqsədilə artıq bütün imkan və vasitələrini səfərbər etmək üzrədir. Bu “vasitələrin” ən təsirlisi kimi isə rektorun Prezident Administrasiyasında çalışan bir qohumu göstərilir. Mənbə bildirir ki, Tahirov soyadlı bu qohumunun himayəsinə güvənən N.Qəhrəmanov Təhsil naziri Mikayıl Cabbarovun ona “gücü yetməyəcəyinə” tam əmindir. Bu arada bir daha qeyd etmək lazımdır ki, SDU-nun rektoru özü də qohumlarla münasibətində əksər hallarda hədsiz “səxavəti” ilə seçilir. Amma onun bu səxavəti də rəhbərlik etdiyi universitetin resursları hesabına təmin olunur. Belə ki, bu gün də Sumqayıt Dövlət Universitetində həyata keçirilən “qohumbazlıq siyasəti”nin nəticəsi olaraq universitetin ştat siyahısı “ölü canlarla” xeyli zəngindir. Məlumatlarda bildirilir ki, Nadir Qəhrəmanov universitetə rektor təyin edildikdən sonra ilk olaraq qardaşı Rəşid Qəhrəmanovu “Ümumi Kimya” kafedrasına müdir təyin etmişdi. Növbəti təyinat isə universitetdə ümumiyyətlə böyük təəccüb və anlaşılmazlıqla qarşılanmışdı. Belə ki, rektor orta məktəbdə riyaziyyat müəllimi işləyən Polad adlı daha bir qohumunu universitetin “Riyaziyyat” kafedrasına müdir təyin etmişdi. Rektorun gəlini A.İsmayılzadənin adı SDU-da dosent kimi getsə də, əslində o, Bakıda yerləşən modalar evinə rəhbərlik edir. Həmçinin N.Qəhrəmanovun oğlu, qızı və kürəkəni də SDU-da çalışırlar və həm də onlar universitetə testdən kənar üsullarla qəbul ediliblər. İndi isə görünür qohumlarının Nadir müəllimə “yardım əlini” uzatmalarının vaxtıdır. Təəssüf ki, bu əlin SDU-nun rektorunu düşdüyü korrupsiya bataqlığından çəkib çıxarmaq üçün kifayət qədər güclü olub-olmadığı barədə hələlik heç bir fikir yürüdə bilmərik...
bizimdovr