BolgeXeber.Com » Analitika » Bakı apteklərində dərman adı ilə açıq narkotik həb satışı - ŞOK

Bakı apteklərində dərman adı ilə açıq narkotik həb satışı - ŞOK

13-06-2013, 08:20
Oxunub: 5 954 İran və ABŞ istehsalı olan dərmanla gəncləri zəhərləyirlər

Bakının bir çox apteklərində qanunsuz narkotik həblər satılır.
Bu barədə daxil olan məlumatda bildirilir ki, paytaxtda həkimlərin möhürsüz resepti olmadan satılması qadağan olunan “Tramadol” adlı narkotik tərkibli həblər satılır.
İlk öncə adı çəkilən preparat barədə qısa arayış verək ki, məsələnin nə dərəcədə ciddi olduğu aydınlaşsın. “Tramadol” və ya “Tramal” güclü ağrıkəsicidir. Bu həb narkotik vasitə hesab olunur və uyuşdurucu təsiri var. İstifadə zamanı süstlük yaradır, istifadəçidə reallıq hiss itir, hərəkətlərində keyimə müşahidə edilir, hadisələrə reaksiyası öləziyir.

Həmçinin, dərman uzun müddət istifadə edən şəxslərdə psixi və fiziki qüsurlar yaradır. İnternetdə dərmanla bağlı bildirilir ki, bu həb bədxassəli şişdən əziyyət çəkən xəstələrin ağrılarının azalması üçün tövsiyə olunur. Dərmanın reseptsiz satışı qanunla birmənalı şəkildə qadağandır. Çünki narkotik vasitələrə aid bu preparat dozadan azca artıq istifadə edildikdə nəşələndirici təsir göstərir. Dövlət xəstəxanalarında bu həb ağır xəstələrə pulsuz verilir.

Onu da qeyd edək ki, "Tramadol" asılılıq yaradan narkotik vasitə kimi Ukrayna və Belarusda qadağan edilib.
İndi isə bu qədər təhlükəli dərmanın Bakının apteklərində açıq satışı və gənclər arasında yayılması barədə.
Bu barədə redaksiyamıza daxil olan məlumatdan sonra informasiyanın səhihliyini yoxlamaq üçün qeyd olunan həblərin reseptsiz satıldığı bildirilən apteklərə baş çəkdik.

Qeyd edək ki, hazırda Bakıda satılan “Tramadol” həbləri ABŞ və İran istehsalı olmaqla iki qrupa bölünür. Gənclər arasında istifadəsi ən çox yayılan isə İran istehsalı olan həblərdir. Bildirilir ki, bir tabletkası (hər tabletkada 10 ədəd) 4 manat olan bu dərmanlardan ABŞ istehsalı olanların təsir gücü çox aşağıdır. Məlumata görə, ABŞ istehsalı olan həblərin 10 ədədinin verdiyi təsiri İran istehsalı olan həblərin 2-3-ü verə bilir. Həblərdən istifadə edən bir şəxsdən öyrəndiyimizə görə, İran istehsalı olan bir həb öz təsirini 3-4 saat saxlayır.

Əsasən, narkotik asılılığı olan şəxslərin ağrılarını azaltmaq üçün istifadə etdiyi “Tramadol” həbləri ucuz olduğu üçün Bakıda gənclər arasında da kütləvi surətdə yayılıb. Elə “Tramadol” almaq üçün baş çəkdiyimiz aptekdə də bunu aydın şəkildə müşahidə etdik. İlk öncə yaxınlaşdığımız Heydər Əliyev Sarayının yaxınlığındakı aptekdə bizdən başqa ən azı 7-8 gənc var bizimlə eyni həbdən almaq istəyirdi. Satıcıya yaxınlaşıb, “Tramadol” almaq istədiyimi bildirdikdə xanım əczaçı heç bir resept istəmədən istədiyim dərmanı mənə təqdim etdi. Əvəzində isə 4 manat pul istədi. Satıcının sözlərinə görə, dərmana tələbat həddən artıq yüksəkdir. Şəhərin bir çox yerlərindən ora məhz bu tabletkanı almaq üçün gəlirlər.

“Tramadol” almaq üçün üz tutduğumuz başqa bir aptek isə “Əhmədli” metrostansiyası yaxınlığında yerləşirdi. Bu aptekdəki gənclər isə şəhərin mərkəzində gördüyümüzdən daha çox idi. Bu isə “Əhmədli”də narkotik vasitələrdən istifadə hallarının daha çox yayılması ilə bağlıdır. Burada da heç bir reseptsiz istədiyimiz dərmanı təqdim etdilər. Aptekdən metrostansiyanın girişinə qədər apardığımız müşahidə isə məsələnin nə qədər kritik olduğunu ortaya qoyurdu. Belə ki, təxminən 500-600 metrlik yol boyu asfaltın üstündə yüzlərlə boş “Tramadol” qutuları görünürdü.
Məsələ ilə bağlı münasibətiniz öyrəndiyimiz Narkoloji Dispanserin həkimi Yaşar Bədəlli AzNews.az-a bildirdi ki, “Tramadol” psixotrop maddələr siyahısından çıxarılsa da, bu dərman hər bir halda reseptlə satılmalıdır. Həkimin sözlərinə görə, yüksək ağrıkəsici effektinə malik olan bu həbləri onlar xəstəxanalarında qeydiyyatda olan xəstələrə yazırlar:

“Ancaq mən bu dərmanı kimin necə - reseptli və ya reseptsiz satması barədə bir söz deyə bilmərəm. Hər bir halda bütün dərmanlar reseptlə satılmalıdır”.

Onu da bildirək ki, bir müddət öncə paytaxt apteklərində narkotik təsirə malik olan “Lirika” adlı həblər də açıq satışda idi. Lakin sonradan bu həblər yığışdırıldı. Göründüyü kimi, həmin həblərin yerini apteklərdə “Tramadol” həbləri alıb və işbazlar bu dərmanlar vasitəsilə gənclərimizin həyatını qaraltmağa davam edirlər.