BolgeXeber.Com » Analitika » Şəmkir rayon icra hakimiyyətində şəmkirliləri aldadıblar

Şəmkir rayon icra hakimiyyətində şəmkirliləri aldadıblar

25-06-2013, 11:55
Oxunub: 5 050 Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veyisovdan ciddi narazılıq var.

Veyisovdan xeyli sayda rayon sakini şikayətçidir və onlar hazırda üzləşdikləri haqsızlıqla bağlı bir çox məhkəmə instansiyalarına üz tutmaq məcburiyyətində qalıblar? Bəs yaranmış bu vəziyyətə səbəb nədir?

Məsələ burasındadır ki, üç il əvvəl - 2008-ci ilin iyun ayında Şəmkir çayı üzərində su anbarının yaradılmasını və kiçik su elektrik stansiyasının tikintisinə başlanılması böyük sevinclə qarşılanmışdı. Bu dəryaçanın yaradılması qərb bölgəsində indiyədək su üzü görməyən 75 min hektar sahənin əkilib-becərilməsinə, Şəmkir və Gəncə şəhərlərinin içməli su probleminin həllinə yönəlmişdi.

Su anbarının tikintisi zamanı ərazidə yaşayan kənd sakinlərinin torpaq sahələri də plana düşmüşdü. Belə ki, su anbarının tikintisinə az qalmış dəryaçanın su tutum ərazisi, eləcə də layihədə inşası nəzərdə tutulan 61 kilometr uzunluğunda kanalların torpaqaltı hissələrinə görə kompensasiya olaraq Maliyyə Nazirliyi tərəfindən 8 milyon manat ayrılmışdı.

Layihə keçən ərazilərin sakinlərinin adbaad siyahısı Şəmkir rayon İcra Hakimiyyətinə verilib. Layihə siyahısına düşmüş Şəmkir rayonu Mehirli, Nərimanlı, Yuxarı Seyfəli və Təhlə kəndlərinin sakinlərinə Azərbaycan Respublikasının dövlət ehtiyacları üçün qanunda nəzərdə tutulmuş ödəmə miqdarları gizlədilib və nəticədə onlara verilməli olan milyonlarla manat vəsait mənimsənilib. Hazırda Gəncə və Bakı İnzibati İqtisad Məhkəmələrində Şəmkir rayon İcra Hakimiyyətinin cavabdeh qismində məhkəmə prosesi gedir. İddiaçılardan Ələkbərov Namaz Tapdıq oğluna məxsus 24 sot torpaq sahəsinə görə Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən 1466 azn verilsə də, sonradan auditor qiymətləndirməsi ilə məlum olub ki, Azərbaycan Respublikasının dövlət ehtiyacları üçün qanuna əsasən 97500 azn verilməlidir. Halbuki Maliyyə Nazirliyi də həmin auditor qiyməti ilə hər sota görə vətəndaşın pul miqdarını büdcədən ayırıb.

Eyni aqibətlə üzləşənlərdən biri də Qarayev Şöhrət Davud oğludur. Ona da 30 ha sahəyə görə 450 min mant verilib, 250 min manatı isə mənimsənilib. Mehirli kəndindən Abbasov ibrahim Tapdıq oğlu, Yaqubov Gülmalı Əkbər oğlu, Abbasov Kamandar Tapdıq oğlu və Həsənova Nəzifə Aydın qızı da daxil olmaqla ümumilikdə bu vətəndaşlara kompensasiya kimi torpaq sahələrinin plana düşməsinə görə verilməli olan 162200 azn miqdarında vəsaitin mənimsənilməsi Gəncə İnzibati İqtisad Məhkəməsi tərəfindən üzə çıxıb və qaldırılmış iddialar təmin edilib.

Hazırda Şəmkir rayonunda torpaq sahələri layihəyə düşmüş 200 nəfər şəxsin cəmi 6 milyon manat vəsaitinin mənimsənilməsi ilə bağlı proses Bakı 1 saylı İnzibati İqtisad Məhkəməsində davam edir. Şəmkir sakinləri Maliyyə Nazirliyi tərəfindən ayrılmış milyonlarla vəsaitin mənimsənilməsində Şəmkirin icra başçısı Nazim Veyisov ittiham edilir.

Bu ittihama qarşı tərəfin münasibətini öyrənmək mümkün olmasa da, görünən odur ki, həqiqətən 6 milyon manatlıq dövlət vəsaiti üzərində ciddi korrupsiya şübhələri var. Əks halda Maliyyə Nazirliyi sakinləri razı salacaq məbləğləri ayırdığı halda, Şəmkirdə çoxsaylı vətəndaşın haqqını məhkəmələrdə aramaq məcburiyyətində qalmasının səbəbi nə ola bilər, görəsən?

Onu da unutmayaq ki, bu il Azərbaycanda seçki ilidir və hökumət yerli rəhbərlərin vətəndaşlara qarşı münasibətinə xüsusi həssaslıqla yanaşır. Amma belə məlum olur ki, hələ də bəzi rayonlarda yerli məmurlar sakinləri incitməkdən, onları hökumətdən narazı salmaqdan əl çəkmək niyyətində deyillər. Halbuki bu cür məmurlara qarşı ölkə rəhbərliyi sərt cəza tədbirlərinə əl atılacağını açıq şəkildə bəyan edib. Elə isə görəsən, yerli rəhbər şəxsləri hələ də vətəndaşları incitməkdən əl çəkməməyə nə həvəsləndirir və cəsarətləndirir?
Bu sualın cavabını yaxşı olardı ki, elə onların özləri versinlər.