BolgeXeber.Com » Analitika » Məhbuslara işgəncə verən vəzifəli şəxsləri hamı tanıyacaq

Məhbuslara işgəncə verən vəzifəli şəxsləri hamı tanıyacaq

25-06-2013, 11:35
Oxunub: 4 762 "Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı “Həbs yerlərində saxlanma şəraiti və məhbusların hüquqları ilə bağlı mövcud vəziyyətə dair” hesabat hazırlayıb.
Alyansın rəhbəri Oqtay Gülalıyev “media forum” saytına deyib ki, Bakı və regionlardakı istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində vəziyyət öyrənilib və qiymətləndirilib, həbs yerlərindəki real vəziyyətin monitorinqi əsas götürülüb.
Hüquq müdafiəçisinin sözlərinə görə, hesabatın hazırlanmasında çətinlik yaradan məqamlar olub: “Dəfələrlə cəhd edilsə də, hesabat müəllifləri həbs yerlərinə buraxılmayıb. Hesabatın daha da dolğun, əhatəli və obyektiv alınması üçün bir sıra məsələlərin aydınlaşması, statistik rəqəmlərin dəqiqləşdirilməsi mümkün olmayıb. Çünki bu məlumatların bir çoxu informasiya sahibi kimi Penitensiar Xidmətə məxsusdur.
Bir sıra məqamların dəqiqləşdirilməsi və suallara aydınlıq gətirilməsi üçün Penitensiar Xidmətə “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə uyğun şəkildə rəsmi sorğu ilə müraciət edilsə də, qurum qanunvericiliyin tələblərini pozaraq sorğunu cavablandırmaqdan boyun qaçırıb. Sorğuya cavab alınması üçün məhkəməyə müraciət olunub.
Hesabatda diqqət çəkən məqamlardan biri məhbuslara işgəncə verən vəzifəli şəxslərin - Daxili İşlər və Ədliyyə nazirlikləri əməkdaşlarının adlarını özündə ehtiva edən siyahının əks olunmasıdır.
Digər məqamlar isə həbs yerlərində hökm sürən qanunsuzluqlar, korrupsiya faktları, məhbuslar arasında ayrı-seçkilik və işgəncə halları, eləcə də Azərbaycandakı analoji durumun Avropa ölkələri həbsxanalarındakı vəziyyətlə müqayisəli təhlilidir.
Sənəddə həmçinin həbs yerlərində saxlanma şəraiti ilə bağlı real durum, məhbuslara göstərilən tibbi və sosial xidmətlər, onların ərzaq və qida təminatında olan problemlər araşdırılıb”.
Hesabat iyunun 27-də təqdim olunacaq.